AZ

Makrondan Yeni Kaledoniya ilə bağlı PAYLAŞIM - FOTO

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Yeni Kaledoniya Fransiyanın tərkibində ayrıca bir dövlət statusu əldə edəcək. Onun sözlərinə görə, bu qərar Paris rəhbərliyi ilə Yeni Kaledoniyanın yerli deputatları arasında əldə edilmiş razılaşma əsasında qəbul olunub.

Bizim.Media xəbər verir ki, tərəflər arasında imzalanan sənəd vətəndaşlığın tətbiqi, beynəlxalq siyasətdə daha geniş səlahiyyətlər, eləcə də daxili idarəetmədə muxtar statusun gücləndirilməsi kimi müddəaları nəzərdə tutur.

Bu plan Fransa parlamenti tərəfindən təsdiqləndikdən sonra, 2026-cı ildə Yeni Kaledoniyada referendum vasitəsilə xalqın iradəsinə təqdim olunacaq.

Hazırda Yeni Kaledoniya Fransanın 17 min kilometr uzaqlığında yerləşən və "xarici ərazi" statusuna malik olan bir müstəmləkəsidir. Lakin bölgədə uzun illərdir müstəqillik tələbləri güclənir, etirazlar artır və yerli xalqlar Fransa idarəçiliyindən narazılıqlarını açıq şəkildə ifadə edirlər.

Qeyd edək ki, Azərbaycan da Yeni Kaledoniyanın öz müqəddəratını təyin etmə hüququnu tanıyan ölkələr sırasındadır. Rəsmi Bakı bu məsələni BMT çərçivəsində bir neçə dəfə qaldırmış, həmçinin Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə cavab olaraq, müstəmləkə ərazilərinin hüquqlarının müdafiəsini prioritet elan etmişdir.

Simvolik baxımdan da maraqlıdır ki, Azərbaycan və Yeni Kaledoniya bayraqları rəng baxımından bənzərlik göstərir. Hər iki bayraqda mavi, qırmızı və yaşıl rənglər əsas yer tutur. Bu, xalqların azadlıq və suverenlik ideyalarına sədaqətini simvolizə edir.

Makronun bu addımı eyni zamanda Fransanın öz daxilində və müstəmləkə siyasətində yaşadığı zəifliyi də ortaya qoyur. Bir tərəfdən Azərbaycanı Qarabağ məsələsində beynəlxalq platformalarda haqsız yerə ittiham edən Makron, digər tərəfdən öz nəzarətində olan ərazilərdə separatizm və narazılıqla mübarizə aparmaqda acizdir.

Rəsmi Paris Bakıya qarşı yürütdüyü qərəzli siyasətin əks-sədasını artıq beynəlxalq arenada hiss etməkdədir. Yeni Kaledoniya məsələsində Makronun geri addım atması və muxtariyyəti qəbul etməsi, Azərbaycanın prinsipial mövqeyinin diplomatik qələbəsi kimi də qiymətləndirilə bilər.

Belə görünür ki, Makron artıq Bakı qarşısında diktə edən yox, geri çəkilən tərəfdir. Azərbaycanın yüksələn beynəlxalq nüfuzu, o cümlədən Qoşulmama Hərəkatında liderliyi və müstəqil xarici siyasəti Fransanın ikili standartlarını ifşa edir və onu geri addım atmağa məcbur edir.
Yeni Kaledoniyanın dövlətçiliyə doğru atdığı bu addım yalnız bölgə üçün deyil, həm də qlobal müstəmləkə irsindən qurtulmaq istəyən xalqlar üçün ilhamverici bir nümunədir. Azərbaycanın bu məsələdə göstərdiyi ardıcıl dəstək isə, xalqın suverenliyinə verilən prinsipial və ədalətli yanaşmanın təzahürüdür.



Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr