Müasir mərhələdə müstəqil dövlət quruculuğu prosesi mürəkkəb və çoxaspektlidir. Bu tezis politologiya ilə yanaşı, geosiyasi təlimlərdə də qəbul edilmişdir. Onun iki səbəbi qeyd edilir. Birinci səbəb, bütövlükdə, "müstəqil dövlət" anlayışının indiki mərhələdə siyasi anlamının yeni məna çalarlarına malik olması ilə bağlıdır. İkinci səbəb isə qloballaşma prosesinin müstəqil dövlət quruculuğunu dünya miqyasında yeni səviyyədə mürəkkəbləşdirməsindən qaynaqlanır. Bu nöqteyi-nəzərdən Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin beynəlxalq münasibətlər və hüquq kontekstində politoloji təhlili maraq doğurur.
Çünki məhz Azərbaycan postsovet məkanında müstəqil və suveren dövlət quruculuğunda böyük nailiyyətlər əldə etmiş əsl müstəqil dövlətdir. Dövlət quruculuğunun Heydər Əliyev-İlham Əliyev xəttində prosesin daxili faktorları ilə xarici amillərin vəhdəti xüsusi yer tutur. Müəyyən mənada məhz bu özəlliyinə görə Azərbaycan müstəqil və suveren dövlət kimi beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
XX əsrin 90-cı illərində Azərbaycanda dövlət quruculuğu
Keçən əsrin 90-cı illərinin əvvəllərindən aydın idi ki, Azərbaycanda dövlət quruculuğuna beynəlxalq münasibətlərin təsiri çox güclüdür. Hətta bir müddət bu faktor ölkədə müstəqil dövlət quruculuğuna çox ciddi təsir etdi, onun, faktiki olaraq, kənar idarəedici parametrinə çevrildi. Bunun iki səbəbinin olduğunu düşünürük.
Birincisi, Azərbaycanda 1991-1992-ci illərdə hakimiyyətdə səriştəsiz siyasi qüvvələrin olması ilə bağlı idi. Çünki həmin dövrdə siyasi hakimiyyət dövlətin konkret quruculuq konseptini işləyib hazırlaya bilməmişdi. Vəziyyət yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra dəyişməyə başladı. Ölkədə xaotik proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi.
İkincisi, dünya miqyasında sosialist düşərgəsinin dağılması ilə qlobal səviyyədə xeyli qeyri-tarazlı geosiyasi vəziyyət yarandı. Qərb özünü əsassız olaraq hər şeyi müəyyənləşdirən və idarə etməli olan ağa kimi aparmağa başladı. Bunun fonunda Qərbin böyük dövlətləri özlərindən başqa kimsənin haqqını-hüququnu tanımaq istəmədi. Nəticədə, dünya miqyasında ədalətsizlik, qarışıqlıq və hüquqsuzluq baş alıb getdi.
Onun ən çox təsir etdiyi məkanlar sırasında Cənubi Qafqaz da vardı. Burada böyük güclər təcavüzkar Ermənistana hər cür dəstək verməklə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməyə başladı.
Bu prosesdə beynəlxalq münasibətlər kontekstində Azərbaycandakı mövcud vəziyyətə təsir edən faktorlar sırasında ikisi daha çox qabarmışdı. Onlardan biri "Azadlığa Dəstək Aktı"na əlavə edilən və Azərbaycana ABŞ-nin dövlət yardımlarını qadağan edən bədnam "907-ci düzəliş", digəri isə müxtəlif bəhanələrlə Ermənistanın Azərbaycana olan ərazi iddialarını dəstəkləməklə bağlı idi.
"907-ci düzəliş"ə görə ABŞ Azərbaycana birbaşa dövlət yardımı göstərə bilməzdi. Təcavüzə məruz qalmış Azərbaycan necə olurdusa hüquqi cəhətdən günahkar hesab edilirdi. İndi ekspertlər bu prosesdə erməni lobbisinin fəallığını səbəb kimi gətirməyə çalışırlar. Guya erməni lobbisi olmasa idi ABŞ Konqresi belə bir tarixi-hüquqi saxtalaşdırma etməyəcəkdi. Lakin faktdır ki, həmin dönəmdə Amerika postsovet məkanında yalnız Azərbaycana dövlət yardımına qadağa qoymuşdu. Vaşinqton birbaşa beynəlxalq münasibətlərin Vestfal prinsiplərinə və beynəlxalq hüququn norma və qaydalarına zidd olaraq hərəkət edirdi.
