İran çempionatının son qalibi "Traktor" klubu heyətini iranlı müdafiəçi Sadıq Məhərrəmi ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. Transfer baş məşqçi Draqan Skoçiçin istəyi ilə reallaşıb.
Peşəkar karyerasına “Malavan Bəndər Ənzəli” klubunda başlayan Məhərrəmi daha sonra Tehranın “Perspolis” komandasında çıxış edib. Paytaxt təmsilçisindəki iki mövsümlük uğurlu performansından sonra Avropaya yollanan futbolçu Xorvatiyanın aparıcı klublarından “Dinamo Zaqreb”ə transfer olunub.
Sadıq Məhərrəmi “Dinamo Zaqreb”də altı il ərzində 140-dan çox oyuna çıxıb və bu müddətdə bir neçə dəfə Xorvatiya çempionatının qalibi olub. O, həmçinin UEFA Çempionlar Liqası və Avropa Liqasında da təcrübə qazanıb. Karyerası ərzində qısa müddət “Lokomotiva Zaqreb”də icarə əsasında çıxış edib.
Mərkəz müdafiəçisi İran milli komandasında 32 oyun keçirib və 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında iştirak edib.