AZ

Dövlətimiz Yaxın Şərqdə ziddiyyətlərin aradan qaldırılmasında vasitəçi kimi çıxış edir

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri təkcə ölkələrimiz arasında ikitərəfli əlaqələr deyil, həm də Yaxın Şərqdə Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından önəmlidir. İyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilən danışıqlar da göstərir ki, biz artıq Yaxın Şərqin bir parçası olaraq çıxış etməyə başlayırıq. Həm də burada söhbət adi parçadan getmir, ölkəmizin bu geniş coğrafiyada proseslərə təsiri durmadan artacaq. SOCAR-ın İsrailin "Tamar" yatağını sözü gedən dövlətin və ABŞ-nin “Şevron” şirkəti ilə birgə istismara hazırlaşması, Suriyanın enerji problemlərinin aradan qaldırılmasında, İraqın qaz hasilatının artırılmasında yer almaq planımız bu yöndə atılan ilk addımlardır.

Əhməd Əl Şaraanın səfəri zamanı o da bəlli oldu ki, ölkələrimiz humanitar əməkdaşlığı da genişləndirmək fikrindədirlər və Suriyadan gəlib burada təhsil alacaq tələbələrə dövlətimiz təqaüd ayırmağı da düşünür. Çox ehtimal ki, onların arasında türkmən kimi tanınan soydaşlarımız da olacaq.

Sonuncu məsələ yumşaq güc potensialımızın artması və təsir çevrəsini artırması baxımından da önəmlidir.

Dövlətimiz Yaxın Şərqdə ziddiyyətlərin aradan qaldırılmasında da vasitəçi kimi çıxış edir ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin Bakı səfərində ilk növbədə də İsraillə aralarındakı problemi yoluna qoymaq üçün bu məsələnin də diqqət mərkəzində olması mümkündür.

Burada onu da qeyd edim ki, Azərbaycan təkcə Yaxın Şərqdə deyil, Afrikada da mövqelərini həm də oradakı bəzi ölkələrin iqtisadiyyatına, təhlükəsizliklərinin möhkəmlənməsinə töhfə verməklə gücləndirməkdədir. Və bir sıra hallarda biz qardaş Türkiyə ilə sinxron hərəkət edirik. Yəqin digər türk dövlətləri də gələcəkdə bu prosesdə yer alacaqlar.

Sahib Əliyev,

Milli Məclisin deputatı

Seçilən
7
ikisahil.az

1Mənbələr