Bütün dünya üçün utandırıcıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına böyük güclər açıq və gizli şəkildə ciddi dəstək verirdilər. Müxtəlif bəhanələr və qondarma arqumentlərlə erməni işğalına yardım edir və onu hüquqi cəhətdən müdafiə etməyə çalışırdılar. Onun reallaşma mexanizmləri kimi, "907-ci düzəliş"lə yanaşı, ATƏT-in Minsk qrupu adlandırılan və Azərbaycan-Ermənistan münaqişəsini həll etməli olan qurumun yaradılmasını göstərmək olar. Vurğulanan faktların hər ikisinin beynəlxalq münasibətlərin və beynəlxalq hüququn mahiyyətinə birbaşa aidiyyəti var. Onlar iki aspektdə müasir dünyada təcavüzə məruz qalmış müstəqil dövlətə olan münasibətin əlamətləridir. Biri ("907-ci düzəliş") yaranmış vəziyyətin hüquqi, siyasi və geosiyasi qiymətləndirilməsi, digəri (ATƏT-in Minsk qrupu) isə onun beynəlxalq hüquq normaları çərçivəsində həlli mexanizmidir. Sonrakı təcrübə göstərdi ki, müstəqil dövlətçiliyi dəstəkləmək kontekstində hər iki fakt saxta, ədalətsiz və qərəzlidir.
"Əsrin müqaviləsi" - postsovet məkanını dəyişən addım
Heydər Əliyev müsahibələrinin birində vurğulamışdı ki, öncəki Azərbaycan iqtidarının dövlət quruculuğu konsepsiyası, yəni, dəqiq işlənmiş strateji fəaliyyət proqramı yoxdur. Ulu Öndər xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra enerji siyasətinə yeni məzmun verdi. Onun tərkibində "Əsrin müqaviləsi" adlanan möhtəşəm razılaşmanın ayrıca yeri və rolu var. Bu, Heydər Əliyevin qarışıq bir məkanda müstəqil dövlət qurmaq üçün daxili şərtlərlə xarici situasiyanı sintez edə bilən məharətli siyasi-diplomatik həmləsi idi. Çünki "Əsrin müqaviləsi" yalnız maliyyə və maddi qiyməti ilə əhəmiyyətli deyildir - o, əslində, dünyanın böyük güclərinin potensialını Azərbaycanın dövlət quruculuğuna xidmət etməyə sövq edən strateji addım idi.
"Əsrin müqaviləsi" öncəsi və ondan sonrakı bir neçə ildə kənar qüvvələr Azərbaycanda dövlət çevrilişinə ciddi cəhdlər göstərdilər. Niyə məhz dövlət çevrilişinə cəhdlər oldu? Çünki xaricdəki böyük və təcrübəli qüvvələr yaxşı anlayırdılar ki, söhbət Heydər Əliyevin dövlət quruculuğu kursunun əsas faktorundan gedir. Əgər həmin istiqaməti Azərbaycan rəhbərliyi davam etdirsə, müasir dövrdə əsl müstəqil Azərbaycan dövləti tam formalaşacaq!
Lider və xalqın gücü
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun konseptuallaşması və onun praktiki həyata keçməsi kontekstlərində fəaliyyəti böyükdür. Ulu Öndərin 1994-1995-ci illərin Azərbaycanda dövlət quruculuğu aspektində dönüş illəri olması ilə bağlı fikri, sözün həqiqi mənasında, tarixi əhəmiyyətlidir. Heydər Əliyev müstəqil dövlət quruculuğu kursunun siyasi kontekstdə yeni məzmun və məna kəsb etdiyini ifadə etmişdir. Onun başlıca xüsusiyyəti, hər şeydən öncə, dövlət quruculuğunun fəlsəfəsinin yeniləşməsi ilə bağlıdır.
Heydər Əliyev ümumən bu transformasiyanı "xalqın gücü" adlandırdı. Bu, olduqca dəqiq ifadə edilmiş tezisdir. Çünki xalq Ulu Öndərin çağırışlarına ciddi reaksiya verərək, liderin apardığı dövlət quruculuğu siyasətini tam dəstəklədi. Hakimiyyət məsələsini silahlı toqquşma üsulu ilə deyil, xalqın iradəsi əsasında həll etməyin Azərbaycan nümunəsi, bütövlükdə, postsovet məkanında müstəqil dövlət quruculuğunun yeni nümunəsinin mərkəzi xəttini təşkil edir.
