“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer 1997-ci il avqustun 3-də Prezident Heydər Əliyevin Prezident Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri zamanı aldığı bu müsahibəni Azərbaycan dilinə tərcümədə geniş auditoriyaya ilk olaraq “Xalq qəzeti” təqdim edir.
***
Prezident Heydər Əliyevlə aşağıdakı müsahibəm 1997-ci ilin avqustun 3-də Azərbaycan Prezidentinin Prezident Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri zamanı baş tutdu. Bu, onun Amerika Birləşmiş Ştatlarına 11 günlük (27 İyul - 6 avqust) səfərinin səkkizinci günü, Nyu-Yorka, Vaşinqtona, Kolumbiya dairəsinə, Hyustona və Çikaqoya səfər etdiyi vaxt idi. İki gün əvvəl Prezident Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonla görüşmüşdü və Ağ Evdə üç əsas neft müqaviləsini imzalamışdı. Bu səfər Prezident Əliyevin Birləşmiş Ştatlara üçüncü səfəri idi. O, 1994 və 1995-ci illərdə Birləşmiş Millətlər Təşkilatında çıxış etmişdi və hər iki tədbirdə, 1994-cü ildə Budapeştdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Sammiti daxil olmaqla digər tədbirlərdə Prezident Klintonla qeyri-rəsmi görüşmüşdü.
Jurnalistlər nadir hallarda Prezident Əliyevdən şəxsi suallar soruşmağa cəsarət edir. Xarici jurnalistlərin ondan müsahibə götürməyə imkanı olanda, adətən, regionda ən axırıncı siyasi və iqtisadi hadisələrlə əlaqəli cari sualları soruşurlar. Digər tərəfdən, azərbaycanlı jurnalistlər şəxsi mövzulardan uzaq olan, Sovet dövründə müəyyən olunmuş daha çox formal, ənənəvi jurnalist üslubuna riayət etməyə meyillidirlər.
Buna görə də, mən 1993-cü ildən başlayan digər müsahibələrimdə, bir qayda olaraq, onun xarakterini, şəxsiyyətini və bəzi maraqlarını üzə çıxaran mövzuları təqdim etməyə cəhd etmişəm. Mən Amerika Birləşmiş Ştatlarına bu səfərdə Prezidenti müşayiət edən 60 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində yeganə qeyri-azərbaycanlı idim. Gündəlikdə açıq müzakirə edilmiş rəsmi problemlərdən boyun qaçırmağı düşündüm. Hyuston və Çikaqo arasında təyyarədə uçuş vaxtı təşkil olunan bu müsahibədə çoxları üçün maraq doğuran məsələləri öyrənməyə çalışdım.
BETTİ BLEYER: İcazə verin, sualıma burada, Amerika Birləşmiş Ştatlarında sizə göstərilən qonaqpərvərlik və səmimiyyətlə bağlı fikirlərinizi soruşmaqla başlayım. On ildən bir az əvvəllər Birləşmiş Ştatlar və Sovet İttifaqı bir-birini ən qorxulu düşmən hesab edirdilər. Hər iki dövlət öz sisteminin digər sistemin üzərindəki üstünlüyü ilə öynürdü. Bu sistemlərin hər ikisi "hiyləgər pis oğlan" kimi biri digərini iblisləşdirmək üçün öz təbliğat vasitələrindən sui-istifadə edirdilər. Amma bu düşmənçilik və etimadsızlıq dövrünün əksinə olaraq, bu gün Siz Birləşmiş Ştatlarda ən yüksək səviyyədə səmimiyyət və razılıqla qəbul edildiniz. Bəzən insanların bir-birinə qarşı necə soyuq və inamsız davrandıqlarını xatırlamaq çox çətindir. Siz bu görünməmiş hadisəni necə izah edirsiniz?
HEYDƏR ƏLİYEV: Bildiyiniz kimi, Sovet İttifaqı artıq mövcud deyildir. Güclü dövlət kimi, Sovet İttifaqı (Azərbaycan da onun bir hissəsi idi) Birləşmiş Ştatlar ilə rəqabət aparırdı. “Soyuq müharibə” bizim aramızda uzun zaman belə tüğyan etdi, çünki dünya əsasən iki düşərgəyə–kapitalistlərə və sosialistlərə bölünmüşdü. Sovet İttifaqı sosialist düşərgəsini idarə etdi və müxtəlif ölkələri, xüsusilə müstəqilliklərini qazandıqdan sonra Afrika ölkələrini müstəmləkəyə çevirmədən öz tərəfinə çəkməyi bacardı. Ancaq indi Sovet İttifaqı dağılıb və “Soyuq müharibə” qurtarıb. Əgər Sovet İttifaqı tənəzzülə uğramasaydı, əlbəttə, Azərbaycan bu gün müstəqil ölkə ola bilməzdi. Əgər, ittifaq dağılmasaydı, özünün 50 milyondan çox əhalisi ilə Ukrayna da daxil olmaqla keçmiş Sovet İttifaqı respublikalarının heç biri müstəqil ola bilməzdi.
