Qoz ürək, beyin və həzm sağlamlığına verdiyi töhfə ilə tanınır. Günün müxtəlif vaxtlarında yeyildikdə isə onun faydaları dəyişə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər qozun nə zaman yeyilməsinin daha faydalı olduğu mövzusuna diqqət çəkirlər.
Qoz təkcə ləzzətli qəlyanaltı deyil, həm də sağlamlığımız üçün əhəmiyyətli faydalar təqdim edən təbii superqidadır. Ürək-damar sağlamlığından tutmuş həzm və yuxu rejiminə qədər bir çox sahədə orqanizmə dəstək verir. Ancaq bu faydaların maksimuma çatması üçün onu günün düzgün vaxtında istehlak etmək vacibdir.
Səhər saatlarında qozun faydaları
Qoz yüksək qida dəyərinə malikdir. Səhər saatlarında yeyildikdə metabolizmanı sürətləndirir, qan şəkərini sabit saxlayır və gün ərzində enerji verir. Tədqiqatlar göstərir ki, səhərlər 50 qram qoz yeyilməsi diqqət qabiliyyətini və yaddaşı yaxşılaşdırır.
Qoz aşağı qlisemik indeksə malikdir və qan şəkərində kəskin dalğalanmaların qarşısını alır. Tərkibindəki sağlam yağlar, lif və zülal uzun müddət toxluq hissi yaradaraq çəkiyə nəzarət və ürək sağlamlığı üçün faydalıdır. Həmçinin müntəzəm qoz qəbulu pis xolesterolu (LDL) azaldır, iltihabı aradan qaldırır və damar sistemini dəstəkləyir.
Əgər səhər yeməyindən əvvəl və ya gecə suda isladılmış halda yeyilərsə, qoz fitin turşusunu azaldaraq bağırsaq florasını gücləndirir, şişkinlik və qəbizlik kimi problemlərin qarşısını alır.
Axşam saatlarında qoz yeməyin üstünlükləri
Axşam, xüsusilə yatmazdan əvvəl az miqdarda (bir ovuc) qoz yemək melatonin və maqnezium sayəsində yuxunun keyfiyyətini artırır. E vitamini, polifenollar və Omeqa-3 yağ turşuları sayəsində orqanizmdə stres səviyyəsini azaldır, iltihabı və əzələ gərginliyini aradan qaldırmağa kömək edir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, yatmazdan əvvəl çox miqdarda qoz yemək həzm sistemində narahatlıq və şişkinliyə səbəb ola bilər.
Ən ideal istehlak vaxtı hansıdır?
Qidalanma mütəxəssisləri qozun ən yaxşı səhər boş mədəyə və ya səhər yeməyi ilə birlikdə yeyilməsini tövsiyə edirlər. Qəhvə və ya çay içməzdən ən az bir saat əvvəl qəbul edilməsi qozun tərkibindəki mineralların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.
Gündəlik qəbul miqdarı
Gündəlik qoz miqdarı 28-50 qram arasıdır – bu isə təxminən 3-7 tam qoz deməkdir. Mütəxəssislər qovrulmamış, duzsuz və çiy qozun daha faydalı olduğunu bildirirlər. Qozun soyuducuda, sərin və quru şəraitdə saxlanması tövsiyə olunur.
Tərcümə: Könül Oruc
E-saglam.az