AZ

“Çanaqqala”da başlayan tanışlıq – “Oturduğumuz 10 dəqiqə deyildi, sağollaşıb getdi”

Nuqzar Kvirtiya – stajlı futbolsevərlər onu futbolçu kimi tanıyır.

İndiki gənclərə isə bloger olaraq tanışdır.

Əslən Gürcestandan olan Nuqzar uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb, futbolun sirlərinə burada yiyələnib.

Karyerasının unudulmaz illəri isə tarixin yaddaşına qovuşan AZAL klubu ilə bağlıdır.

2011-ci ildə Azərbaycan vətəndaşı olan İnna adlı xanımla evlənən Kvirtiya həyatının qalan hissəsini ölkəmizdə keçirmək qərarına gəlib.

Hazırda həm məşqçi, həm bloger, həm də fan-zona təşkilatçısı kimi çalışan keçmiş futbolçu ilə müsahibəni oxuduqdan sonra onu daha yaxından tanıyacaqsız.

- Gürcüstanda doğulmusan, uzun illər Rusiyada yaşamısan, Azərbaycanda məşhurlaşmısan. Özünü haralı hesab edirsən?

- Gürcüyəm, gürcü. Rusiyada köçməyimiz müharibəyə görə məcburiyyət idi.

- Xanımın İnna əslən haralıdır?

- O, Bakı rusudur. Ümumi götürəndə Azərbaycan vətəndaşıdır.

- Bizdə məsəl var, evlənəndən sonra həyat yoldaşın haralıdırsa, sən də oralı sayılırsan.

- (gülür) Bunu eşitmişəm. Azərbaycanlı olmadığım üçün o məsəlin mənə aidiyyəti yoxdur. Onda azərbaycanlı sayılmalıyam, rus yox.

- Dəqiqləşdir, gürcüstanlısan, yoxsa azərbaycanlı?

- Gürcüyəm (qəhqəhə çəkir).

- Azərbaycan sənin üçün hansı anlamı verir?

- İkinci vətənimdir. Burada evlənmişəm, qızım dünyaya gəlib, saysız dərəcədə dostlarım var. Müdrikləşəndən sonra həyatımın böyük hissəsi Azərbaycanda keçib.

- Pasportda qızının milliyəti necə göstərilib?

- Mənim sənədlərimə uyğun olaraq, o da gürcüdür.

- Deyirlər, ailəli kişi zirvəyə qalxırsa, burada mütləq qadının rolu vard. Qazandığın uğurlarda İnnanın payı nə qədərdir?

- Ərini hər fürsətdə dəstəkləyən, onun üçün əziyyət çəkən qadın mütləq ən xoş sözlərə layiqdir. Məşqdən zədəli ayaqla gələndə, yaxud çəkilişlərdə köməyə ehtiyacın olanda, mənəvi baxımdan dəstəyə ehtiyac duyanda qadının varlığını hiss edirsənsə, bu, həmin qadının böyüklüyü və sadiqliyidir. Yeri gəlmişkən, İnna həm də rəhbəri olduğum “White City” futbol məktəbinin direktorudur. Uşaqlarla və valideynlərlə bağlı bütün məsələləri özü həll edir. Həyatımda danılmaz rolu var.

- 14 il əvvəl evlənməsəydin, bu gün Azərbaycanda olardın?

- Bu suala dəqiq cavab vermək çətindir. Çünki Allahın əlində olan işdir. Bakıya 2007-cii ldə - Kaxaber Tsxadadze “Standart”ı çalışdıranda gəlməliydim. Lakin həmin vaxt ortaya müəyyən problemlər çıxmışdı. İş elə gətirdi ki, 2009-cu ildə “Olimpik-Şüvəlan” Gürcüstanda toplanışda olanda yenidən dəvət aldım. Komandaya qoşuldum, məşq etdim, ardınca Bakıya gəldim. Etiraf edim ki, 2009-cu ildəki Bakı indiki qədər möhtəşəm deyildi. Buna baxmayaraq, şəhəri çox bəyəndim. İlk gördüyüm yer Tbilisi-Bakı qatarından düşəndə “28 May” metrosunun həndəvəri olmuşdu. Sanki o vaxt hiss etmişdim ki, uzun illər burada yaşayacam.

