AZ

Əl Şaranın Bakı səfərinin şifrələri: mühüm mesaj verildi – Bundan sonra… 

  Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şara iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib. O, ölkə başçısı İlham Əliyevlə öncə geniş tərkibdə, daha sonra ikili görüş keçirib.

Əhməd Əl Şaranın Bakı səfəri gözlənilən idi. Belə ki, sonuncu dəfə Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda (11 aprel) iştirak edərkən onunla görüşüb, iki lider bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb. Məhz həmin zaman ölkə başçısı suriyalı həmkarını Azərbaycana dəvət edib.

Əhməd Əl Şaranın Bakı səfəri onun keçid dövründə rəhbərlik etdiyi Suriya üçün həm siyasi, həm də iqtisadi cəhətdən ciddi nəticələr doğura bilər. Məsələ təkcə neft və qaz sektorundakı potensial əməkdaşlıqda deyil, həm də regional münasibətlər sisteminə Suriyanın yenidən inteqrasiya edilməsindədir. Bu prosesin lokomotivi isə məhz Azərbaycan ola bilər. Enerji bazarında strateji oyunçuya çevrilən Bakının Suriyanın enerji sektorunun bərpasında real və effektiv iştirakçı kimi çıxış etməsi mümkündür.

Maraqlıdır ki, Azərbaycan Prezidenti ilə Əhməd Əl Şaranın Antalyadakı görüşü zamanı səsləndirilmiş bəzi fikirlər artıq konkret diplomatik addımlara çevrilir. Məsələn, İlham Əliyev ölkəmizin Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirmişdi. Bu gün biz bu istiqamətdə praktik addımların atılmasının şahidi oluruq. Suriyanın təklif etdiyi əməkdaşlıq modeli isə, Azərbaycanın uzunmüddətli investisiya və strateji təsir dairəsini genişləndirməsi üçün əlverişli imkanlar vəd edir.

Azərbaycanın neft və qaz sektorunda qazandığı təcrübə bu sahədəki yüksək texnoloji biliklər və SOCAR kimi beynəlxalq miqyasda tanınan şirkətlərin mövcudluğu Dəməşq üçün cəlbedici əməkdaşlıq modelidir. Artıq SOCAR Türkiyənin rəhbərliyi səviyyəsində Suriyanın enerji sektoruna maraq açıq şəkildə ifadə olunub. Bu isə onu göstərir ki, Bakı bu məsələyə yalnız iqtisadi baxımdan deyil, həm də strateji baxımdan yanaşır. Regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanın enerji infrastrukturunun bərpası vacibdir və Azərbaycan bu prosesin aparıcı oyunçularından biri ola bilər.

Digər mühüm məqam bu əməkdaşlığın Suriyanın uzun illər davam edən izoliyasiyasını qismən də olsa, aradan qaldıra bilmə potensialıdır. Azərbaycanla əməkdaşlıq, bu ölkəni Qərb təsirindən uzaq, lakin səmimi və qarşılıqlı faydaya əsaslanan bir müttəfiqlə əlaqələndirə, həm iqtisadi, həm də diplomatik baxımdan nəfəs almasına imkan yarada bilər.

Eyni zamanda, bu səfərin yaratdığı ən mühüm simvolik mesajlardan biri budur: Suriya artıq əvvəlki kimi riskli və xaotik bir məkan deyil, əksinə, regionda ciddi oyunçuların etibarlı tərəfdaşıdır. Əhməd Əl Şaranın Suriyada türkmən mənşəli II Korpus komandiri Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionlarının komandanı təyin etməsi SOCAR-ın potensial fəaliyyəti üçün təhlükəsizlik zəmanətinin mövcud olduğunu göstərir. Bu qərar, həmçinin ölkədə balansı qorumaq və azlıqlara mesaj vermək baxımından əhəmiyyətlidir.

Əlavə olaraq, İsrail faktoru da nəzərdən qaçmamalıdır. Təl-Əvivin ölkəmizlə yaxın strateji münasibətləri, Bakının bölgədəki yeni enerji əlaqələrində İsraillə mümkün koordinasiyasını da aktuallaşdıra bilər. Hətta gələcəkdə Suriya ərazisindən keçəcək enerji marşrutlarının İsrailə qədər uzanması ideyası real görünməyə başlayır. Bu, regional dinamikanı tamamilə dəyişə və Suriya–İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi rolunda çıxış etməsinə zəmin yarada bilər.

Suriya tərəfi üçün bu səfər həm regional inteqrasiya, həm də iqtisadi reabilitasiya üçün yeni səhifədir. Hərçənd ki, ölkə hələ də sanksiyalar, siyasi qeyri-müəyyənlik və təhlükəsizlik təhdidləri ilə qarşı-qarşıyadır. Lakin Əhməd Əl Şaranın rəhbərliyi altında açılan bu yeni diplomatik cəbhə Suriyanın sabitliyə doğru atdığı addımların tərkib hissəsidir.

Bu reallıqlar fonunda deyə bilərik ki, Əhməd Əl Şaranın Bakıya səfəri sadəcə bir diplomatik addım deyil. Bu səfər Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq yeni bir əməkdaşlıq arxitekturasının ilk təməl daşlarından biridir. Qarşılıqlı hörmət və ehtiyac üzərində qurulan bu əlaqələr gələcəkdə regionda balansı və sabitliyi möhkəmləndirə biləcək mühüm bir nümunədir.

// Globalinfo.az

Seçilən
5
referans.az

1Mənbələr