AZ

Ağstafada Milli Qəhrəman, şəhid zabit Rafiq Alıcanovun 60 illiyi qeyd olunub

Tədbirdən öncə qəhrəmanın büstü önünə gül dəstələri düzülüb. Ağstafa rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğunda canından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub. 

Rafiq Alıcanovun həyatına və Qarabağ müharibəsində keçdiyi döyüş yoluna həsr olunmuş "Oğuz elinin qəhrəmanı" adlı filmin nümayişindən sonra rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək torpaq uğrunda canlarından keçən qəhrəmanlarımızın hər zaman  qəlblərdə yaşadıqlarını və belə qəhrəmanların heç vaxt unudulmadıqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, 1965-ci il iyulun 11-də Qazaxın Kəmərli kəndində dünyaya göz açan Rafiq Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuş, 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə xidmətə başlamışdır. Həmin il Azərbaycanda başlayan məlum hadisələrlə bağlı 1992-ci ildə Vətənə geri dönmüşdür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçmişdir. Kapitan Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərmiş, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənmişdir. Cəsur komandir 1993-cü il noyabrın 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli sərəncamıı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağstafanın Köçvəlili kəndində dəfn edilən qəhrəmanın adının əbədiləşdirilməsi istiqamətində çoxlu işlər görülmüşdür. Köçvəlili kənd orta məktəbi onun adını daşıyır. Məktəbin və Ağstafa şəhəri dəmir yolu vağzalının qarşısındakı parkda Rafiq Alıcanovun qranitdən büstü qoyulmuşdur. Parkın qarşısındakı, eləcə də Bakının Qaraçuxur qəsəbəsindəki küçələrə onun adı verilmişdir. Bundan başqa, Rafiq Alıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edən Güləmail Murad və Salatın Əhmədlinin "Vətən sağ olsun" şeirlər kitabı və Fəridə Ləmanın "Lalələr şəhid qanı" poeması işıq üzü görmüşdür. 

Yubiley tədbirində "Oğuz elinin qəhrəmanı" filminin ssenarı müəllifi və rejissoru Kəmalə Musazadə, Milli Qəhrəmanın döyüş yoldaşları Səməd Omarov və Əmrah Məmmədov şəhid zabitin döyüşlərdə göstərdiyi igidliklərdən danışmışlar. Oğlu Elvin Alıcanov atasına göstərilən diqqət və qayğıya görə ailələri adından hər kəsə təşəkkürünü bildirmişdir.

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr