"SpaceX" İlon Maskın süni intellekt startapı olan "xAI"a 2 milyard dollar sərmayə ayırmaq öhdəliyi götürüb.
Valyuta.az xəbər verir ki, bu vəsait 5 milyard dollarlıq səhmdar turunun bir hissəsidir və Maskın müxtəlif texnoloji layihələri arasında əlaqəni daha da möhkəmləndirir. "xAI" hazırda rəqibi olan "OpenAI" ilə rəqabət aparmaq üçün böyük sürətlə irəliləyir.
Məlumata əsasən, bu investisiya "xAI" ilə "X" platformasının birləşməsindən sonra həyata keçirilib və birgə şirkətin dəyəri 113 milyard dollar olaraq qiymətləndirilir. Hazırda "xAI" tərəfindən hazırlanmış "Grok" çatbotu "Starlink" müştəri dəstəyi xidmətində istifadə olunur və gələcəkdə "Tesla"nın "Optimus" robotlarına da inteqrasiya ediləcəyi planlaşdırılır.
İlon Mask "X" platformasında paylaşımında "Tesla"nın da "xAI"a sərmayə qoymasının mümkün olduğunu və bunun idarə heyətinin və səhmdarların təsdiqindən asılı olduğunu bildirib. Lakin o, "SpaceX"in investisiya planını nə təsdiqləyib, nə də təkzib edib.
"SpaceX", "xAI" və "Tesla" şirkətləri mövzu ilə bağlı "Reuters"in sorğularına cavab verməyib və "WSJ"nin məlumatı hələlik müstəqil şəkildə təsdiqlənməyib.
"Grok" çatbotunun cavabları ilə bağlı son tənqidlərə baxmayaraq, Mask onu "dünyanın ən ağıllı süni intellekti" adlandırır və "xAI" hələ də model təlimi və infrastruktur sahəsində böyük xərclər ayırmaqda davam edir.
Sərvanə Rəmixanova