AZ

Həsən bəy Zərdabi – sönməyən məşəl

“Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!” – Kazan Universitetinin Şərqşünaslıq bölümünün qurucusu, mütəfəkkir alim Mirzə Kazım bəy bu fikri Peterburq Universitetində çarın hüzurunda çıxış edən zaman səsləndirib.

Həmin aralarda Mirzə Fətəli Axundzadə, Abbasqulu Ağa Bakıxanov, Hacı Zeynalabdin Tağıyev, Nabat xanım Aşurbəyova, Həbib bəy Mahmudbəyov qüdrətli şərqşünas-filosofun səsinə səs verdilər. Həsən bəy Zərdabi də o sırada idi. O Həsən bəy Zərdabi ki, azərbaycançılıq məfkurəsinin zəminini hazırlayıb, təməl prinsiplərini müəyyən edənlərdən olub. O, zülməti yaran Rusiyada ilk türkdilli mətbuatın qurucusu, ilk qız məktəbinin ideya müəllifi, Müəllimlərin I Qurultayının həmsədri, Bakı Dumasının 28 azərbaycanlı deputatından biri idi. Əlimərdan bəy Topçubaşovun dili ilə desək: “Azərbaycanın mayakına, məşəlinə dönən” Həsən bəy Zərdabinin adı da, özü də, varlığı da mənsub olduğu millətə Tanrıdan tale payı sayılır.

General Fərəc bəy Ağayev Zərdabinin taleyində

Həsən bəy Səlim bəy oğlu Məlikov 1837-ci il iyunun 28-də Bakı quberniyasının Göyçay qəzasının Zərdab kəndində mülkədar ailəsində dünyaya gəlmişdi. İlk təhsilini də elə burada, Zərdabda mədrəsədə almışdı. Ərəb, fars dilini mənimsəmişdi. Atası oğlunun fitri istedadını nəzərə alıb onu, rusca dünyəvi təhsil verən Şamaxı qəza məktəbinə gətirmişdi. 1852-ci il kiçik Zərdabinin böyük dünyasına elmi-irfanın paytaxtı, şairlərin, ustad sənətkarların diyarı Şamaxıda qapı açmışdı.

Həsən bəyin biliyi, nitqi, dünyəvi elmləri qavrama qabiliyyəti məktəbi bitirmək üçün verdiyi imtahan zamanı Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolayın diqqətini çəkmiş, onun dövlət təqaüdü ilə Tiflisə göndərilməsini təklif etmişdir. Bu ərəfədə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Atasının Tiflisdə yaşayan dayısı general Fərəc bəy Ağayev məsələyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Fərəc bəy Ağayevin iradəsi, baron Nikolayın diqtəsi ilə Həsən bəy Zərdabinin taleyi dəyişmişdi.

Fərəc bəy olmasaydı, Zərdabi kim olacaqdı – bilmirik, amma Zərdabi olmasaydı, müsəlmanların taleyində mühüm rol oynayan Xeyriyyə Cəmiyyəti qurulmayacaqdı. Hacı Zeynalabdin Tağıyevin millət quruculuğu yolunda gerçəkləşdirdiyi layihələrin ideya müəllifi olmayacaqdı. Cümhuriyyət qurucularının baş ideoloqu da doğulmayacaqdı. İlk peşəkar teatrın təsis olunmasından, Şərqin ilk anadilli mətbu orqanının qurulmasından da söz getməyəcəkdi. Həsən bəy məktəbi, mətbuatı, teatrı milli dirçəlişə, intibaha, cəhalətdən qurtuluşa, əbədi istiqlala körpü bildi, “Millət qalan, qalan hər şey yalan!” nidası ilə qələm çaldı.

Vətən çağırır

Həsən bəy Zərdabi general Fərəc bəy Ağayevin iradəsi ilə Tiflisə, Qafqazın mədəni mərkəzinə qədəm qoyanda cəmi 21 yaşı var idi. I Tiflis Məktəbinin V sinfinə qəbul olmuşdu. 1861-ci ildə buranı bitirəndən sonra yenə də dövlət təqaüdü ilə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilmişdi. 1865-ci ildə buranı fərqlənmə diplomu ilə başa vurdu. Türk və müsəlman olmasına baxmayaraq Böyük Elmi Şura onun universitetdə saxlanılması haqqında qərar çıxarmışdı. Darvin nəzəriyyəsini mükəmməl bilən bir elm fədaisi kimi bəlkə də, onu qarşıda daha böyük uğurlar gözləyirdi. O, Həsən bəy idi. Ən böyük nailiyyətini millətə xidmətdə görür, tərəddüd etmədən Elmi Şura üzvləri qarşısında bir məzun kimi sonuncu tarixi nitqini edirdi: “Mənim xalqın bu saat qəflət yuxusundadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz!”

İlk gimnaziya müəllimi

M.V.Lomonosov adına Moskva Universiteti bütün zamanlarda, elə indinin özündə də dünyanın nüfuzlu elmi-tədris mərkəzidir. Həsən bəy bu elm məktəbində təkcə bir fizik, riyaziyyatçı, bioloq, təbiət elmləri üzrə ciddi mütəxəssis kimi yetişmədi. O, bu möhtəşəm elmi mərkəzdə darvinist alimlərlə yanaşı, tarixçi Solovyov, yazıçı-publisist Pleşeyevlə dostlaşdı. Rus maarifçilik hərəkatının mogikanları ilə tanış oldu. Tiflisin mədəni-siyasi mühitində Bestujev–Marlinski kimi inqilabçılarla tanışlıq Mirzə Fətəli Axundzadənin ruhunda inqilab etdiyi kimi, Solovyov və Pleşyevlə dostluq da Həsən bəy Zərdabinin düşüncəsində intibahın rüşeymlərini cücərtdi.

Təhsilini başa vurduqdan sonra öncə Tiflis Torpaq İdarəsində çalışan Həsən bəy 1868-ci il fevralın 28-dən oktyabrın 4-dək Qubada məhkəmə katibi, Şamaxıda müstəqil vəkil kimi fəaliyyət göstərdi. Hüquq müdafiəçisinə çevrildi. 1869-cu ildə Bakıya qədəm qoyan, Realnı məktəbində təbiət elmləri üzrə müəllim kimi ruhunu, duyğusunu şagirdlərinin beyninə köçürən Həsən bəy ömrünün sonunadək taleyini bu şəhərlə bağladı. Onun mənəvi-siyasi mənzərəsini dəyişən nüfuzlu dövlət xadimlərinin, məşhur pedaqoqların, Vətənin nicatını elmi-irfanda, milli-mənəvi dəyərlərin qorunmasında görən Bakı əsilzadələrinin öndərinə, silahdaşına çevrildi. Onların fikrinin, düşüncəsinin, ruhunun atası kimi tarix yaratdı.

Bu elə bir dövr idi ki, Həsən bəy Zərdabi təkcə Bakıda, Odlar yurdu Azərbaycanda deyil, bütün Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində yeganə azərbaycanlı idi. O, həm də tək və yaganə türk, müsəlman müəllim idi. Tanrı onu ilk ana dili dərsliyinin müəllifi Mirzə Kazım bəyin, ilk əlifba islahatının, Azərbaycan ədəbiyyatı tarixində milli drammaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin, ilk tarix dərsliyini qələmə alan Abbasqulu Ağa Bakıxanovun təməlini qoyduğu milli maarifçilik hərəkatının tavanı olaraq göndərmişdi. Mücadilə etmək, mücahid ömrü sürmək, qələmini süngüyə çevirmək onun Tanrıdan tale payı, alın yazısı idi.

Bununla da onun həyatında yeni dövr – maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, problemin çətinliyi onda idi ki, gimnaziyalarda olan müəllimlərin içərisində azərbaycanlı yox idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyəti – Xeyriyyə”ni qurur.

40 yaşlı hambal qazancını Zərdabiyə niyə verdi?

Həsən bəy Zərdabi mülkədar oğlu idi. Atası Səlim bəyin iri torpaq sahələri, karvansaraları əvəz edən dükanları, Kürdə balıq vətəgələri var idi. Dünyasını dəyişməzdən əvvəl malikanəsini, əmlakını oğulları öz aralarında bölüşdürmüş, Zərdabinin də payını ayırmışdılar. Buna baxmayaraq, o, hüzur dünyasını millətə təmənnasız xidmətdə bulmuş, “Xeyriyyə cəmiyyəti”ni qurmaqla imkansız ailələrin uşaqlarını, gözüaçıq balalarını təhsilə cəlb etməyi, onların gözündən cəhalətin pərdəsini qaldırmağı qarşısına məqsəd qoymuşdu. 1872-ci ilin bütün yayını qızmar günəş altında Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərlə “Cəmiyyəti-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olmuşdu.

Həsən bəy Zərdabi bu sonsuz sevgisini, ilahi eşqini M.V.Lomonosov adına Moskva Universitetini fərqlənmə diplomu ilə bitirəndə, ona hüdudları məlum olmayan ilk məhəbbətdən imtina edəndə sübut etmişdi. “Mənim xalqım qəflət yuxusundadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan ayrı qala bilməz!” nidası ilə vətəndaş mövqeyini sərgiləmiş, fədai taleyini seçmiş, mücahid ömrünü millətə həsr etmişdi. Şama pərvanə könlünü məşələ, çırağa çevirmiş, simurq quşuna dönüb hər gün bir lələyini oda vermiş, millətin dirçəlişi, cəhalətdən qurtuluşu üçün külə dönmüş, külündən dirilmişdi. O, millətinə düz bildiyi, doğru bildiyi yolu göstərmiş, məşhur simaların, ağaların, bəylərin, mülkədarların, neftxudaların, kəndxudaların qapısından əliboş dönəndə, etinasızlıq görəndə inamını, son ümidini itirməmişdir.

Xahiş etmək, qapı döymək Həsən bəyə nə qədər ağır gəlsə də, qəlbini sındırıb incitsə də, geri çəkilməmişdir. Deyirlər ki, “günlərin birində hər yerdən əli üzülən Həsən bəy əldən düşmüş halda Bakı küçələrində çarəsiz gəzirmiş. Yox cavabları gah soyuq nəzakətlə, gah da istehzalı gülüşlə olurmuş. Bəziləri xahişə gələn bu ziyalını inandırmağa çalışırmış ki, onun xahişi mənasızdır…

Həsən bəy “bu qızıl yuvalardan” çıxıb küləkli Bakı küçələrində “xeyirxahların” ona münasibətini düşünə-düşünə dolaşırmış. Birdən kiminsə onun qoluna toxunduğunu hiss edir. Başını qaldıranda qarşısında bir hambalın durduğunu görür. Hambalın 40-a yaxın yaşı olarmış. Günəşdən yanan üzü bürünc rəngdəymiş. Kürəyində palan, ayağında çarıq olan hambal Həsən bəyə sevgi ilə baxırmış, üzündə də utancaq, çəkingən bir təbəssüm varmış. Hambal: “Eşitmişəm bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az pul qazanmışam. Budur, götür. Bilirəm, azdır, amma ürəkdəndir”, – deyir. Həsən bəy təəccübdən donub qalır. Bir xeyli danışa bilmir. Nəhayət, hambalın əlini sıxıb: “Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimdən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin”, – deyir və hambalın pulunu özünə qaytarır.

“Əkinçi” – Rusiyada ilk türk qəzeti

Məqsədinə çatmaq, Bakıda türk dilində qəzet açmaq üçün Həsən bəy Məlikov öncə Tiflisə Çar Canişinliyinə, sonra isə Bakı Şəhər Qubernatorluğuna müraciət edir. Uzun sürən yazışmalardan sonra Şərqin, Türk dünyasının, Odlar Yurdu.

Azərbaycanın ilk mətbu orqanı “Əkinçi”nin nəşrinə icazə verilir. Rusiyada ilk türk dilli mətbu orqan olan “Əkinçi”nin nəşri üçün Həsən bəy Zərdabi ömrünün sonuna qədər Bakı qubernatoru Staroselskiyə minnətdar olmuşdu. Zərdabinin taleyini dəyişən üçüncü tarixi şəxs – Staroselski “Əkinçi”nin senzura məsələsini öz üzərinə almış, qubernatorluğun mətbəəsində çapına icazə vermişdi. Bakının, bütövlükdə isə Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan Qubernator Staroselski 2 il sonra Azərbaycanda ilk rus-tatar məktəbinin qurucuları Həbib bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin müraciətini qəbul edəcək, onların ən böyük arzusunun gerçəkləşməsi üçün şərait yaradacaqdı…

“Əkinçi” qəzeti cəmi 2 il fəaliyyət göstərdi. 56 nömrəsi 1000 tirajla işıq üzü gördü. Şərqin, Türk dünyasının, Azərbaycanın ilk ana dilli mətbu orqanı olaraq milli mətbuatı, milli məfkurənin təməl prinsipinə çevrildi. 1975-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi”nin nüfuzlu mətbu orqana çevrilməsi üçün Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məmmədtağı Əlizadə Şirvani, Seyid Əzim Şirvani, Güney Azərbaycandan Əhsənül Qəvaid, Dərbənddən Heydəri kimi qələm sahibləri əllərindən gələni əsirgəmədilər. “Vəkili-naməlumi-millət” imzası ilə məqalələrini “Əkinçi”yə ünvanlayan Mirzə Fətəli Axundzadə qəzetin xeyirxahlarından idi. Bütün çətinliklərə, maddi sıxıntılara, mühafizəkar qüvvələrin hücumlarına baxmayaraq, Həsən bəy Zərdabi onu qoruya bildiyi yerə qədər yaşatdı.

Millətin cəhalətdən qurtuluş yoluna körpü olan “Əkinçi”yə təzyiqlər təkcə “sapı özümüzdən olan baltalardan” gəlmirdi. Qara yellər həm də Peterburqdan, Tiflisdən, Qafqaz Canişinliyindən, Bakı Qubernatorluğunu yoldan edən erməni millətçilərindən gəlirdi. Bu torpaqların tarixi sakinlərinin oyanışına, qəflətdən qurtuluşuna, milli məfkurədən milli dövlətçiliyə uzanan yoluna körpü olan “Əkinçi”nin bağlanması üçün bütün qara qüvvələr səfərbər olunmuşdu. “Şapkalı rus”, “Sünni Həsən bəy” adı ilə damğalanan Həsən bəy Zərdabiyə təzyiqlər dayanmadıqca, onun üzərinə yeriyənlərin sayı çoxalırdı. “Əkinçi” belə bir çətin şəraitdə bağlandı, qəzetin redaktoruna heç yerdə iş verilmədi.

Zərdabi məcbur olub ata-baba yurduna köçdü. Zərdabi ömür-gün yoldaşı, silahdaşı Hənifə xanım Abayeva-Məlikova və 4 övladı ilə birlikdə, nə az, nə çox düz 16 il sürgün həyatı yaşadı. Yerli ruhanilərin, mühafizəkarların, erməni daşnaklarının təhdid və təzyiqlərinə tabladı. Sürgündə belə millətin cəhalətdən qurtuluşu üçün qələm çaldı. Tiflisdə, Bakıda çıxan qəzetlərdə elmi-publisistik məqalələrlə çıxış etdi. Hənifə xanımın Zərdabda qurduğu ilk Türk-müsəlman Qadın Məktəbinə dəstək verdi, yerli əhalinin kənd təsərrüfatı işlərinin yüngülləşdirilməsi üçün bioloq alim kimi maarifçilik məsələlərini yerinə yetirdi, məsləhət ünvanı oldu.

Bakı Dumasının deputatı

Həsən bəy1896-cı ildə övladlarının böyüməsi, təhsil məsələlərinin şəhərdə davam etdirilməsi, ən əsası “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə satın alan Hacı Zeynalabdin Tağıyevin çağırışı, Çar Rusiyasındakı hakimiyyət dəyişikliyi ilə bağlı Bakıya döndü. Milli mətbuatın qurucusu “Kaspi” qəzetinin redaktoru, yetirmələrindən biri hüquqşünas – jurnalist Əlimərdan bəy Topçubaşova müavin təyin olunaraq, ustad-şəyird müqəddəsliyi yaşamağa başladı. Bakıya dönüş, onun ictimai fəaliyyətinin siyasi fəaliyyətlə əvəz olunmasına rəvac verdi.

