Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Neftçi" iki tanış sima ilə heyətini gücləndirdi.
Son illər "Sumqayıt"ın dəyişməz üzvlərinə çevrilən Elvin Bədəlov və Murad Xaçayev qarşıdakı iki ili "Ağ qaralar"ın uğurları üçün mübarizə aparacaq.
Böyük ehtimal Samir Abasov sabiq yetirmələrini yerli statusunda yaranan boşluğu doldurmaq üçün onların keçidinə razılıq verib. Həm Bədəlov, həm də Xaçayev kifayət qədər təcrübəli və sabit karyerası olan müdafiəçilərdi. Ölkə çapında üzdə olan adlardı.
Amma nədənsə ikilinin keçidi azarkeşlər tərəfindən birmənalı qarşılanmadı.
Kütləvi narazılıq, etiraz yaşanadı. Klubun rəsmi hesablarına gələn şərhlər bele düşünməyə əsas verir:
"Deyəsən, "Neftçi" yenə 5-6-cı pillələr uğurunda mübarizə aparacaq".
"Bunlarla irəli getmək olmaz".
"Deməyə söz tapmıram".
"Deməli, bu il də "Neftçi"dən əlimizi üzək".
"Xeyirli-uğurlu olsun".
"Bu nə biabırçılıqdır?".
"Gələn gedənə rəhmət oxutdurur".
"Ümid edək ki, bizə köməyi dəyəcək".
Çox sayda neqativ rəylərin arasında azarkeşləri səbrli olmağa dəvət edən "Heç oyuna çıxmadan dedi-qodular başlayıb. Xoş gəldin deyək" tərzində şərhləri də gördüyümüzü qeyd edə bilərik.
XANOĞLAN / SPORTİNFO.AZ