AZ

Pirşağı – Xəzərin quzey ləpədöyəni

Paytaxtətrafı qədim kənd son illərdə abad qəsəbəyə çevrilib

Pirşağı Bakının qədim kəndlərindədir. Abşeron yarımadasının şimalında, Xəzər dənizinin sahilində yerləşir. Son onillər boyu bu yaşayış məntəqəsi xeyli böyüyərək qəsəbəyə çevrilib. Pirşağı qəsəbəsi inzibati bölgüyə görə Bakının Sabunçu rayonuna ərazisinə daxil edilib.

Pirşağı toponiminin yaranması ilə bağlı müxtəlif fikirlər var. Bu sözü əsasən “Piri-Şahi” (yəni Şah Piri), yaxud “Pir uşağı” (kənddəki pirdə doğulan uşaq) kimi izah edirlər. Başqa versiyalar da var. 

Pirşağıda çox sayda tarixi mədəniyyət abidələri var. Burada qorunan əsas tarixi abidələrindən biri XVII əsrə aid Pirşağı məscididir. Məscidin günbəzi 4 tağın üzərində inşa edilib. Məscid 1937-ci ilə qədər kənd sakinlərin ixtiyarında olub. Lakin “qırmızı sovet terroru” dönəmində burada ibadət yasaq olunub. Uzun onillər məscidin bir hissəsi kolxozun taxıl anbarı, digər hissəsi isə həkim ambulatoriyası kimi istifadə olunub. Nəhayət, təxminən 20 il əvvəl məscid kənd sakinlərinin şəxsi vəsaiti ilə bərpa olunub. 

Pirşağı kəndi 1918-ci ilin qanlı mart terroru hadisələrində erməni vəhşiliklərinin şahidi olub. Pirşağının Əmir, İsmayıl, Əbdülmömünin, Qəzənfər, Qara Mahmud adlı qeyrətli kişiləri ermənilərə qarşı vuruşublar. Onları adları və əməlləri bu gün də yaddaşlarda yaşayır və hər dəfə bu barədə söz düşəndə xoş sözlərlə yad edilir. 

Məlumdur ki, Abşeron torpağı təbii müalicəvi gölləri ilə tanınıb. Bu mənada Pirşağı da istisna təşkil etmir. Buradakı bulanıqlı su və palçıqdan oynaq xəstəliklərinin müalicəsində istifadə edilib. Vaxtı ilə Pirşağıda müalicəvi əhəmiyyətli “Ağ nohur”, suyu çox duzlu olan “Qızıl nohur”, nisbətən çökək ərazidə isə “Çadra” və “Ağ” adlı göllər olub. Təəssüf ki, Abşeronda gedən urbanizasiya prosesi nəticəsində göllər qurudulub və ərazilərində yaşayış məhəllələri salınıb.

Deyilənlərə görə, “Qızıl nohur” gölü əhalinin köməyinə çox çatıb. Yerli sakinlər bu göldən duz da çıxarıblar. Qadınlar duzu həvəngdəstədə döyərək xörəyə də qatıblar. Pirşağılılar duz yığımında elliklə iştirak edər, qışa azuqə ehtiyatı görərdilər. Üstəlik, bir qismini sataraq, çörəkpulu da qazanardılar. Avqust ayına qədər duz yığımı başa çatardı. Sonrakı aylarda duzun rəngi dəyişər, qırmızımtıl çalar alardı. 

Yeri gəlmişkən, duz gölünün ətrafından yığılan gilabidən saç yumaq üçün istifadə olunardı. Ötən əsrin 70-ci illərinə qədər ərazi mühafizə olunub. Sonradan gölə, təəssüf ki, çirkab suları axıdılıb. 

Ötən əsrdə Pirşağı bağlarında yay aylarında ədəbi məclislər keçirilərdi. Belə məclislərə o dövrün adlı-sanlı ziyalıları, şairlər, yazıçılar, musiqiçilər dəvət olunardı. Görkəmli şairimiz M.Müşfiq məşhur “Yenə o bağ olaydı” şeirini məhz Pirşağıda qələmə alıb. 

Şair Zeynal Xəlil, tənqidşi Cəfər Xəndan, müğənni Məmmədəli Əliyev belə görüşlərdə həvəslə iştirak edərdilər. Kəndin mədəniyyət evində teatr tamaşaları göstərilərdi. Yaşlı sakinlər tanınmış mərhum xanəndə, Xalq artisti Rübabə Muradovanın buradakı çıxışlarını indi də xatırlayırlar. Rübabə xanımın kənddəki bağ evi həmişə qonaq-qaralı olardı. Pirşağıdakı qadın toylarının çoxunu Rübabə xanımın məlahətli səsi rövnəqləndirib. Deyilənlərə görə, müğənni kasıb ailələrdən pul almazdı.

Pirşağıda görkəmli din xadimləri yetişib. Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871ci ildə Pirşağı kəndində doğulub. AXC dövründə şeyxülislam vəzifəsində işləyib. O, 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və yenidən şeyxülislam təyin olunub. Xatırladaq ki, görkəmli geoloq alim, akademik Akif Əlizadə şeyxülislam Ağa Əlizadənin nəvəsidir.

Görkəmli neftçi, akademik Xoşbəxt Yusifzadə 1934-cü ildə Pirşağıda doğulub. 1947-ci ildə Azərbaycan Neft-Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub. Neft sahəsində adi mühəndislikdən yüksək rəhbər vəzifələrə qədər yüksəlib. Ulu öndər Heydər Əliyev onun haqqında demişdir ki, “Azərbaycanda Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi bilən ikinci adam yoxdur”. 

Yeri gəlmişkən, Xoşbəxt Yusifzadənin fədakar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Akademik dövlətimizin ən ali mükafatlarına – “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə layiq görülmüşdür. 2020-ci ildə 90 illik yubileyi dövlət səviyyəsində keçirilib. Pirşağı qəsəbəsindəki oxuduğu 112 nömrəli tam orta məktəbə və Xəzərdə üzən gəmilərdən birinə akademikin adı verilib. Dünya şöhrətli neftçi-alim, akademik Xoşbəxt Yusifzadə 2023-cü il oktyabrın 3-də vəfat edib.

Əslən Pirşağıdan çox sayda alim, mədəniyyət xadiminin adını çəkmək olar. Keçmiş Sovet İttifaqının kosmik proqramının yaradıcılarından biri olan artilleriya general-leytenantı Kərim Kərimov, tanınmış şair Mikayıl Rzaquluzadə, füzulişünas araşdırmaçı Həkim Qəni, Əməkdar mədəniyyət işçisi Süleyman Məlikov, türkoloq alim Mustafa Kərimov, Xalq artistləri Həbib Bayramov, Firəngiz Şərifova, Oqtay Mirqasımov, Əməkdar artistMüxlis Canızadə və başqaları Pirşağı kəndinin yetirmələrdir. 

Son illər Pirşağı qəsəbəsi çox gözəlləşib. Prezident İlham Əliyevin göstərişinə əsasən, bir neçə ildir ki, Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində, eləcə də Pirşağıda xüsusi abadlaşdırma işlərinə başlanılıb. 

Həyata keçirilən tədbirlərin əsas məqsədi buradakı insanların daha yaxşı şəraitdə yaşaması, özlərini daha rahat hiss etmələridir. Pirşağı tarixən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Yekunda ekoloji vəziyyətin də yaxşılaşdırılması hədəf kimi qarşıya qoyulub.

Təranə CƏBİYEVA

Seçilən
7
xalqqazeti.az

1Mənbələr