Bakı əsilzadələrinin iradəsi, Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə Həsən bəy Zərdabi Bakı Şəhər Dumasına seçildi. Həsən bəy 28 qlasnıdan biri idi. İki qlasnı-deputat Dumaya başçılarını itirmiş ailələrin qəyyumu olaraq seçilmişdilər. Onun biri, ilk rus-tatar oğlan məktəbinin qurucusu Həbib bəy Mahmudbəyov, digəri isə ilk milli mətbuatın – “Əkinçi”nin qurucusu Həsən bəy Zərdabi idi. Hər ikisi Dumada təhsil və maarif məsələlərinə baxır.

Bu iki tarixi şəxsiyyətin, qüdrətli simanın fəaliyyəti illərində ölkənin təhsil siyasəti ilə bağlı mühüm layihələr gerçəkləşdi, məktəblər, kitabxana və qiraətxanalar quruldu. “Nicat” Xeyriyyə Cəmiyyətinin dəstəyi, Hacı Zeynalabdin Tağıyevin, Təzəpir məscidinin axundu Ağa Əlizadənin diqtəsi, Nəriman Nərimanovun, Üzeyir bəy Hacıbəyovun qayğısı, Həbib bəy Mahmudbəyovun və Həsən bəy Zərdabinin iradəsi ilə Müəllimlərin I Qurultayı keçirildi.

1906-cı ilə təsadüf edən həmin qurultaydan sonra da, II qurultay keçirildi. Həsən bəy Zərdabi ora ancaq təbrik məktubu ünvanlaya bildi, artıq o, ömrünün son aylarını yaşayır, yataqdan dura bilmirdi. Amma ən böyük arzularından biri də gerçəyə çevrilmişdi. Millətin müəllimləri bir yerə cəm olur, maarif məsələlərini müzakirə edirdilər.

Tağıyevin mükafatını qız məktəbinə verdi

Həsən bəy Zərdabi qüdrətli publisist, nüfuzlu şəxsiyyət, görkəmli ictimai-siyasi xadim, məğrur insan idi. O, millətini inkişaf etmiş millətlərin sırasında görmək istəyirdi. Məktəbi, mətbuatı, teatr və incəsənəti ona körpü hesab edirdi. Millətin cəhalətdən qurtuluşu üçün məktəbə və müəllimə çıraq kimi baxırdı. O çıraqlardan biri 1917-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyev tərəfindən şölələndi. Tağıyevin Qız Məktəbi quruldu. Rəsmi sənədlərdə adı Aleksandra Fyodorovna adına Qızlar Məktəbi kimi keçsə də, hər kəs onu Tağıyevin Qız Məktəbi kimi tanıyıb, qəbul etdi.

Bu məktəbin qurulmasında Həsən bəy Zərdabinin xüsusi yeri, rolu və xidmətləri var idi. Həsən bəy nəinki məktəbin nizamnaməsini yazmışdı, onun açılması üçün Çar Rusiyasına, Qafqaz Canişinliyinə, Bakı Qubernatorluğuna məktublar ünvanlamışdı. Tağıyevlə birlikdə qəbullarda olmuşdu. Etinasızlıqlar görsə də, məqsədindən dönməmişdi. Tağıyev məktəbin tikintisi üçün böyük sərmayə yatıraraq Nikolayevski küçəsindən, İsmailliyə binasının yanından torpaq sahəsi götürmüşdü. Binanın layihəsini İsmailliyənin memarı Qoslavskiyə tapşırmışdı.

1917-ci ilin ilıq bir payız günündə Tağıyevin Qız Məktəbi qapılarını ilk şagirdlərinin üzünə açmışdı. Açılış törənində ölkənin nüfuzlu şəxsiyyətləri iştirak edirdi. Açılış törənindəki təbrik məktubunu Həsən bəy Zərdabi imzalamış, məktubu Əlimərdan bəy Topçubaşov oxumuşdu. Məktub “Çox yaşa, Zeynalabdin!” nidası ilə bitirdi.

Bütün varlığını millətin maariflənməsinə həsr edən Həsən bəyin adı da, özü də, şəxsiyyəti də Bakı əsilzadələri, xüsusən də Tağıyev üçün əziz idi. Tağıyev açılış törənində məktəbin qurulmasında zəhməti keçən hər kəsə mükafatlar təqdim edir.

Mükafatı alanların sırasında Zərdabi tək və yeganə şəxs idi ki, ondan imtina edir, mükafatı məktəbin ianə-yardım fonduna bağışlayır. Bu, Tağıyevin əmri ilə məktəbin Qəyyumlar Şurasının sədrinə müavin təyin olunan, məktəbin qurulmasında bilavasitə iştirak edən, öncə müəllim, sonra isə müdir kimi tələbə qızların ana sevgisini, müəllim ucalığını qazanan Hənifə xanım Abayeva-Məlikovanın ömür-gün yoldaşına yaraşan ən ali məqam idi. Bir də, axı, həmin gün Tağıyev “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə!” nidası ilə Zərdabinin ən böyük arzusunu gerçəyə çevirmişdi.

Cənazəsini göyərçinlər müşayiət etdi ...

Bütün həyatını milli birlik, əbədi dirilik adlı müqəddəsliyə həsr edən, mənsub olduğu milləti milli mətbuatdan milli məfkurəyə, milli məfkurədən milli dövlətçiliyə yol gətirən, Cümhuriyyət qurucularının mənəvi atası kimi tarix yaradan Həsən bəy Zərdabi qürur dolu tərcümeyi-halı, möhtəşəm vida mərasimi ilə belə tarixin canlı salnaməsinə çevrilir. O dövrü xatırlayan insanlar, böyük qələm sahibləri söyləyirlər ki, Zərdabinin vida mərasimində iynə atsan, yerə düşməzdi. On minlərlə insan Bakı küçələrinə axışıb onun cənazəsini sonsuz ehtiram hissi ilə Bibiheybət məzarlığına yola salırmış. Bu azmış kimi, sanki, Bakıda göyərçin qalmayıbmış, ağ göyərçinlər müqəddəs ruha, mələyə dönüb Zərdabinin cənazəsini müşayiət edirmiş.

“Müqəddəs Anna” qızıl medalını yaxasına taxmadı

Həsən bəy 1907-ci ildə Bibiheybət pirində torpağa verildi. 30 il sonra, 1937-ci ilin dəhşətli repressiyaları zamanı Şura hökuməti Azərbaycanda bütün dini abidələri məhv edir, onları kulublara, mədəniyyət evlərinə çevirir. Din xadimlərini sürgünə göndərir, yerində güllələyir, dini kitabları oda, atəşə qalayır. Taleyin sərt üzünün qurbanı olan Bibiheybət piri dağıdılır. Dağıdılan məzarların içərisində Zərdabinin müqəddəsliyi də vardı. Unudulmaz Hənifə xanım və qızı Qəribsultan xanım Zərdabinin məzarından sümüklərini çıxarır, sandığa yığır, evə gətirib uzun müddətgizlin saxlayır. Üstündən illər ötür, 1957-ci ildə dünyasını dəyişməsindən 50 il keçəndən sonra, Həsən bəy Zərdabinin sümükləri Fəxri Xiyabanda torpağa verilir.

Bu “Şapkalı rus”, “Sünni Həsən bəy” adı ilə damğalanan, bütün həyatını bir qüdrətli Türk-müsəlman olaraq başa vuran, azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini müəyyənləşdirən, cümhuriyyət qurucularının baş ideoloqu kimi tarixlə müasirlik arasında körpüyə çevrilən, dövlət idarələrindəki davamlı fəaliyyətinə görə “Müqəddəs Anna” qızıl medalı ilə təltif olunsa da, sadəcə Xaç quruluşunda olduğuna görə onu yaxasına taxmaqdan imtina edən, “Dil kimi din də millətin sütunudur!” nidası ilə yaddaşlara yazılan Həsən bəy Zərdabinin haqqı idi. Ana südü kimi halal haqqı!

O, bu dünyaya mənsub olduğu millətin, məmləkətin Fəxri Vətəndaşı olaraq gəlmişdi. Gəldi, yaratdıqları, qurduqları ilə tarix yaratdı. O tarixin səhifələrinə adını iradənin gücü, xarakterin əyilməzliyi, sonsuz Vətən Sevgisi ilə yazdı!

Şərəf CƏLİLLİ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr