AZ

Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix 

  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətləri iyulun 10-da Əbu-Dabidə keçirilən görüşdə sülh sazişinin mətni ilə bağlı müzakirələr aparsa da, nə zaman imzalanacağına dair dəqiq tarix müəyyənləşməyib. İddialara görə, görüş zamanı sənədin 2025-ci ilin sonuna kimi imzalanması ilə bağlı razılıq əldə olunub.

Rəsmi Bakı bunun üçün ilk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaların çıxarılmasını əsas şərt kimi saxlayır. İrəvan hökuməti bu məqsədlə yeni konstitusiya layihəsi üzərində çalışdığını və gələcəkdə referendum keçirməyi planlaşdırdığını bildirir. Lakin prosesin konkret vaxtı hələlik məlum deyil.

Mövcud vəziyyətdə sülh sazişinin ilin sonuna kimi imzalanması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Əbu-Dabidə liderlər səviyyəsində baş tutan son görüş sülh sazişinə doğru gedən prosesin kritik mərhələyə daxil olduğunu göstərir:

“Bu görüş, format və məzmun baxımından əvvəlkilərdən fərqli idi. Onun məhz Avropa İttifaqı, Rusiya və ABŞ-ın iştirakı olmadan, neytral mövqedəki Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi ilə keçirilməsi diqqət çəkdi. Bu, həm tərəflərin artıq daha konkret və birbaşa formatda danışıqlara üstünlük verdiyini, həm də geosiyasi vasitəçilərin balanslaşdırıldığı yeni bir diplomatik mərhələyə keçid olduğunu göstərir.


Görüş zamanı konkret sənədlər imzalanmadı, lakin tərəflər arasında sülh sazişinin konturları artıq böyük ölçüdə formalaşıb. Ən mühüm və kritik məsələ isə Ermənistan Konstitusiyasında qalmaqda olan və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların gələcəyi ilə bağlıdır. Rəsmi Bakı uzun müddətdir ki, Ermənistanın 1990-cı illərdə qəbul etdiyi Müstəqillik Bəyannaməsinə və Konstitusiyasına istinad edərək bu sənədlərdə Azərbaycanın Qarabağ bölgəsinə iddiaların hüquqi əsas kimi təqdim olunduğunu bildirir. O baxımdan, sülh sazişinin imzalanması üçün İrəvanın bu düzəlişləri etməsi Azərbaycan tərəfindən prinsipal tələb kimi qalır”.

Politoloq vurğulayıb ki, Azərbaycan diplomatiyası açıq şəkildə bunu qarşı tərəfə bildirir:

“Ermənistan sülh sazişinin imzalanması üçün ilk növbədə öz Konstitusiyasını beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmalı, qonşu dövlətin ərazi bütövlüyünə konstitusion zəmanət verməlidir.

İrəvan rəhbərliyi seçim etməlidir: ya regionda sabitlik və iqtisadi inkişaf naminə Azərbaycanla real və davamlı sülhə imza atacaq, ya da daxili populist, revanşist dairələrin təsiri altında prosesi uzadacaq. Bunun nəticələri isə Ermənistan üçün heç bir halda müsbət olmaycaq”.

Seçilən
10
1
referans.az

2Mənbələr