AZ

Heydər Əliyev: liderliyin dünya miqyaslı strateqi

II MƏQALƏ

Müstəqil güclü dövlət quruculuğu strategiyası

Politoloji təlimlərdə qapalı siyasi sistemdən açıq siyasi sistemə keçidin mürəkkəbliyi və ziddiyyətləri ilə bağlı xeyli fikirlər mövcuddur. SSRİ kimi 15 respublikanı özündə birləşdirən, lakin məlum səbəblərdən faktiki olaraq qapalı olan bir sistemdə daxili ziddiyyətlər kifayət qədər idi. Azərbaycan üçün bu, əlavə olaraq ermənilərin xeyrinə gizli təzyiqlərə məruz qalması ilə də xarakterizə olunurdu.

Nəticədə SSRİ-nin “şineli”ndən Azərbaycanla Ermənistan bir-birinə düşmən kimi çıxdılar. Heydər Əliyevin sayəsində sosialist sistemində gözlənilən balans bu gedişatda sürətlə öz dayaqlarını itirdi. Bu, havadarlarının təhriki ilə Ermənistanın Azərbaycana təcavüzlərini genişləndirməyə şans verdi. Məqsəd tam aydın idi: Azərbaycanı ölkə, dövlət və cəmiyyət kimi siyasi xəritədən silmək!

Bundan kənarda deyilən hər bir söz baş aldatmaqdan başqa bir şey deyildi! Onu 1990-cı ilin 20 Yanvarı bir daha təsdiq etdi. Sonra 1992-ci ildə Xocalı soyqırımında özünün pik səviyyəsinə çatdı. Bütün bunlarda “SSRİ” adlanan siyasi sistemin birbaşa təşkilatçılıq əli vardı. Lakin, əlbəttə, rəsmi təbliğat hər şeyi ermənilərin üstünə atırdı (onlar doğrudan da əsrlərlə beyinlərinə yeridilmiş antitürk və antimüsəlman eyforiyasının təsiri altında böyük vəhşiliklər törədirdilər).

Beləliklə, 1993-cü ilə qədər olan müstəqillik dövründə Azərbaycan Respublikası faktiki olaraq yüzillərlə əsası qoyulan düşmənçilik münasibətinin ortasında qalmışdı və ölkənin varlığı məsələsi taleyüklü problemə çevrilmişdi. Azərbaycana elə lider lazım idi ki, iki vəzifəni paralel olaraq yerinə yetirə bilsin. Birincisi, ölkəni düşdüyü düşmənçilik “qapalı dairəsindən” xilas etsin. İkincisi, elə müstəqil və güclü dövlət qurmaq strategiyası hazırlasın ki, son 300 ilin başlıca geosiyasi dağıdıcılığını neytrallaşdırmaq mümkün olsun.

Heydər Əliyev nəinki Azərbaycanda, hətta bütün Avrasiyada nümunə ola biləcək belə bir strategiyanın banisidir. O strategiyanı Ulu öndər dünya miqyasında geosiyasi düzəni yeniləşdirə biləcək fundamental siyasi prinsiplər üzərində qurdu. Buna görədir ki, 1993-cü ildən sonra Azərbaycan bir dövlət, ölkə və cəmiyyət olaraq bütün əngəlləri aşıb keçdi. Güclü müstəqil dövlət quruculuğunu davamlı olaraq həyata keçirdi.

Azərbaycanda güclü dövlət quruculuğunun Heydər Əliyev strategiyasının tərkib hissələri çoxdur. Ancaq bu strategiyada təməl siyasi prinsiplər vardır ki, onlar hər bir mərhələdə həlledici rol oynamışlar. Həmin prinsiplərin bir qismi üzərində qısa dayanmağa ehtiyac vardır.

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin təməli kimi

Politoloji düşüncə üçün bu məqam olduqca maraqlıdır. Çünki uzun müddət təzyiq görmüş bir ölkənin enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi müsbət nəticəverici model üzrə təmin etməsi imkanlarının nə dərəcədə olduğu qanlı-qadalı XX əsrin 90-cı illərində məlum deyildi. Başqa tərəfdən, hələ də Moskvanın regiona təsiri çox güclü idi və Azərbaycan SSRİ kimi qapalı bir siyasi rejimdən yeni çıxmışdı. Bu vəziyyət böyük müdrikliklə yanaşı yüksək siyasi iradəyə söykənən qətiyyət tələb edirdi. Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaq və iki sui-qəsdi neytrallaşdırmaqla siyasi gücünü və Azərbaycanın müstəqil olmaq qüdrətini dünyaya göstərdi. Bakının bu zərbələrindən sonra əsrlərdir buralarda at oynadan Qərb və Rusiya imperialist dairələri geri çəkildilər. Bu, siyasi və geosiyasi baxımdan maraqlı bir mənzərə idi. Bizcə, öncə onlar nə baş verdiyini tam dərk edə bilmədilər – gördüklərini keçici saydılar. Əsrlər idi ki, belə bir cavab almamışdılar və onlara elə gəlirdi ki, Azərbaycan müvəqqəti sıçrayış etmişdir, az sonra sakitləşəcək. Ancaq 2003-cü ilə qədər baş verənlər bu dəfə həmin güclü dairələrin səhv etdiyini təcrübədə sübut etdi.

