Xəbər verdiyimiz kimi, İsmayıl Zülfüqarlı karyerasını I Liqada davam etdirəcək.
“Neftçi”dən ayrılan müdafiəçi liqaya yeni vəsiqə qazanan “Şəfa” ilə anlaşıb.
Tərəflər arasındakı müqavilə 2 illik nəzərdə tutulub.
Aşağı dəstə təmsilçisi bu transfer üçün “ağ-qaralar”a təzminat ödəyibmi?
Xeyr.
Samir Abasovun planlarına daxil olmayan futbolçu daha çox oynamaq istədiyini bildirərək, ona başqa kluba keçmək üçün şərait yaradılmasını xahiş edib. Rəhbərlik İsmayılın arzusunu gözündə qoymayıb.
Ötən mövsüm icarə əsasında Premyer Liqada “Turan Tovuz”un uğurları üçün tə tökmüş İsmayıl “Şəfa”nı boşuna seçməyib.
Təbii ki, mütəmadi oynamaq şansı ilə yanaşı, işin maliyyə tərəfi də önəm daşıyıb. 24 yaşlı futbolçu yeni klubunda “Neftçi”də aldığı aylıq maaşın eynisini qazanacaq – 6 min manat.
İsmayıl “Neftçi”də 18 yaşında Roberto Bordinin baş məşqçi olduğu dönəmdə debüt edib.
O, ağ-qara formada meydana çıxdığı 67 oyunda 4 qol vurub, 7 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