Müasir həyatın ayrılmaz hissəsinə çevrilən paketlənmiş və emal olunmuş qidalar qaraciyərə ciddi zərər verə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, peçenye, çipslər, fast food məhsulları, nəzarətsiz dərman istifadəsi və fiziki passivlik qaraciyər xəstəliklərinin yayılmasına səbəb olur.
Qaraciyər nə edir və nə üçün vacibdir?
Qaraciyər bədəndən toksinlərin atılması, qida maddələrinin saxlanması və maddələr mübadiləsinin tənzimlənməsi kimi həyati funksiyaları yerinə yetirir. Lakin düzgün olmayan qidalanma və yaşam tərzi bu vacib orqanın funksiyalarının pozulmasına səbəb ola bilər.
1. Zərərli qidaların tez-tez istehlakı
Hazır qəlyanaltılar və fast food məhsulları yüksək şəkər, duz və trans yağlarla zəngindir. Mütəxəssislərə görə, bu cür qidaların davamlı istehlakı qaraciyərdə piylənməyə və alkoqolsuz yağlı qaraciyər xəstəliyinə (NAFLD) səbəb ola bilər. Xəstəlik vaxtında müdaxilə edilməzsə, siroz kimi ciddi fəsadlara gətirib çıxara bilər.
2. Dərmanlardan sui-istifadə
Həkim məsləhəti olmadan qəbul edilən ağrıkəsicilər və iltihabəleyhinə preparatlar qaraciyərə zərər verir. Bu dərmanlar uzun müddət istifadə olunduqda orqanda toksik yüklənməyə səbəb ola bilər.
Hətta bəzi vitamin və bitki əlavələri belə nəzarətsiz qəbul edildikdə qaraciyər üçün təhlükə yaradır. Hər növ preparat yalnız həkim nəzarəti altında qəbul olunmalıdır.
3. Hərəkətsizlik və piylənmə
Az hərəkətli həyat tərzi və qarın bölgəsində yığılan yağlar qaraciyərə mənfi təsir göstərir. Obezlik insulinə qarşı müqavimət və yüksək qanda şəkər səviyyəsi ilə nəticələnir ki, bu da qaraciyərin yağlanmasına və iltihabına səbəb olur. Nəticədə, bu vəziyyət steatohepatit, fibroz və sirroza çevrilə bilər.
Qaraciyərinizi necə qoruya bilərsiniz?
Mütəxəssislər sağlam qaraciyər üçün bu sadə, amma təsirli vərdişləri tövsiyə edir:
Balanslı və təbii qidalanın: emal olunmuş və hazır qidalardan uzaq durun. Tərəvəz, meyvə, tam taxıllar və sağlam zülal mənbələrini üstün tutun.
Dərmanları yalnız həkim məsləhəti ilə qəbul edin.
Fiziki aktivliyə diqqət edin: gündəlik gəzinti, yüngül idman və ya yoga ilə məşğul olun.
Kifayət qədər su için: gündə 8-10 stəkan su qaraciyərin toksinləri təmizləməsinə kömək edir.
Siqaretdən uzaq durun: tərkibindəki toksinlər dolayısı ilə qaraciyərə zərər verir.
Qeyd: Bu məqalə yalnız maarifləndirici məqsəd daşıyır və tibbi məsləhət kimi qiymətləndirilməməlidir. Sağlamlığınızla bağlı sual və narahatlıqlar üçün həkiminizə müraciət edin.
Tərcümə: Könül Oruc
E-saglam.az