Azərbaycan rəhbəri Heydər Əliyev nəinki geri çəkildi, əksinə, böyük inam və ustalıqla enerji strategiyasını reallaşdırdı. Özü də bu strategiyanı birbaşa Azərbaycanın milli maraqlarına uyğun milli təhlükəsizlik kontekstində həyata keçirdi. Siyasi baxımdan bu maraqlı prosesin başlıca əlamətləri hansılar idi?

Birincisi, Heydər Əliyev hər şeydən öncə Qərbin aparıcı enerji dairələrinin Azərbaycana olan münasibətlərini ciddi şəkildə müsbətə doğru dəyişdi. Onlara Azərbaycanın etibarlı və konstruktiv niyyətli tərəfdaş olduğunu anlatdı. Bununla Qərbin ən böyük enerji şirkətləri Azərbaycanın enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyi uyğunlaşdırmaq xəttini ümumilikdə qəbul etdilər. “Əsrin müqaviləsi”nin reallaşma gedişatı bununla bağlı kifayət qədər fakt verir. Bu, strateji bir uğur idi. Qərbin böyük potensiallı enerji şirkətləri Azərbaycanla uzun müddətli əməkdaşlığın zəruriliyini qəbul etdilər.

İkincisi, Heydər Əliyev öncələr çox kəskin siyasi və geosiyasi mövqedə olan Rusiyanın Azərbaycanın enerji strategiyasına münasibətini məhz bizim milli təhlükəsizliyə sayğı kontekstində dəyişdirə bildi. Bir çox məsələlərdə Moskva hələ də naz etsə də, bütövlükdə Heydər Əliyevin güclü Azərbaycan konseptinə əks çıxmamağa başladı.

Üçüncüsü, Heydər Əliyev Türkiyənin Azərbaycana münasibətini dəyişdi. Ankara Azərbaycanın öz dövləti maraqlarına uyğun enerji strategiyası çərçivəsində güclü və müstəqil olmasını tam olaraq qəbul etdi. Bundan başqa, Türkiyə ilk dövlət idi ki, özünün enerji və milli təhlükəsizliyi ilə Azərbaycanın təhlükəsizliyinə bir bucaq altında baxa bildi. Dərk edildi ki, Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyindən başlayır və əksinə.

Dördüncüsü, Heydər Əliyev Gürcüstanın və ona havadarlıq edən Qərbin siyasi dairələrinə başa saldı ki, Azərbaycanın enerji və milli təhlükəsizliyi ilə oynamaq olmaz. Müxtəlif şıltaqlıqlar etdilər, lakin Ulu öndər böyük siyasətçi məharəti ilə Gürcüstanı enerji strategiyasının mühüm iştirakçılarından birinə çevirə bildi. Bununla rəsmi Tbilisi də anladı ki, Gürcüstanın təhlükəsizliyi Azərbaycansız mümkün deyildir.

Bütün bunlar Azərbaycanın həm ordu quruculuğunu daimi inkişaf etdirməsi, həm də konkret enerji layihələrini inamla reallaşdırması fonunda baş verirdi. Onların sırasında Ulu öndər həmişə Bakı-Tbilisi-Ceyhan layihəsinin əhəmiyyətini ayrıca vurğulayırdı.

Bütövlükdə Heydər Əliyev 1993-2003-cü illər müddətində fəaliyyəti ilə yeni bir geosiyasi yeniliyə imza atdı. Tədqiqatlarda bu məsələ demək olar ki, araşdırılmır, lakin onun nəzəri və praktiki əhəmiyyəti güclü olmaqla yanaşı, təhlükəsizliyini təmin edə biləcək dövlət quruculuğu baxımından vacibliyi də mühüm məqamdır.

Güclü milli dövlətin təhlükəsiz geosiyasi çevrəsi

Ümumiyyətlə, XX əsrin ikinci yarısı və XXI əsrin ilk üç onilliyində güclü milli dövlət quruculuğu ilə onun ətrafında təhlükəsiz geosiyasi çevrə yaratması daha çətin bir işə çevrilmişdir. 2025-ci ildən postsovet məkanı dövlətlərinin bu kontekstdə real vəziyyətlərinə baxanda ümumi mənzərə daha aydın görünür.

Moldova, Belorus və Ukrayna etibarlı geosiyasi çevrə yarada bilməmişlər. Gürcüstan Rusiya ilə münasibətlərin gərginliyi ilə yanaşı, son zamanlar Qərblə də geosiyasi ixtilaflara daxil olması səbəbindən belə bir çevrəyə malik deyildir. Ermənistan haqqında danışmağa ehtiyac yoxdur. Mərkəzi Asiya dövlətləri üçün yaxın coğrafi ətrafda etibarlı və təhlükəsiz geosiyasi çevrə yarada bildiklərindən danışmaq çətindir. Ən azından onların coğrafi olaraq həmsərhəd olduqları Çin və Rusiya arasında geosiyasi anlamda müəyyən ziddiyyətlərlə üz-üzə qaldıqlarını deyə bilərik. Lakin burada Türk Dövlətləri Təşkilatı (TDT) faktorunu da arxa plana atmaq olmaz.