Heydər Əliyev dövlət quruculuğunu ilk dəfə olaraq konseptual səviyyədə daxili və xarici təminedici, müəyyənedici və formalaşdırıcı faktorların sintezində ifadə etmişdir. Burada təbii ki, təməl rolunu yuxarıda vurğuladığımız bir neçə əsas faktorun qarşılıqlı əlaqəsinin silahlı mübarizə müstəvisindən xalqın sivil mənəvi və ideoloji gücü müstəvisinə transformasiya edilməsi oynamışdır. Həmin keyfiyyətdə xalqın gücü beynəlxalq münasibətlər səviyyəsində dövlətin kimliyini göstərən əsas parametrlərdən biri kimi özünü təsdiq etmişdir. Buradan dövlət quruculuğunda dövlətlərarası münasibətlərin mühüm aspektlərindən birini əks etdirən başqa tezis formalaşır: "xalqın birliyi ölkənin beynəlxalq aləmdə gücünün başlıca mənbəyidir"!
Güc bu siyasi anlamda Azərbaycan təcrübəsində dövlət quruculuğu və beynəlxalq münasibətlər proseslərində hansı məna çalarlarına malikdir?
Burada başlıca problem xalqın gücünün (toplumsal enerjinin) beynəlxalq miqyasda dövlət quruculuğunun elementinə çevrilməsindən ibarətdir. Praktiki olaraq bu proses Azərbaycanda 1993-cü ilin ikinci yarısından başlamışdır. Heydər Əliyev tədricən cəmiyyətin enerjisini dövlətçiliyə xidmət istiqamətinə yönəltmişdir. Onun reallaşmasının iki hüquqi mexanizmini Ulu Öndər tətbiq etmişdir.
Birincisi, cəmiyyətin enerjisi toplumsal birliyin təmininə səfərbər edilmişdir.
İkincisi, dövlət quruculuğunun çox əhəmiyyətli aspekti olan hüquqi bazanın yaradılması Azərbaycanda dövlət quruculuğu kontekstində 1995-ci ildə yeni konstitusiyanın qəbulu ilə yeni stimul almışdır.
Buradan Azərbaycan təcrübəsində cəmiyyətin birliyinin dövlətlərarası münasibətlər sistemində uğurlu transformasiyasının başlıca şərtini müəyyən etmək olur. Bu, xalqın gücünün onun birliyində olması ilə bağlıdır. Vurğulanan keyfiyyət Azərbaycan təcrübəsində azərbaycançılıq, həmrəylik və multikulturalizmin vəhdətində uğurla sınaqdan çıxmışdır. Onlar kompleks halda xalqın gücünün dövlətlərarası münasibətlər səviyyəsinə uğurlu transformasiyasının başlıca faktorlarıdır.
Lider, cəmiyyətin birliyi və dövlətçilik
Cəmiyyətin birliyinin azərbaycançılıq və multikulturalizm vasitəsilə təmin edilməsinin mühüm bir aspekti də vardır. O, cəmiyyətin birliyinin dövlətçilik konteksti ilə bağlıdır. Hər bir tarixi dönəmdə bu keyfiyyətin təminedici faktoru liderdir. Deməli, Heydər Əliyev daxili birliyi beynəlxalq münasibətlər sisteminə siyasi dəyər kimi transformasiya etməklə xüsusi nümunə yaratmışdır. Böhran vəziyyətində olan bir Cənubi Qafqaz dövlətinin beynəlxalq münasibətlər sistemində yeri və rolunu müstəqillik faktoru ilə bağlamışdır. Bu zaman dövlət quruculuğunun daxili dəyərlərinin beynəlxalq miqyasda geosiyasi faktor kimi aktuallaşması xüsusi yer tutmuşdur.
Təcrübə göstərir ki, enerji strategiyası dövlətlərarası münasibətlərdə Azərbaycanın maraqları baxımından ciddi rol oynayır. Bu proses indi də davam edir.
Beləliklə, cəmiyyətin birliyi ilə dövlət quruculuğunun bütün daxili şərtlərinin qarşılıqlı əlaqəsi və onların xarici mühitə transformasiyası arasında vəhdət təmin edilmiş oldu. Heydər Əliyev bununla müstəqil dövlət quruculuğu prosesində milli ilə beynəlxalq səviyyələrin perspektivli nisbətini yaratdı.
Azərbaycanın sonrakı dönəmlərdə dövlət quruculuğunu həyata keçirməsi təcrübəsi göstərdi ki, Ulu Öndər bu məsələdə də son dərəcə uğurlu kurs müəyyən etmişdir. Həmin kontekstdə Ümummilli Liderin iki tezisini xatırlamaq yerinə düşərdi.
Heydər Əliyev tövsiyə edirdi ki, "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Bir başqa fikrində Ümummilli Lider vurğulamışdır: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar".