Lakin, nəhayət ki, indi Azərbaycan 70 ildən sonra yenidən bir daha milli müstəqilliyinə nail olub! Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları və Azərbaycanın arasında belə səmimiyyət olmasının ən vacib səbəblərindən biri budur ki, biz indi müstəqilliyimizi qoruyub saxlamağa və gücləndirməyə cəhd edirik. Siz nəzərə almalısınız ki, bizim regionda müstəqilliyimizi boğmağa cəhd edən ölkələr var. Məhz ona görə, biz müstəqilliyimizi boğmaq istəyən o qüvvələrə qarşı müqavimət göstərən bir güc kimi Amerika Birləşmiş Ştatlarına inanırıq. Başqa sözlə, biz ümid edirik ki, Birləşmiş Ştatlar bir ölkə olaraq müstəqilliyimizi qorumaqda bizə kömək edəcək
İkincisi, biz Azərbaycanda hüquqi, dünyəvi və demokratik dövlət qururuq. Başqa sözlə, Azərbaycan Qərb meyarlarına uyğun yaşamaq üçün uğurlu addımlar atır. Bu, səmimiyyət və mehriban əlaqələr üçün başqa bir səbəbdir.
Və üçüncüsü, biz Birləşmiş Ştatlarla çox geniş iqtisadi əlaqələr qurmuşuq. Siz Azərbaycana səfər edən Amerika şirkətlərinin bir çoxunu, xüsusilə neft şirkətlərini görmüsünüz. Bu ötən iki günün hər ikisində–dünən və bu gün mən bu şirkətlərin çoxunun prezidentləri və baş direktorları ilə görüşdüm. Bu göstərir ki, bizim ölkəmizdə təsis olunmuş və artıq işləyən şirkətlər fəaliyyətlərini genişləndirmək istəyirlər. Bizimlə işləməyə hələ başlamayan şirkətlər isə işə başlamaq üçün yollar axtarırlar.
Məsələn, bir şirkət etiraf etdi ki, il yarım əvvəl onların idarə heyəti Xəzər dənizi regionuna sərmayə qoymamaq üçün qərar qəbul edib. Ancaq bu gün onlar fikirlərini tamamilə dəyişiblər. Onlar səhv etdikləri və gecikdiklərini mənə açıq etiraf etdilər. İndi Azərbaycanda inkişafda olan bir sahə ilə məşğul olmaq üçün onlara icazə verilməsini bizdən xahiş edirlər. Beləliklə, bütün bu amillər bizim burada, Birləşmiş Ştatlarda şahidi olduğumuz qonaqpərvər, səmimi münasibətlərə, eyni zamanda öz töhfəsini verir.
– Ötən həftə ərzində siz çıxışlarınızda bir neçə əsas məsələləri vurğuladınız. Bizim oxucularımızın məlumatlanması üçün çox vacib hesab etdiyiniz digər mövzular varsa, onları da öyrənmək istəyərdim. Mən problemləri aşağıdakı kimi qruplaşdırardım: 1) Dağlıq Qarabağ münaqişəsinin həlli; 2) Konqresin Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvi üçün zəruri ehtiyac; 3) açıq-aşkar Azərbaycanın əleyhinə istifadə edilməsi məqsədilə Rusiyanın Ermənistanı bir milyon dollar dəyərində silahlarla təchiz etməsinin qeyri-qanuniliyi; 4) Rusiya-İran əlaqələri; 5) Xəzər dənizinin neft ehtiyatlarını inkişaf etdirən və dənizin aid olduğu ölkələrlə münasibətdə Xəzərin statusu; 6) və nəhayət, Azərbaycanda xarici sərmayəçilər üçün biznes imkanları. Mənim sualım belədir ki, oxucularımızın bilməsi üçün digər əsas müzakirələr də oldumu?
