AZ

Çeşməliyə gedən yol...

Tovuzda sosial problemlər səyyar qəbullarda daha tez həll olunur

Çeşməli gözəl bir kənddir. Adamları da təbiəti kimi mülayim və xoş xasiyyətli, gülərüz, torpağa bağlı insanlardır. Burada əhalinin sayı heç 700 nəfərə də çatmır. Əkinçiliklə, maldarlıqla məşğuldurlar. Əsasən də kartof əkini ilə məşğul olan əhali yetişdirdiyi məhsulların satışını həm yerli bazarlarda, həm də digər MDB ölkələrində edir. Yəni əlverişli şəraitin və məhsuldar torpağın olması əkinçilik sahəsinə daha çox diqqət yetirilməsinə şərait yaradıb. Həmçinin arıçılığa, son illərdə isə tütünçülüyə meyl edənlərin də sayı artıb...

Həsənli də böyük kənd deyil. Əhalisinin sayı Çeşməlidən iki dəfə azdır. Bu kənd Həsənli nəslinin adı ilə belə adlandırılır. Təsadüfi deyil ki, kənddə az qala iki nəfərdən birinin soyadı Həsənli, ya Həsənovdur.

Nəyə görə yazıya bu iki kənd haqqında məlumatla başladıq? Məsələ burasındadır ki, hər iki kəndin adamları heç vaxt xırda bir problemi, necə deyərlər, aləmə car çəkməklə, gileylənməklə həll etməyi sevmirlər. Çeşməlinin də, Həsənlinin də sakinləri hərəsi bir işin qulpundan tutmağı bacarır, yaşıllığa, yolların rahatlığına, həyət-bacalarının təmiz saxlanmasına fikir verirlər.

...Səyyar qəbula bir gün qalırdı. Həmişə olduğu kimi ağsaqqallar yenə də yerli icra və bələdiyyə nümayəndələri ilə bir yerə yığışıb məsləhətləşirdilər: “deyək, deməyək?” Qərara aldılar ki, desinlər. Çünki Tovuz rayon mərkəzindən bu kəndlərə gələn yolun təmir olunması və ya yeni yol salınması onların gücündən kənar məsələ idi.

Ertəsi gün rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Çeşməlidə səyyar görüş keçirərkən yol məsələsi qaldırıldı. Təbii ki, rayon rəhbəri onları sonadək dinlədi, qeydlərini apardı, amma konkret bir söz demədi. Çünki bu məsələnin həlli nəinki həmin kəndlərin, heç rayon icra hakimiyyətinin də gücündə deyildi...

Bir müddət keçməmiş xəbər yayıldı ki, nəinki bu iki kəndin, bütövlükdə bir neçə yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə bağlı ölkə Prezidentinin tapşırığı var.

Bəli, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq sözügedən yolun asfaltlanması ilə bağlı rayon icra hakimiyyəti aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış və artıq bu ildən Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çatax–Çeşməli–Mollalar–Məşədivəlilər–Həsənli Abbasqulular–Papaqçılar–Güvəndik–Lazılar–Novosaratovka marşrutu üzrə avtomobil yollarının yenidən qurulması işlərinə başlanılmışdır. Hazırda layihə çərçivəsində ümumi uzunluğu 24,6 kilometr olan avtomobil yollarının əsaslı şəkildə bərpası həyata keçirilir. Uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Xüsusilə payız-qış mövsümündə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsində çətinliklər yaranırdı.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə sözügedən yolların yenidən qurulmasına başlanılması əhalini hədsiz sevindirib. Layihə üzrə avtomobil yolları IV, bəzi sahələrdə isə V texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Bu aylarda layihənin Çatax–Çeşməli–Novosaratovka istiqamətində torpaq işləri, yolun hamarlanması və normativ enə salınaraq genişləndirilməsi işləri həyata keçirilir. Hazırkı mərhələdən sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Eyni zamanda, yolboyu suların ötürülməsi məqsədilə zəruri nöqtələrdə suötürücü boruların quraşdırılması da layihə çərçivəsində nəzərdə tutulub.

Qəribli kəndində keçirilən növbəti səyyar qəbul da yadda qalıb. Qəbulda yaxın Ağbaşlar kəndinin sakinləri də iştirak edirdilər. Qəriblinin kənd inzibati ərazi dairəsinə daxil olan kənd sakinlərindən bir neçə nəfəri çıxış edərək Zəyəmçay çayı üzərində yerləşən körpünün qəzalı vəziyyətdə olmasını dilə gətirdilər, təmir olunmasına köməklik göstərilməsini xahiş etdilər. Məlumat üçün bildirək ki, rayon mərkəzindən 50 kilometr uzaq məsafədə yerləşən Ağbaşlar kəndi Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun 50-ci kilometrliyində Zəyəmçay çayının sağ və sol sahilində, dağətəyi bir ərazidə yerləşir. Kənddə olan 79 fərdi yaşayış evindən 35-ni rayon mərkəzi və digər yaşayış məntəqələri ilə Zəyəmçay çayı üzərində 1993-ci ildə quraşdırılmış dəmir konstruksiyalı, uzunluğu 45 metr, eni isə 2,5 metr, istismara yararsız və qəzalı vəziyyətdə olan körpü birləşdirir. Uzun müddət istismar olunduğuna, həmçinin sel sularına məruz qaldığına görə körpünün dəmir konstruksiyadan düzəldilmiş dayaqları sıradan çıxmışdır. Ümumiyyətlə, körpünün dayanıqlılığı buradan yük maşınlarının keçməsinə imkan vermir. Kənar məhəccərlərinin olmaması isə piyadaların hərəkəti üçün təhlükəlidir. Körpünün bu vəziyyətdə olması Ağbaşlar kəndinin sosial-iqtisadi inkişafına bilavasitə təsir göstərir. Məhz kənddə keçirilən səyyar qəbul-görüşlər zamanı səsləndirilən bu fikirlər əsasında aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış və ölkə Prezidentinin tapşırığı ilə körpünün yenidən qurulması layihələndirilmişdir. Yaxın vaxtlarda körpünün tikintisinə başlanacaqdır.