Bu nümunələr göstərir ki, Azərbaycanda müstəqil dövlət quruculuğunun təməlində güclü və dəqiq geosiyasi, mənəvi, mədəni və siyasi prinsiplər dayanır. Onların sayəsində Azərbaycan xalqı sıx birləşmişdir və onun enerjisini dövlət quruculuğu kontekstində beynəlxalq miqyasda dövlətlərarası münasibətlərə transformasiya edə bilmişdir. Azərbaycan bununla indi ən böyük məmləkət qədər güclüdür!
Sonuncu tezis bizi təbii olaraq dövlət quruculuğu ilə beynəlxalq münasibətlərin qarşılıqlı əlaqəsinin Heydər Əliyev tərəfindən qoyulan bazası üzərində yeni mərhələnin başlaması ideyasına gətirib çıxarır. Bu kontekstdə XXI əsrin ilk onilliklərində Azərbaycanda müstəqil dövlət quruculuğunun bir sıra mühüm məqamları üzərində dayanmaq zərurətini dərk etmək gərəkdir. Yeni mərhələni, şübhəsiz ki, Prezident İlham Əliyev dönəmi adlandıra bilərik.
XXI əsrin ilk onilliklərində Azərbaycanda müstəqil dövlət quruculuğu
2003-cü ildən başlayaraq Azərbaycanda müstəqil dövlət quruculuğu Azərbaycanın XXI əsrin əvvəllərində daxili sosial, siyasi, iqtisadi və ideoloji özəllikləri fonunda müstəqil dövlət quruculuğunun xüsusiyyətləri və beynəlxalq münasibətlər sistemində meydana gələn yeni tendensiyalar kontekstində müstəqil dövlət quruculuğunun özəllikləri kimi iki səviyyədə təhlil edilməlidir. Bu iki səviyyə bir-biri ilə sıx əlaqədədir. XXI əsrdə onların qarşılıqlı təsiri daha da güclənmişdir. Dünya miqyasında geosiyasi dinamika ciddi surətdə dəyişmiş, dövlətlərarası münasibətlər daha dinamik və bir çox faktorlardan asılı vəziyyətə gəlmişdir.
Qlobal miqyasda özünü göstərən prinsipial dəyişikliklər beynəlxalq münasibətlər sistemini də "silkələmişdir". Politoloqlar vurğulayırlar ki, XXI əsrin gəlişi ilə "dünyada münaqişəliliyin səviyyəsi də yüksəlmişdir". Beynəlxalq münasibətlər sistemi sabit vəziyyətdən çıxmış, xüsusilə də qüvvələr balansı dəyişmiş, nəticədə, kollektiv təhlükəsizlik arxitekturasının və beynəlxalq hüququn yeniləşməsi zərurəti meydana gəlmişdir.
Beynəlxalq münasibətlər sistemində müşahidə edilən bu kimi transformasiyalar müstəqil dövlət quruculuğuna xüsusi məzmun vermişdir. Buna görə də postsovet məkanında hər bir müstəqil dövlətin lideri situasiyaya yaradıcı yanaşmalı idi. Lider daxili siyasətlə xarici siyasəti dövlət quruculuğu və suverenliyin təmini ilə sıx əlaqələndirməli idi. Bu isə təbii olaraq, beynəlxalq münasibətlərin risklərini neytrallaşdırmaq üçün müstəqil dövlət quruculuğunda yeni şərtlər çərçivəsində cəmiyyətin birliyindən maksimum faydalanmağı tələb edirdi. Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər məsələnin bu tərəfini geniş və dolğun ifadə edir. Azərbaycan rəhbəri müstəqil dövlət quruculuğunun daxili və xarici şərtlərin qarşılıqlı təsiri şəraitində uğurla aparılmasının fəlsəfəsini dəqiq açmışdır. Onları bir neçə istiqamətə bölmək olar.
Öncə, Prezident İlham Əliyevin həmin dönəmə verdiyi ümumi səciyyə və onun fonunda əldə edilən nəticələrin ümumi təsvirinə nəzər salaq. Prezident İlham Əliyev 2003-cü ildəki nitqində vurğulamışdır: "Azərbaycanda son illər ərzində hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir. Əlbəttə, bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qoruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək".
Dövlət başçısı 2008-ci ildəki andiçmə mərasimindəki nitqində verdiyi vədlərin yerinə yetirilməsi kontekstində vurğulamışdır: "Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki, bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır".