– Bunlar əsas problemlərdir. Əgər siz oxucularınıza bu fikirləri təqdim etməyə müvəffəq olsanız, bu məlumatlar kifayət qədər çoxdur. İcazə verin, oxucularınız o problemləri başa düşsün, sonra mən sizə bir qədər də məlumat verəcəyəm.
– Siz vaxtınızın çoxunu burada, Birləşmiş Ştatlarda çıxışlar etməklə keçirdiniz. Geriyə qayıdanda Azərbaycanda da eyni olur. Sizin hər iki çıxışınız və Corctaun Universitetində izlədiyim görüşdəki sual-cavab, məndə xüsusi təəssürat yaratdı. Çıxışınızın dəqiq və yığcam olmasına baxmayaraq, eyni zamanda amerikalıların Azərbaycanla bağlı problemləri başa düşməsi və öyrənməsi üçün lazımlı, dəqiq məlumatlar verdi.
Mən bu illər ərzində Sizi müşahidə etdiyimə görə, hesab edirəm ki, prezident kimi Sizin gücünüzün böyük hissəsi natiqlik bacarığınız-özünüzü ifadə etmək və başqalarını inandırmaq qabiliyyətiniz ilə bağlıdır. Mən sizin gənc yaşda kütlə qarşısında çıxışlarınızda qazandığınız təcrübələriniz haqqında bilmək istəyirdim.
– Siz bu sualı verdiyiniz üçün mən sizə deyirəm ki, bu mənim anadangəlmə istedadımdır. Bu fitri istedaddır. Təhsil almaqla və ya gərgin işləməklə, hətta çoxlu nitq söyləməklə, bunu sadəcə qazanmaq olmaz. Şübhəsiz, mənim həyat təcrübələrim də mühüm rol oynayır. Mən çox işlər görmüşəm. Mənim çoxlu təcrübəm olub. Mən çox şeyləri görmüşəm və mən geniş auditoriyaların qarşısında tribunada çıxışlar etmişəm. Buna görə, təcrübənin rolu da danılmazdı.
Ancaq mənim danışıq qabiliyyətimin əsası təbiətdən gələn istedaddır. İnsan bu qabiliyyətlə doğulur. Əgər bu yoxdursa, heç bir təcrübə kömək etmir. Bəli, bu həqiqətdir ki, mən gəncliyimdən həmişə fikirlərimi aydın ifadə edən şəxs olmuşam. Mənim təxminən 17 və ya 18 yaşım olanda, mən təsirli nitqlər söyləməyə başladım. Ancaq siz mənim çıxışlarımı mətndən oxuduğumu heç vaxt görməmisiniz. Mən əvvəlcədən heç vaxt hazırlaşmıram.
– Bəs, sizin əksər başqa prezidentlər kimi heç bir məruzə yazanınız yoxdur?
– Xeyr, mənim məruzə yazanım yoxdur. İcazə verin, bir neçə gün əvvəl baş vermiş hadisəni sizə danışım. Biz Ağ Evdə olanda Kilinton qeydləri əsasında çıxış etdi və Albert Qor da mətni üzündən oxudu. Qor da Klinton kimi müqavilələrdən birini imzalayanda danışdı. Onların hər ikisinin mətnləri var idi. Ancaq mənimki yox idi. Hamısı buradadır (əli ilə ürəyini göstərir).
– Siz məruzələrinizə əvvəlcədən hazırlaşırsınızmı?
– Xeyr. Danışıq prosesində fikirlərin doxsan faizi ağlıma gəlir. Ola bilsin ki, mən, təxminən 10 faizi hazırlayıram. Ancaq mən danışığımın ortalarında elə vaxtlar olur ki, fikirlərimi dəyişirəm. Lakin, ümumiyyətlə mən heç vaxt əvvəlcədən hazırlaşmıram.
– Siz heç vaxt bir kəlmə də yazmırsınız?
– Heç vaxt. Siz məni görübsünüz. Mənim heç vaxt heç bir qeydlərim olmur. Xeyr, hətta kiçik bir kağız da olmur. Heç vaxt. Mən onilliklər ərzində bu üsulla danışmışam. Hətta mən Siyasi Büronun üzvü olanda, danışıq qabiliyyətimə görə başqalarından fərqlənirdim. Məndən başqa heç kəs birbaşa - ürəkdən danışmırdı. Hamı üzündən oxuyurdu. Hamının qeydləri var idi.
