Artan güzəştli kreditlər bu prosesi sürətləndirir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cari ilin ilk 5 ayında kənd təsərrüfatının inkişafı məqsədilə 2322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib. Nazirliyin məlumatına əsasən, bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir.
Bundan başqa, hesabat dövrü ərzində agentlik 1376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb.
Həmçinin 5 ay ərzində ölkədə 4340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə 2005-ci ilin əvvəlindən 2025-ci ilin mayın sonuna qədər ölkədə 92919 ədəd kənd təsərrüfatı texnikası lizinq yolu ilə əldə olunub ki, bunun da 1412-si taxılyığan kombayn, 222-si pambıqyığan kombayn, 20804-ü traktor, 70481-i isə digər texnikalardır.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sektoru mühüm yer tutur. Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionların sosial-iqtisadi inkişafı baxımından həlledici əhəmiyyətə malikdir. Son illərdə dövlətimizin başçısının müdrik siyasəti nəticəsində aqrar sahənin modernləşdirilməsi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atılması da kənd təsərrüfatının inkişafını sürətləndirir.
Əsas hədəflərdən biri kənd təsərrüfatının texnoloji əsasda inkişaf etdirilməsidir. Bu məqsədlə müasir texnikaların və rəqəmsal həllərin tətbiqi genişlənir, elektron kənd təsərrüfatı sistemləri formalaşdırılır. Aqrotexniki xidmətlər, subsidiyalaşdırma və sığorta mexanizmləri təkmilləşdirilərək fermerlərin riskləri minimuma endirilir və daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradılır.
Son illərdə Azərbaycanın müxtəlif bölgələrində aqroparkların yaradılması da bu sahədə əsas təşəbbüslərdən biri kimi çıxış edir. Aqroparklar nəinki yüksək məhsuldarlığa və innovativ yanaşmalara əsaslanan təsərrüfatlar formalaşdırır, eyni zamanda, regionlarda məşğulluğu artırır və kənd yerlərində sosial rifahı yüksəldir. Hazırda ölkədə 50-yə yaxın aqropark fəaliyyət göstərir və onların fəaliyyəti davamlı kənd təsərrüfatı modelinə keçidi sürətləndirir.
Suvarma sistemlərinin yenidən qurulması da strateji məsələlərdən biridir. Xüsusilə iqlim dəyişiklikləri və su resurslarının məhdudluğu fonunda suyun səmərəli istifadəsi vacib amilə çevrilmişdir. Dövlət bu istiqamətdə iri infrastruktur layihələrinə, o cümlədən müasir irriqasiya sistemlərinin qurulmasına böyük investisiyalar yönəldir.
Bundan əlavə, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılması da ön plandadır. “Made in Azerbaijan” brendi altında kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması üçün logistika imkanları təkmilləşdirilir, beynəlxalq sərgilərdə iştirak genişləndirilir və ixracatçılara dövlət dəstəyi gücləndirilir.
Kənd təsərrüfatının rəqəmsallaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Elektron kənd təsərrüfatı informasiya sistemi dronların istifadəsi, peyk monitorinqi və torpaq resurslarının xəritələndirilməsi bu sahədəki yeniliklərdəndir. Bu vasitələr fermerlərə daha dəqiq planlama və qərarvermə imkanı yaradır.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, kənd təsərrüfatı ölkənin qeyri – neft sektorunda aparıcı sahələrdən biri kimi prioritet olmalıdır. Bu baxımdan, dövlətin institusional dəstəyi, hüquqi bazanın təkmilləşdirilməsi və təhsil – tədqiqat sisteminin gücləndirilməsi ilə kənd təsərrüfatının daha da inkişaf edəcəyi şübhəsizdir.
Ümumilikdə, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar və innovativ yanaşmalar bu sahənin dayanıqlı inkişafını təmin edir. Bu isə həm milli ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, həm də ölkənin ixrac potensialının artırılmasını şərtləndirir.