Futbol üzrə İspaniya millisinin sabiq mərkəz yarımmüdafiəçisi Santi Kasorla “Real Ovyedo” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqaya yeni yüksəlmiş klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin yayına kimi artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
Xatırladaq ki, “Real Ovyedo” 24 illik fasilədən sonra qarşıdakı mövsümdə La Liqada mübarizə aparacaq.
Santo Kasorla məhz “Real Ovyedo”nun yetirməsidir. O, karyerası ərzində “Vilyarreal”, “Rekreativo”, “Malaqa” və “Arsenal” və “Əl-Sədd” kimi klublarda da çıxış edib. İspaniya millisinin sabiq üzvü 2023-cü ildə doğma klubuna qayıdıb. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm 35 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə komandasının La Liqaya yüksəlməsində əsas pay sahiblərindən biri olub.
İspaniyanın U-21 yığmasında da oynamış Kasorla 2008-ci ilin may ayında əsas millidə debüt edib. Yarımmüdafiəçi İspaniya millisinin heyətində meydana çıxdığı 81 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.