...Tovuzda hər səyyar qəbul səbirsizliklə gözlənilir. Maraqlı, həm də təqdirəlayiq haldır ki, son illər adamlar şəxsi xahişlərindən, müraciətlərindən daha çox doğma kəndlərinin problemlərindən danışır, onların həll olunmasını istəyirlər. Xahişlər, müraciətlər də tədricən həll olunur, adamlar da razı qalırlar.

Rayonun Cəlilli kəndində keçirilən səyyar qəbul zamanı şəhid anası Abbasova Bəsti Əli qızı müraciət edərək 50 evin transformatordan məsafəsi çox olduğuna görə həmin evlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunmadığını bildirərək yaxın məsafəyə əlavə bir ədəd transformatorun quraşdırılmasını xahiş etmişdir. Qəbulda iştirak edən rayon elektrik şəbəkəsinin rəhbərliyinə dərhal müvafiq tapşırıq verilmiş və həmin 50 ev üçün yeni güc mərkəzi yaradılmış, yeni, daha güclü transformator quraşdırılmış, beləliklə şəhid anasının və digər sakinlərin bu problemi həll olunmuşdur.

Yeri gəlmişkən, səyyar qəbullar zamanı qaldırılan və sakinləri narahat edən əsas problemlərdən biri də rayonun elektrik təsərrüfatında olan problemlərdir. Belə ki, yeni yaşayış massivləri salındığına, istehlakçıların sayı əhəmiyyətli dərəcədə artdığına görə uzun müddət istismar olunan elektrik təsərrüfatı real təlabatı ödəmək imkanında deyildi. Bu istiqamtədə edilən çoxsaylı müraciətlər nəzərə alınaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış, rayonun Əyyublu, Ağdam, Səfərli, Məsimlər, Papaqçılar, Qaradaş, Qayadibi, Qandallar, Göyəbaxan kəndlərində elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər aparılmış, köhnə transformatorlar, dayaqlar dəyişdirilmiş, elektrik xətləri kabelləşdirilmişdir.Eyni zamanda rayonun Sarıtala, Çobansığnaq, Almalıtala kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması layihələri təsdiqlənmişdir.

Məlumdur ki, səyyar qəbullar ölkənin hər yerində, o cümlədən Tovuzda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında keçirilir və səmərəliliyi də göz qabağındadır.Bunun bir üstünlüyü də ondan ibarətdir ki, səyyar qəbullarda rayon rəhbərinə ünvanlanan müraciətləri hamı görür və eşidir. Məsələlər həll olunmasa, növbəti səyyar qəbulda başçı üçün sakinlər qarşısında çıxış etmək bir qədər çətin olur. Təbii ki, elə məsələlər var o, rayon rəhbərliyinin gücü xaricindədir. Lakin icra hakimiyyətinin başçısı cənab Prezidentimizin yerdəki nümayəndəsidir. O, bu işlərə, müraciətlərə nəzarət etməli, ümumiləşdirməli və müvafiq qurumlar qarşısında məsələ qaldırmalıdır. Belə də olur. Yuxarıda qeyd etdityimiz məsələlər kimi.

Fuad Rzayev, rayon icra hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri:

– Müvafiq tapşırığa əsasən vaxtaşırı olaraq yerlərdə RİH başçısının səyyar qəbul-görüşləri keçirilir. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq və problemlərin həlli istiqamətində tədbirlər görməkdir. Bu ilin 6 ayı ərzində rayonun 20 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 142 müraciət qeydə alınmış, onların 56-sı həll edilmiş, 39-u ilə bağlı müvafiq izahat verilmiş, 3 məsələ ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış, 44 məsələnin həlli müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırılmışdır.

Kənd və qəsəbələrdə bizim icra nümayəndələrimiz var. Onlardan yaşayış məntəqələrinin problemləri haqqında vaxtaşırı məlumatlar alır və ümumiləşdiririk. Əksəriyyətini özümüz, daxili imkanlar hesabına həll edirik. Digər qlobal problemlər isə müvafiq mərkəzi qurumlarla həll olunur. Məmməd müəllim bu işlərə qarşı olduqca diqqətlidir. Yaranmış vəziyyət, problem, hər hansı bir müraciət barədə rayon icra hakimiyyətinə vaxtında məlumat verməyən icra nümayəndəsinə və ya digər yerli qurumların rəhbərlərinə qarşı isə çox sərtdir, həddindən artıq tələbkardır. Bunu rayonda hamı bilir.

...Tovuz Qərb bölgəsində əhalisinin sayına görə Şəmkirdən sonra ikinci böyük rayondur. Son vaxtlar çox inkişaf edib, dəyişib, daha da gözəlləşib. Rayonda bu inkişafı ölkə Prezidentinin Tovuza və tovuzlulara göstərdiyi diqqət və qayğı ilə əlaqələndirirlər.

Başqa bir vacib məqam tovuzluların fəallığının, rayonun inkişafında yaxından iştirak etmələrinin, torpağa bağlılıqlarının, maraqlı təşəbbüs və təkliflərlə çıxış etmələrinin nəticəsidir. Elə hər səyyar qəbulda bu fəallıq, dövlətə və dövlətçiliyə sədaqət hissi açıq-aşkar hiss olunur...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Tovuz

Seçilən
11
xalqqazeti.az

1Mənbələr