AZ

Misə tələbat sürətlə artır: Alimlər yeni yataqların harada axtarılacağını müəyyən edib

Alimlər Cənubi Tibetdə yerləşən Qanqdese dağ silsiləsindəki böyük mis yataqlarının mənşəyi ilə bağlı yeni məlumatlar əldə ediblər. Onlar bu yataqların qədim qitə toqquşmaları nəticəsində formalaşdığını aşkar ediblər. 

Valyuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri məlumat yayıb.

Mis müasir texnologiyaların, xüsusilə elektrikli nəqliyyat vasitələrinin, enerji şəbəkələrinin və bərpa olunan enerji sistemlərinin ayrılmaz hissəsidir. Elektrik keçiriciliyi baxımından yüksək qabiliyyətə malik olduğu üçün bu metal təmiz enerjiyə keçid prosesində həyati əhəmiyyət daşıyır. Tələbatın sürətlə artması yeni yataqların axtarışını daha da aktuallaşdırır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, misə olan tələbat 2040-cı ilə qədər təxminən 50% artacaq.

Tibetdəki Qanqdese dağ silsiləsində yerləşən mis yataqlarında 45 milyon tondan artıq mis ehtiyatı olduğu bildirilir. Bu yataqların 13–18 milyon il əvvəl formalaşdığı ehtimal olunur. Alimlərin araşdırmalarına görə, bu filizlər adətən mislə zəngin vulkanik yaylarda olduğu kimi fəal subduksiya zonalarında deyil, mioçen dövründə baş vermiş tektonik plitələrin kütləvi toqquşması nəticəsində yaranıb.

Alimlər bu hadisənin, Neotetis okeanik plitəsinin Asiyanın altına sürüşməsindən xeyli sonra baş verdiyini bildirirlər. Bu geoloji proseslər bu gün də faydalı qazıntıların formalaşmasına təsir göstərməkdədir.

Qərbi Avstraliya Universitetinin tədqiqatçıları Qanqdese zonasında yerləşən maqmatik süxurları analiz edərək, tektonik toqquşma zamanı süxurların kimyəvi tərkibində baş verən dəyişiklikləri müşahidə ediblər. Tədqiqat nəticəsində məlum olub ki, toqquşmadan sonra maqmada vanadium/skandium nisbətinin və sirkonun oksigen uçuculuq göstəricilərinin kəskin artması baş verib. Bu artım, maqmanın Yer qabığı boyunca hərəkəti zamanı misin maye halında qalmasına şərait yaradan oksidləşmiş mühitin formalaşdığını göstərir.

Tədqiqat sübut edib ki, mis yataqlarının yaranmasında yer qabığının təkrar emal edilmiş materialları böyük rol oynayıb. Hindistan plitəsi Asiya ilə toqquşduqda, karbonatlarla zəngin səth çöküntüləri Yer mantiyasının dərin qatlarına – təxminən 100 km dərinliyə və 870 °C temperaturadək çatdırılıb. Burada bu çöküntülər, dəmir tərkibli minerallarla reaksiya nəticəsində divalent dəmiri trivalent dəmirə çevirmiş və mantiyadakı oksidləşmə dərəcəsini artırmışdır. Bu da misin, adətən reduktiv mühitlərdə yaranan sulfid damcılarında bağlanmaq əvəzinə, həll olunmuş halda qalmasına imkan verib.

Maqma yer qabığının orta qatında dayandıqda, təzyiq azalmış və nəticədə mis sulfidlər şəklində çökməyə başlamışdır. Beləliklə, bu gün istifadə edilən böyük filiz cisimləri formalaşıb.

Qərbi Avstraliya Universitetindən araşdırmaçı Yonçzyun Lu bu prosesi "mis formalaşdıran maqmalar üçün ikinci nəfəs" adlandırıb. Onun sözlərinə görə, okeanik plitə yoxa çıxdıqdan sonra da yer qabığının təkrar emal edilmiş çöküntüləri milyonlarla il ərzində mislə zəngin sistemlərin formalaşmasına təsir göstərməkdə davam edir.

Alimlər hesab edirlər ki, mis yataqlarının mənşəyinə dair əldə edilən bu yeni biliklər faydalı qazıntıların kəşfi baxımından mühüm əhəmiyyət daşıyır. Ənənəvi kəşfiyyat modelləri adətən mislə zəngin porfir yataqları ilə əlaqələndirilən fəal vulkanik yaylara fokuslanır. Lakin yeni araşdırma göstərir ki, Tibetdəki kimi qədim toqquşma zonaları da əhəmiyyətli mis ehtiyatları daşıya bilər.

Buna görə də geoloqların tədqiqatlarını genişləndirərək İranın Zaqros dağları və ya Kiçik Qafqaz kimi oxşar tektonik tarixə malik regionlara yönəltməsi gözlənilir.

Civə və maqnezium izotoplarının tədqiqi kimi qabaqcıl üsullar vasitəsilə geoloqlar artıq potensial mis yataqlarını daha səmərəli şəkildə müəyyən edə bilirlər. Bu metodlar oksidləşmiş maqmanın olduğu əraziləri dəqiqliklə tapmağa, yeni yataqların axtarışını optimallaşdırmağa və kəşfiyyatla bağlı risk və xərcləri azaltmağa imkan verir.

Seçilən
1
valyuta.az

1Mənbələr