Bütün bu dövlətlərin etibarlı geosiyasi çevrə yarada bilməmələrində bir ümumi məqam vardır. O da həmin dövlətlərin praktiki layihələri lazımi səviyyədə həyata keçirə bilməmələri ilə əlaqəlidir.

Heydər Əliyev isə Azərbaycanda güclü milli dövlət quruculuğunu fundamental olaraq həm böyük güclərin maraqlarının balanslaşdırılması, həm də konkret enerji layihələri ilə çoxlu sayda dövlətin bir-birinin təhlükəsizliyinin təminində maraqlı olmasıyla bağlamışdır. Bu prosesin nə qədər çətin və xeyli sayda maneələrlə müşayiət olunduğunu hər kəs bilir. Lakin Heydər Əliyevin lider kimi dahiliyi ondan ibarət idi ki, dönmədən qətiyyətlə güclü milli dövlətçiliklə təhlükəsiz geosiyasi çevrənin formalaşdırılmasını uyğunlaşdıra bildi. Ulu öndərin “müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətindir” məşhur kəlamını həm də bu kontekstdə dərk etmək lazımdır.

Heydər Əliyev etibarlı təhlükəsiz geosiyasi çevrəni coğafi miqyas və təsir dairəsi aspektlərində mərhələli formada yaratdı. 2003-cü ildə bu prosesin təməli demək olar ki, tamamlandı. Öncə Heydər Əliyev Cənubi Qafqaz miqyasında təhlükəsiz

geosiyasi çevrənin cizgilərini müəyyən etdi. Onun reallaşması əsas olaraq Ermənistanın təcavüzünün aradan qaldırılmasından asılı qaldı. Sonrakı mərhələdə Ulu öndərin bu istiqamətdə işlərini Prezident İlham Əliyev uğurla tamamladı.

Regional miqyasla yanaşı, Heydər Əliyev regionlararası məkanda təhlükəsiz geosiyasi çevrənin yaradılmasının bazasını formalaşdırdı. Bu miqyasda fəaliyyətin ana xəttini “bir millət, iki dövlət” kəlamı təşkil etdi. Bu kəlamdan Türk Dövlətləri Təşkilatı (TDT) yarandı. TDT faktoru öz növbəsində yeni əməkdaşlıq və təhlükəsizlik layihələrini ortaya çıxardı. Və nəticədə Azərbaycan enerji, nəqliyyat, logistika, informasiya və digər aspektlər üzrə türk dövlətlərinin səylərini birləşdirərək daha geniş coğrafiyada geosiyasi təhlükəsizlik konfiqurasiyasını formalaşdırdı. Bununla Azərbaycan həm də yeni orta güc səviyyəsinə yüksəldi.

Bundan sonrakı mərhələ Azərbaycanın Cənubi Qafqazın lideri və TDT-nin fəal üzvü kimi daha geniş coğrafi miqyasda enerji və milli təhlükəsizliyin təminini etibarlı geosiyasi çevrənin formalaşdırılması istiqamətindəki fəaliyyətlə bağlamasıyla seçilir. Bu artıq yeni tarixi mərhələdə Azərbaycanın həyata keçirdiyi kursla əlaqəli məsələdir. Lakin onun bazasında Heydər Əliyevin yanaşması dayanır.

Beləliklə, 1969-cu ildən başlayan yolu siyasi və geosiyasi aspektlərdə dövlət quruculuğu fonunda vahid məntiqi təkamül xəttində təsəvvür edə bilərik. Həmin dövrdən başlayaraq, Heydər Əliyev iki dəfə Azərbaycanı ölkə, dövlət və cəmiyyət kimi xilas etmişdir. Onun ilk müsbət nəticəsi sovet dönəmində Azərbaycanın respublika statusunda mövcudluğunu saxlamaqdan ibarətdir.

İkinci mərhələdə Heydər Əliyev Azərbaycanı çox çətin geosiyasi turbulentliyin ağuşundan alıb, inkişaf edən müstəqil güclü dövlətə çevirmişdir. Bu zaman, Ulu öndər çoxlu sayda düşmən maneələrini və onun cəmiyyətdə yaratdığı psixoloji kompleksləri aradan qaldırmışdır.

Nəhayət, Heydər Əliyev müstəqil güclü dövlətin ən çətin regional şərtlər daxilində belə təhlükəsizliyini təmin edə biləcək pilləli geosiyasi çevrə mühiti yaratmışdır. Bütün bunlar bugünün geosiyasi və siyasi reallıqlarından çox aydın görünür!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
5
xalqqazeti.az

1Mənbələr