– Ancaq ətrafda hərəkət edən insanlar, televiziya kameraları, mikrofonlar, otaqda bu qədər çox, həddən artıq diqqəti yayındıran danışıqlar olur. Baş verən çox şeylər var. Siz ətrafınızda baş verənləri nəzərə almayaraq, necə bu qədər diqqətli qala bilirsiniz?
– Bu, mənim xüsusiyyətimdir – fikrimi cəmləşdirmək mənim qabiliyyətimdir.
– Siz nə vaxtsa evə gedir və “Mən vacib nəyisə deməyi unutdum. Mən nəyisə yaddan çıxardım” deyirsinizmi?
– Əgər sizi bunu bilmək maraqlandırırsa, icazə verin, deyim ki, mən çıxış edəndə beynim böyük enerji ilə işləyir, mən bu barədə çox intellektualam. Bəzi hallarda, mən hətta özümü təəccübləndirirəm. Məsələn, biz müqaviləni imzalayanda, Prezident Bil Klinton bəyanat verdi və sonra mən bəyanatımı verməli oldum. Sizə həqiqəti deyim ki, mən əvvəlcədən nə deyəcəyimi bilmirdim, hazırlaşmamışdım. Ancaq çox tez, bütün ideyalar beynimə gəldi. Nəticədə, sonra çıxışımı mənə şərh edən bəzi insanlar kimi mən öz bəyanatımdan tamamilə razı qaldım.
– Siz bir dəfə mənə dediniz ki, böyüdüyünüz Naxçıvanda tez-tez teatra gedirdiniz. Teatrın sizin natiqlik qabiliyyətinizə güclü təsiri olubmu? (Azərbaycanın Muxtar Respublikası kimi tanınan Naxçıvan, Stalin tərəfindən Ermənistana verilən ərazinin bir zolağı ilə ayrılmış və ölkənin qərbində yerləşən Azərbaycanın ayrılmaz bir hissəsidir).
– Xeyr, mən elə deməzdim. Teatr mənim hobbimdir. Mən teatra gedirəm, çünki mən ondan çox xeyir götürürəm. Teatr məndə dərin təəssürat yaradır. Onun mənim üzərimdə təsiri çoxdur. Ancaq mən deməzdim ki, teatr mənim nitq söyləməyimdə rol oynayır. Teatr onu başa düşən insanlar üçün çox güclü vasitədir, ancaq teatrı hamı başa düşmür. Mən teatrı başa düşürəm və etiraf etməliyəm ki, mənim üzərimdə teatrın hər ikisindən, televiziyadan və kinodan daha böyük təsiri var.
– Nəvənizin adı nədir?
– Mən ona hələ ad qoymamışam. Mən bir neçə gündən sonra Londona (körpənin doğulduğu yerə) baş çəkəcəyəm və orada ona ad qoyacağam. (Ənənəyə görə, üç gün sonra, o, öz "Heydər" adını nəvəsinə qoydu. Bu, Heydər Əliyevin adını daşıyan ilk nəvəsidir).
Bu səfərin digər şəxsi cəhəti Doktor Maykl De Bakey ilə keçirilən görüş oldu. O, çox tanınmış bir şəxsdir. O, ilk dəfə “bypass” (xəstəliyə görə ürək normal fəaliyyət göstərmədiyi halda, ürək üzərində və ya onun yanında əməliyyat aparılır və qanın başqa yolla dövr etməsi təmin edilir –S.A.) ürək əməliyyatını aparan şəxs olub. Biz onunla bu gün görüşəndə, o, bildirdi ki, altmış min insan üzərində cərrahiyyə aparıb. Təsəvvür edin, o, nə qədər insan həyatını xilas edib. Bildiyiniz kimi, Doktor De Bakey yeganə xarici mütəxəssis idi ki, Rusiya Prezidenti BorisYeltsin onu bu yaxınlardakı ürək cərrahiyyəsində iştirak etməyə dəvət etdi.
– De Beyki çox yaşlıdır, elə deyilmi?
– Onun 80 yaşı var. Buna görə də, mən ona elə çox hörmət bəsləyirəm. Bu yaşda olmasına baxmayaraq, o, hələ də fəal işləyir. Siz onu gördünüz. Mən bilmirəm-ola bilsin ki, Amerika Birləşmiş Ştatlarında onu layiqincə qiymətləndirmirlər. Ancaq o, çox qiymətli insandır. Buna görə də, mən ona baş çəkmək istədim. Mən Hyustonda olarkən məhz ona görə proqramımda onunla görüşmək üçün vaxt müəyyən etdim. O, çox tanınmış şəxsiyyətdir-çox böyük insandır. Və o, səhranın ortasında, orada böyük bir tibb mərkəzi (Hyuston Tibb Mərkəzi) yaradıb. Mən onu müxbirlərin məqalələrindən tanımışdım. On il əvvəl mənim özümün ürək krizisi olduğuna görə, bura mənim maraqlandığım yerdir.
– Beləliklə, sizin onunla əlaqəniz olub?
– Xeyr, o, cərrahiyə əməliyyatları ilə məşğuldur. Mənim cərrahiyə olunmağıma heç bir ehtiyac yox idi. O zaman, 1987-ci ildə mənim ürəktutmam olanda, çox adam mənə dedi ki, mən çox uzun yaşamayacam. On il əvvəl, 1987-ci ilin avqustu idi. Mən üç ay xəstəxanada qalmalı oldum. Həkimlər mənə dedilər ki, mən daha işləyə bilməyəcəm. Ancaq görürsünüz, bu da mən-hələ də sağ-salamatam və işləyirəm.
– Sizin iş qrafikiniz gərgindir. Siz heç dayanmırsınız? Hamı təyyarənin arxasında tükənir və taqətdən düşür. Bu, sizin səfərinizin səkkizinci günüdür. Hər kəs elə yorulur, ancaq siz hələ də enerji ilə işləyirsiniz. Hər gün nə qədər istirahət edirsiniz? Nə qədər yatırsınız?
– Çox az-altı saatdan çox olmur.
– Siz günün ortalarında istirahət edirsinizmi?
– Xeyr, heç vaxt.
– Beləliklə, siz bütün bu gücü haradan alırsınız?
– Bu, Tanrıdan gəlir.
– İcazə verin, sizin Amerika Birləşmiş Ştatlarına gətirdiyiniz hədiyyələrin bəziləri haqqında sizdən soruşum. Siz Prezident Klintona hədiyyə etdiyiniz xalça haqqında danışardınız. Mən öyrəndim ki, xalçada Bill Klintonun və həyat yoldaşı Hillarinin birlikdə portretləri xüsusi işlənib.
– Mən, həmçinin onların qızları Çelsi üçün ayrıca xalça gətirdim. Prezident Klinton xalçalardan çox məmnun oldu. O, mənə dedi ki, Çelsi həmin səhər xalçalara baxmaq üçün onun ofisinə baş çəkib. O dedi ki, Çelsi çox sevincli idi və xalçalar onların hamısının çox, lap çox xoşlarına gəlib.
– Bu ideyanı hər kəs düşünə bilməz. Prezidentə, hər ikisini–prezidenti, həyat yoldaşını və övladını əks etdirən hədiyyə vermək. Bunu etmək üçün ideya sizdə haradan yarandı?
– Bu, mənim ideyam idi. Mən bilirəm ki, hər bir insan üçün onun həyat yoldaşı və uşaqları ona çox əzizdir, çox qiymətlidir. Məhz ona görə, mən bunu etdim. Bu əsrlərlə yaşayan incəsənət nümunəsində onların hamısının xatırlanmasının bir yoludur.
– İnsanların çoxunun Hillari haqqında müxtəlif fikirləri var. İnsanların çoxu, həqiqətən, onun haqqında fikir söyləyə bilmir.
– Xanım Klintonla tədbirdə görüşməyimə baxmayaraq, mən onu çox yaxşı tanımıram. Mən şəxsən onunla danışanda, o, məndə çox yaxşı təəssürat yaratdı. Hər halda hamının rəğbətini qazanmaq qeyri-mümkündür – xüsusilə də, ictimai xadimsənsə.
– Azərbaycanlıların səfərdən qayıdanda sevdiyi insanlara hədiyyə gətirmək adəti var. Sizin Azərbaycan xalqına hədiyyəniz nədir?
– Ən böyük hədiyyələr bizim burada, Amerika Birləşmiş Ştatlarında qazandığımız nailiyyətlərdir. Biz Prezident Klinton ilə ölkələrimiz arasında çoxtərəfli əlaqələri gücləndirmək məqsədilə müqavilə imzaladıq. Bu müqavilələrin böyük tarixi əhəmiyyəti olacaq. Bundan əlavə, mən və cənab Klinton birlikdə ölkələrimizin vəziyyəti və əlaqələrimizi birlikdə çox səmimi müzakirə etdik.
İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin Tərcümə Mərkəzinin əməkdaşı