AZ

Ustad rejissor

Onun 60 illik ömrü Azərbaycan tarixinin böyük dəyişikliklərlə müşayiət olunan, olduqca mürəkkəb dövrünə təsadüf etdi. 

Əliheydər Əbdüləli oğlu Ələkbərovun 1915-ci il iyulun 26-da dünyaya göz açdığı Bakı həmin illər təbii sərvətinə görə inkişaf edir, yüksək memarlıq məharəti ilə yeni inşa olunan binalarla böyüyürdü. Ancaq şəhər hələ də adət-ənənələrini böyük həssaslıqla, hətta mühafizəkarlıqla qoruyub saxlayırdı.

O illər Bakıya yalnız təbii sərvətlərindən bəhrələnərək varlanmaq, ya da gündəlik ruzisini qazanmaq ümidi ilə gəlmirdilər. Şəhərə həm də Azərbaycanın mütərəqqi fikirli, qabaqcıl övladları toplaşırdılar. Onların sayəsində Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf edirdi. Ədəbiyyatımız yeni yazılan əsərlərlə zənginləşir, milli mətbuatımız tərəqqi edir, maarifçilik hərəkatı genişlənirdi.

Əliheydər Ələkbərovun üç yaşı olanda - 1918-ci ildə böyük tarixi hadisə baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Ancaq həmin vaxtlar onun dünyaya göz açdığı şəhəri bolşevik-daşnak qüvvələri ələ keçirdilər və Bakı Xalq Komissarları Sovetini qurdular. Erməni vandallarının azərbaycanlılara qarşı törətdikləri soyqırımının hüznü və təhlükəsi də sovuşmamışdı. 

Azərbaycanın digər əraziləri kimi Bakını da millətsevər oğullar bolşevik-daşnak bəlasından xilas etdilər. Cümhuriyyət hökuməti Bakıya köçdü. Ancaq 1920-ci ilin aprelində bolşeviklərin işğalı nəticəsində Azərbaycan yenidən işğal edildi.

Əliheydər Ələkbərov da təhsil almağa müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin deyil, sovet Azərbaycanının vətəndaşı kimi başlamalı oldu. Uşaqlıq illərindən bu şəhərin qədimliyi ilə bənzərsiz gözəlliyinin vəhdətindən yaranan əsrarəngizliyi balaca Ələkbərin xəyallarını pərvazlandırırdı. Arzuları aydın gecələrdə göy üzündə sayrışan ulduzlara bənzəyirdi. Hər birinin öz gözəlliyi, cazibədarlığı olsa da, Əliheydər onlardan birini seçdi, teatr sənətinə könül verdi. 

Bu sənəti anlayan, rəğbət göstərənlərin ona xor baxanlardan sayca az olması Əliheydər Ələkbərovu yolundan döndərə bilmədi. O, böyük həvəslə, sonsuz ehtiramla Azərbaycan teatr sənətinin inkişafına xidmət etdi. 

Əliheydər Ələkbərovun yaradıcılığında Akademik Milli Dram Teatrı (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) mühüm yer tutsa da, digər sənət ocaqlarında da fəaliyyət göstərdi. 1960-1967-ci illərdə Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) baş rejissor vəzifəsində çalışdı. Həmin teatrın repertuarınun formalaşmasında, aktyor truppasının peşəkarlaşmasında onun əməyi vardı. Əliheydər Ələkbərov bu teatrda bir sıra tamaşalara quruluşlar verdi. Səhnələşdirdiyi "Bir dəqiqə" (1961), "Hacı Qara" (1962), "Özümüz bilərik" (1963), "Olmadı elə, oldu belə" (1964), "Ulduz" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Haradasan, ay subaylıq?" (1968) və başqa tamaşalar teatrsevərlər tərəfindən maraqla qarşılandı. Ancaq o, bunlarla da kifayətlənmədi. 1966-cı ildə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" operettasına Bolqarıstanın Şumen şəhərindəki türk teatrında quruluş verdi. 1967-ci ildə isə filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru oldu, televiziyada bir neçə əsərə quruluş verdi.

Sənətdə görənlər, hazırladığı tamaşaların iştirakçısı və ya tamaşaçısı olanlar onu ustad rejissor adlandırırdılar. Əliheydər Ələkbərov isə təvazökarlıqla, təmənnasızlıqla çalışır, Azərbaycan teatr sənətində  özünəməxsus iz qoyurdu.

Əməyi diqqətdən kənarda qalmadı. 1949-cu ildə ona "Əməkdar artist" fəxri adı verildi. 1959-cu ildə "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırıldı. 1967-ci ildə Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə Üzeyir bəy Hacıbəyli adına mükafata, 1972-ci ildə isə Dövlət mükafatına layiq görüldü.

Əliheydər Ələkbərov həm də pedaqoji fəaliyyətlə məşğul idi. 1965-ci ildən Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyor və rejissor sənətindən dərs deyən sənətkarın tələbələrinin bir çoxu bu gün tanınmış aktyorlardır.

1975-ci il martın 3-də dünyasını dəyişən Əliheydər Ələkbərov həm sənətkar, həm də insan kimi özündən sonra yalnız xoş xatirələr qoyub.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr