AZ

Şimali Kipr Türk Cümhuriyyəti Turanın ayrılmaz hissəsidir

Ərsin Tatarın Xankəndidə “Azərbaycan Qarabağdır!” deməsi bu həqiqətə vurulan bir möhürdür

Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi?

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzulu beynəlxalq forumdakı çıxışından
Bakı, 9 aprel 2025-ci il

Əslində bu yazını iyulun 20-si üçün hazırlamağı düşünürdüm. Çünki həmin tarix Quzey Kıbrıs türkləri üçün heç zaman unudulmayacaq bir əməliyyata görə əlamətdardır. Əsrlər boyu Roma, Bizans və Osmanlı İmperiyalarının tabeliyi altında qalmış, bir müddət Böyük Britaniyanın nəzarətində olmuş bu adada 1970-ci illərin əvvəllərində türklərə qarşı irqçilik genişlənmiş və Yunanıstanın işğalçılıq planları Türkiyə ordusunun burada hərbi əməliyyat keçirməsini zəruri etmişdir. “Ayşənin tətili” davam edir.

ŞKTC tarixi barədə olan məlumatlarda oxuyuruq ki, Türkiyə Respublikası adada baş verənlərdən narahat olaraq, 1974-cü il iyulun 20-də baş nazir Bülənt Ecevitin tərtib etdiyi plana uyğun olaraq, “Ayşə tətilə getsin!” şifrəsi ilə Kiprdə hava əməliyyatı başlatmışdır. Bildirilir ki, türk qoşunları adaya endikdən qısa müddət sonra adanın böyük şəhərlərindən biri olan Kirinəyə daxil olmuş və sonra Lefkoşaya doğru hərəkət etməyə başlamışdıdılar.

Ərsin Tatar Bakıya gələn ilk Kıbrıs lideridir

Təəssüf ki, türk dünyasının əfsanəvi liderlərindən biri, Şimali Kipr Türk Cümhuriyyətinin yaradıcısı olmuş, bir vətəndaş kimi ömrünü Kıbrıs xalqının azadlığına həsr etmiş Rauf Denktaş Bakıya gəlməyə macal tapmamışdı. Çünki onun bu kiçik respublikaya rəhbərlik etdiyi dövrün bütün illəri, ayları və günləri təzyiq və təhdidlərlə keçmişdir. Mən özümü xoşbəxt hesab edirəm ki, onun əzm, qətiyyət və ləyaqətlə dolu olan həyatı barədə söylədiklərinə məhz Lefkoşada, prezidentin otağında qulaq asmışdım. Bu barədə bir az sonra söz açarıq.

Ötən il Şuşada, bu il Xankəndində

Qərəz, yazını ayın 20-nə hazırlamağı düşünsəm də, sonradan fikirləşdim ki, cənab Prezident Ərsin Tatarın son bir ildə Azərbaycana etdiyi səfərlərin hər ikisi məhz iyulun 4-də və 5-də baş tutmuşdur. Belə ki, iyulun 5-də ŞKTC-nin Prezidenti Ərsin Tatarın ötənilki Şuşa səfərinin bir ili tamam oldu. Bu il iyulun 4-də isə onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə Görüşündəki çıxışının sonunda səsləndirdiyi “Qarabağ Azərbaycandır! Azərbaycan Qarabağdır!” ifadəsi nəzərlərdən yayınmadı.

Xankəndidə siyasi qrammatika

Fikrimizcə, həmin ifadə qətiyyən sözgəlişi deyilməmişdi. Çünki biz “Qarabağ Azərbaycandır!” deyəndə liderimizin və əsgərlərimizin hünəri ilə sübut etdiyimiz tarixi həqiqəti dünyanın nəzərinə çatdırmaq istəyirik. “Azərbaycan Qarabağdır!” deyimi isə məhz respublikamızın da elə Qarabağ kimi canlar, qanlar bahasına öz varlığını sübut etdiyinə işarədir. Bu ifadə xüsusən, bədxahlarımza, Azərbaycanın tərəqqisini istəməyənlərə ünvanlanmış kəsərli mesajdır. Çünki beynəlxalq aləmdəki ictimai-siyasi proseslər “aranı qarışdırıb, məzhəbi itirdikcə” SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş ölkələrin ərazisi barədə hərə ağzına gələni danışır. Odur ki, “Azərbaycan Qarabağdır!” ifadəsi bu məqamda olduqca yerinə düşən xatırlatmadır. Yəni bu xalq öz hüquqlarını daha heç zaman heç bir əzazilin tapdalamasına imkan verməyəcək.