Dövlət quruculuğu, regional əməkdaşlıq və enerji strategiyası
Vurğulanan iki nümunə Azərbaycanda müstəqil dövlət quruculuğunun İlham Əliyev mərhələsinin başlıca istiqamətlərini ifadə edir. Belə ki, Azərbaycan Prezidenti beynəlxalq məsələlərin həllinə çox böyük diqqət yetirmiş və bu istiqamətdə nailiyyətlər əldə etmişdir. Nəticədə, "Azərbaycan son beş il ərzində bölgədə öz yerini möhkəmləndiribdir. Biz bütün ölkələrlə ikitərəfli surətdə faydalı əməkdaşlığın dərinləşməsində maraqlıyıq, bunu edirik və bizim təşəbbüslərimiz bu məqsədi güdür. Xarici siyasətdə Azərbaycan son beş il ərzində böyük dərəcədə öz mövqelərini möhkəmləndirə bilmişdir".
Deməli, İlham Əliyev regional miqyasda dövlətlərarası münasibətləri elə inkişaf etdirmişdir ki, birincisi, Azərbaycan dövlətinin bölgədə yeri möhkəmlənmişdir, ikincisi, müxtəlif ölkələrlə ikitərəfli faydalı əməkdaşlıq dərinləşmişdir, üçüncüsü, regional miqyasda Azərbaycanın təşəbbüsləri həmişə milli maraqlara uyğun olmuşdur. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Bizim regional müstəvidə təşəbbüslərimiz həm regional əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərir, həm də Azərbaycanın maraqlarına uyğundur. Əminəm ki, bölgədə bizimlə əməkdaşlıq edən ölkələr də bu əməkdaşlıqdan razıdır. Bizim bütün təşəbbüslərimiz bu məqsədi güdür ki, bölgədə sülh, sabitlik daha da möhkəm olsun, iqtisadi əməkdaşlıq sürətlənsin və bölgədə yerləşən bütün ölkələr sülh, sabitlik, dostluq şəraitində yaşasınlar".
Vurğulanan siyasi kurs çərçivəsində 2003-2008-ci illərdə Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı və Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində fəallığı yeni səviyyəyə yüksəlmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı ikinci, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli isə üçüncü istiqaməti təşkil edir.
Üç istiqamətin ümumi yekun nəticəsini belə ifadə etmək olar: Azərbaycan daha çox müttəfiq ölkələr qazanmış və strateji tərəfdaşlarının sayını artırmışdır.
Dövlət quruculuğunun regionlararası konteksti
Məsələnin daha əhəmiyyətli tərəfi həmin müddətdə Azərbaycanda dövlət quruculuğunun daha da inkişaf etməsi ilə bağlıdır. İlham Əliyev ölkəyə rəhbərliyə başlayandan Azərbaycan cəmiyyətinin daxili birliyi daha da möhkəmlənmiş, multikulturalizm rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılmış, iqtisadi inkişaf sürətlənmişdir. Bu uğurlara dövlət başçısı enerji strategiyasını müvəffəqiyyətlə həyata keçirmək və geniş islahatlar aparmaq sayəsində nail olmuşdur. Əsas yeri isə Azərbaycanda müstəqil dövlət quruculuğunun başlıca prinsiplərini tam aydınlaşdırmaq və onları idarəetmədə möhkəmləndirmək tutmuşdur.
Aparılan dövlət quruculuğu siyasəti 2020-ci ildə ərazi bütövlüyünün bərpası və 2023-cü ilin sentyabrında suverenliyin tam təmini ilə nəticələnmişdir. Bu başlıca məqamlar İlham Əliyevin 2024-cü ilin fevralında keçirilmiş andiçmə mərasimində ifadə etdiyi aşağıdakı fikirlərdə əksini tapmışdır. Prezident İlham Əliyev ifadə etmişdir: "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik".
Beləliklə, dövlət quruculuğunda İlham Əliyev mərhələsi daxili və xarici siyasətin harmoniyası ilə xarakterizə olunur. Burada dövlət quruculuğunun cəmiyyətdaxili şərtləri ilə beynəlxalq miqyasda baş verən geosiyasi proseslərin qarşılıqlı əlaqəsinin xüsusiyyətləri bir-birini tamamlayır. Dövlətin möhkəmlənməsi, güclənməsi ilə regional və regionlararası miqyasda aparılan siyasət dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir.
Hazırda yeni tarixi dönəmin tələblərinə uyğun müstəqil dövlətçilik daha da möhkəmlənir. İdarəetmədə və islahatlarda şəffaflıq yüksəlir. Azərbaycanın iqtisadi, maliyyə imkanları o dərəcədə artmışdır ki, ölkə ciddi regionlararası aktorlardan birinə çevrilmişdir. Bu məqamı dövlət quruculuğunun yeni tarixi mərhələdə başlıca uğuru hesab etmək olar.
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert