AZ

Naxçıvan xəbərləri

Kəngərli sakinləri ilə görüş

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Muxtar respublikanın şəhər və rayonlarında sakinlərlə son vaxtlarda keçirilən çoxsaylı görüşləri xatırladan Fuad Nəcəfli qeyd edib ki, qeydə alınan problemlər vəsöylənən təkliflər əsasda dövlət proqramı hazırlanıb. Həmin sənəddə muxtar respublikada həyatın bütün sahələrini əhatə edən prioritet istiqamətlər müəyyənləşdirilib və onların hər biri üzrə işlər davam etdirilir. Hazırda su və kənd təsərrüfatı, enerji təhlükəsizliyi, turizm, infrastruktur quruculuğu, təhsil, səhiyyə və digər sahələrdə mühüm layihələr icra edilir.

Səlahiyyətli nümayəndə bildirib ki, Dövlət proqramında Kəngərli rayonunda keçirilən görüşlərdə söylənən mülahizələr də geniş yer alıb. Proqram müddəalarının icra olunmasında da kəngərlililər fəal iştirak edirlər. Fuad Nəcəfli sakinlərin qaldırdıqları cari problemləri və onların təkliflərini dinlənyib, rayonun davamlı inkişafı və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıb.

“Qərbi Azərbaycan irsi” nəşrinin təqdimatı

Naxçvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar haqqında kitabın I cildinin təqdimatı keçirilib.

Mərasimdən öncə iştirakçılar Qərbi Azərbaycan mədəni irsinin tərkib hissəsi olan, erməni vandalizminə məruz qalan azərbaycanlı qəbiristanlıqlarının peyk vasitəsi ilə tədqiqi və monitorinqi nəticəsində əldə olunan fotogörüntülərin nümayiş etdirildiyi ekspozisiyaya ilə tanış olublar.

Kitabın təqdimatında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Qərbi Azərbaycan İcması muxtar respublika nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Muxtar Respublika Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev və Naxçıvan MR Məclisinin deputatı Bəhruz Məmmədov silsilə nəşrin Qərbi Azərbaycana Qayıdış hərəkatına elmi-ictimai dəstək qazandırılmasında önəmini vurğulayıblar, burada əksini tapan həqiqətlərin geniş yayılmasının vacibliyini qeyd ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində xalqımızın yaratdığı dövlətçilik ənənələri, tarixi-mədəni irs, onlara qarşı ədalətsizliklər və cinayətlər haqqında davamlı tədqiqatlar aparılır. “Qərbi Azərbaycan İrsi” kitabı Qərbi Azərbaycanla bağlı tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbədir.

Sonda “Qərbi Azərbaycan irsi” silsilə nəşri barədə videoçarx nümayiş olunub.

Sürülər yaylaqlara qaldırılıb

Bu mövsümdə muxtar respublika üzrə 172 fermer 180 minə yaxın xırdabuynuzlu heyvanı yaylaqlara aparılıb. Sürülər Şərur, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarının yaylaq sahələrində yerləşdirilib. Muxtar respublika üzrə icarə verilmiş yaylaq sahələrinin ümumi həcmi isə 21 min 105 hektardır.

Bugünlərdə muxtar respublikanın kənd təsərrüfatı naziri Rafail Quliyev Şahbuz rayonunun yaylaqlarında fəaliyyət göstərən fermerlərlə görüşüb, mövcud vəziyyətlə maraqlanıb. Nazirə məlumat verilib ki, yaylaq məskunlaşması baxımından Şahbuz rayonu ilk sıradadır. Hazırda rayonda 90 fermer tərəfindən 100 minə yaxın xırdabuynuzlu heyvan yerləşdirilib.

Görüşlər zamanı otlaq və torpaq sahələrindən səmərəli istifadə, otlaq mühitinin davamlılığının təmin olunması və baytarlıq xidmətlərinin təşkili məsələləri müzakirə edilib. Obalarda yaşayan sakinlərlə fikir mübadiləsi aparılıb, onların təklifləri qeydə alınıb. Eyni zamanda, yaylaq təsərrüfatlarındakı heyvanlara baytarlıq xidmətləri göstərilib, vaksinasiya və dezinfeksiya tədbirləri həyata keçirilib.

Qeyd edək ki, Naxçıvanda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahəsini təşkil edir və ümumi məhsulun 90 faizini əhatə edir. 2025-ci ilin ilk 5 ayında muxtar respublikada 86 milyon 631 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bunun 78 milyon 64 min 400 manatı heyvandarlığın payına düşür.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin Naxçıvan müxbiri

Seçilən
16
xalqqazeti.az

1Mənbələr