Azərbaycan Prezidenti and içəndə demişdi ki…

Dünya xəritəsində coğrafi baxımdan kiçik ölkələrdən olan Şimali Kiprin liderinin Xankəndidə səsləndirdiyi həmin fikirləri eşidəndə Azərbaycan Prezidentinin ötən il dediyi “Bizim ailəmiz Türk dünyasıdır!” qətiyyəti yadıma düşdü . Çünki ancaq ailə üzvləri bir-birinin təəssübünü məhz bu şəkildə çəkərlər.

Dövlət başçımız 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andişmə mərasimində demişdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Yeri gəlmişkən…

Ötən il aprelin 5-də Milli Məclisdə Azərbaycan – Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılanda cənab Ərsin Tatar bu fakta görə Prezident İlham Əliyevə təşəkkür etmişdi. O, özünün rəsmi X hesabındakı paylaşımında Azərbaycan – Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması münasibətilə “Türk dünyası bizim ailəmizdir, Türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik”, – deyən Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdi.

Bu il aprelin 11-də isə Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Ərsin Tatar ötən il onun Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısına dəvət edilməsini məmnunluqla xatırlatmışdır. Yəni, Şimali Kipr məsələsi daim Prezident İlham Əliyevin gündəliyindəki əsas məsələlərdən biridir.

Ekspertlərin fikrincə…

Mütəxəssislər yazırlar ki, Azərbaycanın Şimali Kipr məsələsinə bu qədər həssaslıqla yanaşmasının ilk səbəbi milli mənsubiyyət, xalqlarımızın eyni kökdən olmasıdırsa, digər səbəbi də sırf strateji əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin müttəfiqi Türkiyə ilə münasibətlərimizdə enerji əməkdaşlığı xüsusi önəmə malikdir. Bu enerji əməkdaşlığının mövcudluğu və gələcəyi baxımından başda Ceyhan limanı olmaqla, Aralıq dənizi mühüm əhəmiyyət kəsb edir. Məhz bu fakt ŞKTC-nin rəsmi Bakı üçün strateji önəmini daha da artıran amilərdəndir.

Yuxarıda xatırlatmışdım ki…

Bəli, bu ada ölkəyə səfərimizdən neçə illər keçsə də, oradakı görüşlərimiz, şahidi olduğumuz gözəlliklər, xüsusən, adanı yarıya bölən sərhəddə gördüyümüz beş bayraq – Şimali Kiprin və Türkiyənin, Cənubi Kiprin və Yunanıstanın, üstəgəl BMT-nin bayraqları – maraqlı faktlardan idi. Türk Kiprinin tolerantlığı da məni heyran eləmişdi. Yunanların törətdiyi çoxsaylı qırğınlara baxmayaraq, türklər Lefkoşadakı yunan kilsəsini ən incə detallarına qədər qoruyurlar. Mən orada keşişin ibadət zamanı dayandığı – qızılla süslənmiş kürsüdə şəkil çəkdirmişdim. Dünyada yeganə olan “Qan muzeyi”ni də orada görmüşdüm.

Kamil Meriçin hüznlü baxışları

Bir kitab tərtib etmək üçün evdəki çoxsaylı kitab-dəftərləri növbəti dəfə götür-qoy edirdim. Və nə yaxşı ki, bu axtarışa ehtiyac yaranıbmış. Çünki… 1998-ci ilin may ayında 6 nəfər həmkarımızla birlikdə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etmişdik. Olduqca maraqlı səfər idi. Qayıdandan sonra səfər təəssüratımı təkcə oxucularla deyil, eləcə də radio dinləyiciləri və televiziya tamaşaçıları ilə də bölüşmüşdüm. Orada görüb yaddaşımıza köçürdüyümüz faktların heç biri heç zaman unudula biləcək şəkildə deyildi.

Xüsusən, Muradağa toplu şəhid məzarı önündə görüşüb həmsöhbət olduğumuz Kamil Göksən Simtaşın (Kamil Meriç) əzablarla, ağrılarla dolu həyatı barədə danışdıqları yüzlərlə kitabın mövzusu ola bilərdi.

Kamil daim Kiprin azadlığı uğrunda gedən mübarizələrin önündə olmuş, istədiyini əldə etmiş xalq qəhrəmanlarından biri idi. Bu mübarizə zamanı zindana atılan Kamilin ömür – gün yoldaşı da şəhid olmuşdu, 5 cocuğu da. Özü də necə? Evin sonbeşiyi, 18 aylıq (yaş yarım) Kəanın gül dəstəsi boyda olan bədəninə 40 mərmi qəlpəsi dəymişdi. Kamil bizə Atlılar kəndində onun ciyərparasının sinif yoldaşlarının – 19 şagirdin birlikdə çəkdirdiyi şəkili göstərmişdi: “Fəqət, indi onların heç biri dünyada yoxdur”.

Uşaqların hamısı öldürülmüşdü. Bizi ən çox təsirləndirən isə Kəanın 40 mərmi qəlpəsinə məruz qalmış məsum cüssəsi idi. O zaman mən elə düşündüm ki, Kəanın bu halına Aralıq dənizi (türklər ona Ağ dəniz deyirlər) ağlamış olar. Bir yazıda bu sualı dənizə yox, Kəana verdim… “Ağ dəniz ağladımı, Kəan?”

Nə yaxşı ki, növbəti bir kitab tərtib etməli oldum və həmin şeiri də tapdım, Kamil Meriçin “Karanlik dünyam” kitabını da.

Rauf Denktaş mənim “Xalq qəzeti”ndə çalışdığımı eşidəndə dedi ki…

Mərhum prezident Rauf Denktaşla da görüşmüşdük, oğlu Sərdar Denktaşla da. Rauf Denktaş mənim “Xalq qəzeti”ndə işlədiyimi biləndə söylədiyi “Mən də 1941-ci ildə ilk yazılarımı Fazil Küçüyün yaydığı “Xalqın səsi” qəzetində verirdim” ifadəsini elə bil ki, dünən eşitmişdim. Mən sonralar onun tərcümeyi-halına nəzər salanda belə cümlələr gördüm: “Orta məktəbi bitirdikdən sonra – 1941-ci ildə Lefkoşa İngilis Məktəbinən məzun oldu. Məzun olduqdan sonra Fazil Küçüyün “Halkın sesi” qəzetində məqalələr yazmağa başladı. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik etdi”.

Yanvar ayında dünyaya gəlib həmin ayda da dünyadan gedən, fəqət qaynar təbiətli, odlardan, alovlardan keçmiş bu adam həqiqətən türk Kiprinin rəmzinə çevrilmişdi.

“Adam qardaşının evində qonaq olmur”

1998-ci il iyunun 6-da və 7-də “Xalq qəzeti”ndə verilmiş “Quzey Kıbrıs. abidələr, gözəlliklər və səmimiyyət adası” adlı səfər təəssüratlarımda “Gün aydın, turist!” yarımsərlövhəli bir abzas da var idi. İnanıram ki, hörmətli oxucu həmin abzası bu yazıda da təkrar etməyimə görə məni qınamaz:

“Kent” otelində qalarkən birinci gün həmkarım Elxan Şahinoğlu ilə, ikinci gün isə Şahin Cəfərli ilə qısaca səhər gəzintisinə çıxmışdıq. “Dome hotel”də isə elə bil səhər söhbətini heç kəsə qıymadım. Hələ Günəş doğmamış sahil pilləkənlərini aşağı enib dənizlə üz-üzə oturdum.

– Niyə belə olur, ay dəniz? Niyə həmişə bizim qanımızı axıdırlar? Niyə belə olur? Niyə bizim cocuqlarımız şişə çəkilir, edam edilir, torpaqlarımız alınır, sərvətlərimiz talanır, heç kəsə pislik edə bilməyən ürəyimizə dağlar çəkilir, Niyə belə olur, Ağ dəniz? Hanı Kamilin cocuqları?

Dəniz heç nə deyə bilmir, ayağımın altına atdığı narın ləpələrlə sanki könlümü almağa çalışırdı.

Bir azdan ləpələr qıp-qırmızı oldu. Sanki dənizin üzünü qan örtdü. Bilmədim altı əzizi güllə ilə doğranmış Kamil Meriçin ürəyinin qanı idi, yoxsa körpə canına 40 mərmi dəymiş Kəanın qanı idi. Yox, o cocuqda bu qədər qan ola bilməzdi… Yox, bu qan deyildi. Üfüqdən boylanan Günəş hələ öz rənginə gələ bilməyəndə qırmızı görünürmüş. Günəş doğurdu Ağ dənizə. Gün doğurdu Türkün Kıbrıs dünyasına.

– Gün aydın, turist!

Dönüb arxaya baxdım. İxtiyar kıbrıslının salamını başımla ala bildim.

– Müsafirmisən?

– Yox, abi. Adam qardaşının evində qonaq olmur.

Proqramdan kənar ikinci görüş

– Günaydın, müsafirmisiniz?

– Basın mənsublarıyıq. Azərbaycandan gəlmişik.

– Ərdəbildənmi, yoxsa?

– Yox, Bakıdan.

– O…, o…mən sizdən Haydar Əliyevi tanıdım, sevdim, Arif İmanovu tanıdım. (Mən isə Arif İmanovu tanımadım – İ.M.).

– Heydər Əliyevi görmüsünüzmü?

– Hayr, əfəndim.

– Bəs necə sevdiniz?

– Peyhamberimizi də görmədik, əfəndim, fəqət, seviyorum, seviyorum!”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Seçilən
9
xalqqazeti.az

1Mənbələr