““PKK”-nın müxtəlif qollarının gələcəyi ilə bağlı da qeyri-müəyyənliklər var. Xüsusilə, “YPG”, “PYD” və “PEJAK” kimi təşkilatların vəziyyəti hələ də təhlil edilməlidir...”
Türkiyədə uzun illərdir mübarizə aparılan “PKK” terror təşkilatının silahlarını təhvil verilməsi ilə bağlı prosesin ilk mərhələsi başlayıb. Xatırladaq ki, bu proses “Terrorsuz Türkiyə” təşəbbüsünün bir hissəsi olaraq 47 ildən sonra həyata keçirilir. Silahları buraxma əməliyyatı şimali İraqdakı Kandil dağlarında başlayıb və ilk simvolik mərasim Süleymaniyyə şəhərində keçirilib. Mərasimdə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 “PKK” üzvü iştirak edib.
Bu addımın nəticələri barədə müzakirələr hələ də davam edir. AMİP-in fəxri lideri Etibar Məmmədov hafta.az-a verdiyi açıqlamada bildirib ki, “PKK”-nın silah təhvil verməsinin Türkiyə və region üçün uzunmüddətli sülhə gətirəcəyini gözləmir. Onun sözlərinə görə, silahların təhvil verilməsi yaxşı bir addım olsa da, “PKK” hələ də siyasi məqsədlərindən əl çəkməyib və bu, təhlükə yaratmaqdadır. Məmmədov qeyd edib ki, silahların təhvil verilməsi terror təşkilatının siyasi fəaliyyətini dayandırmır və “PKK” hələ də siyasi arenada mövqeyini gücləndirməyə çalışa bilər.
O həmçinin “PKK”nın içərisində cinayət etmiş, qəttlər törətmiş şəxslərin olduğunu və onların taleyinin hələ qeyri-müəyyən olduğunu vurğulayıb: “Bu şəxslərə necə yanaşılacaq? Əfv olunacaqlarmı, yoxsa cəzalandırılacaqlarmı? Bu məsələnin hələ açıq qalması Türkiyə və region üçün ciddi təhlükə yarada bilər.”
Siyasətçi “PKK”-nın silah buraxmasının dərhal müsbət nəticələrə gətirəcəyinə inanmır. O bildirir ki, terror təşkilatının digər qanadları və gizli bazaları hələ də fəaliyyət göstərir. Həmçinin az qala 50 ildir fəaliyyət göstərən “PKK”-nın tərksilah edilməsi asan məsələ deyil, çünki təşkilatın silahlıları və canlı qüvvələri qeyri-rəsmi şəkildə fəaliyyət göstərir və onlar heç bir rəsmi qurum tərəfindən qeydiyyata alınmayıb. Silahlar təhvil verilsə də, bu, terror təşkilatının bütün fəaliyyətlərini dayandırdığını göstərmir...
Etibar Məmmədov “PKK”-nın müxtəlif qollarının gələcəyi ilə bağlı da qeyri-müəyyənliklərə diqqət çəkib. Xüsusilə, “YPG”, “PYD” və “PEJAK” kimi təşkilatların vəziyyəti hələ də təhlil edilməlidir. Partiya lideri hesab edir ki, bu məsələdə siyasi inkişafların hansı istiqamətə gedəcəyini zaman göstərəcək. Nəticə etibarilə silah təhvilvermə prosesinin uzun və mürəkkəb bir mərhələ olduğu, həmçinin təşkilatın siyasi fəaliyyətinin hələ də təhlükə yaratdığı düşünülür.