- Xanımınla futbol oynadığın dönəmdə evlənmişdin. Tanışlığınızın tarixçəsini danışa bilərsən?

- O vaxt İlqar Qurbanovla “Olimpik-Şüvəlan”da komanda yoldaşı idik. İlqarın atası Gürcüstan azərbaycanlısı olduğu üçün Bəhram əmiylə gürcü dilində yaxşı danışırdıq. Ona görə də daha çox İlqarla dostluq edirdim. Şəhərdə gəzirdik, xoş vaxt keçirirdik, bilmədiklərimi ondan öyrənirdim. O vaxt İlqar bir qızla dostluq edirdi.

- Aha.

- İş elə gətirdi ki, günlərin birində üçümüz “Çapayev” adlanan ərazidəki restoranların birində yemək yeməli olduq.

- “Çanaqqala”nı deyirsən yəqin.

- Deyəsən, ora idi. Həmin qız tək olduğumu görəndə, dedi ki, keçmiş sinif yoldaşım var, istəsən, sizi tanış edə bilərəm. Açığı, fikirləşdirdim ki, həmsöhbət olmaq üçün tanış olmağa dəyər. O vaxt “instagram” yox idi, “odnoklassniki”dən istifadə edirdik. Qız mənə İnnanın “odnoklassniki” səhifəsini göstərdi. Səhifəsi bağlı idi deyə, ancaq profildəki şəklini görə bilirdim. Üzdən bəyəndiyim üçün yaxından tanımaq qərarına gəldim və bir gün suşi yemək üçün dördümüz restorana getdik. Heç 10 dəqiqə deyildi oturduğumuz, İnna sağollaşıb getdi.

- Bəyənmədi səni?

- Açığı, o an mən də elə fikirləşmişdim. Rəfiqəsi başa saldı ki, narahat olma, İnna səni görmək üçün işdən 10-15 dəqiqəlik icazə alıb gəlib, ona görə də tez getməli oldu. Sonra bu barədə yenidən söhbətimiz olanda bildim ki, İnnanın da məndən xoşu gəlib. Danışmağa, mütəmadi görüşməyə, bir-birimizi tanımağa başladıq. Və bir də baxdıq ki, evlənmişik.

- Sonradan həyat yoldaşın olacaq qızın boyu səni narahat etmirdi?

- (gülür) Düzünü desəm, yox. Zərrə qədər də narahat deyiləm.

- Dikdaban, ya da altı qalın ayaqqabı geyinəndə səndən hündür görünür axı.

- Dikdaban geyinəndə boyu 187 sm-ə çatır, Kriştiano Ronaldo boyda olur (gülür).

- Futbolçu Nuqzar və bloger Nuqzar. Hansı daha uğurlu olmağı bacarıb?

- Futbolçu kimi daha çoxunu edib, daha artığına nail ola bilərdim. Yəqin ki, Allah belə olmasını məsləhət gördü. Atam da öz dövrünün bacarıqlı futbolçularından olub. Bəzən ona nələrləsə bağlı şikayət edirdim. Deyirdi, gileylənmə, işini gör, mən səndən də artıq bəxtsizlik yaşamışam, aldadılmışam. Tbilisi “Dinamo”su Kuboklar Kubokunu qazanan mövsümdə atam da heyətdə olmalıydı. Lakin hansısa yalanlarla atamı heyətdən kənarda qoymuşdular. Həmişə onu mənə misal çəkirdi. Karyeram bəlkə də istədiyim kimi alınmadı. Üstündən neçə illər keçib, bəzən kimsə yaxınlaşıb məni AZAL-dakı çıxışlarımdan xatirladığını deyir. Bundan həzz alıram.

- Futbolçu karyeranı başa vurandan sonra məşqçi, menecer, klub funskioneri kimi çalışa bilərdin. Lakin fərqlilik edib blogerliyi seçdin. Futbolda sənə yer tapılmadı, yoxsa?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr