AZ

UEFA-nın çətiri altında Bakıda beynəlxalq qalmaqal: özü ispan, bürcü qoç, klubu xorvat, arvadı rus... - VİDEO

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Masazır klubu “Sabah”la Xorvatiyanın “Çelye” klubunu arasında keçirilən oyundan sonrakı mətbuat konfransıda qalmaqal yaşanıb.

Mia.az xəbər verir ki, “Çelye”nin əslən İspaniyadan olan baş məşqçisi Albert Rieranın oyunun hakimləri və komandaların forması ilə bağlı dedikləri irəlidə UEFA səviyyəsində söhbətə müdaxilə ilə nəticələnə bilər. 

Emosional ispan baş məşqçinin mətbuat konfransında dediyinə görə, oyundan əvvəl komandaların forması müzakirə olunarkən, o, eyni rəngdən (qara – Z.M.) şikayət edib: “İlk 10 dəqiqədən sonra mənim oyunçularım meydanda çaşqınlıq yaşayırdılar. Rəqiblə formamız eyni rəngdə idi, sadəcə, onlarda qırmızı xətt, bizdə isə sarı xətt vardı. Qazaxıstanlı hakimə dedim ki, bizdə narıncı rəngdə forma da var, dəyişib onu geyinə bilərik. Amma həmin qazaxıstanlı hakim bizə icazə vermədi”. 

A.Riera daha sonra lap irəli gedərək, region ayrı-seçkiliyi və diskriminativ yanaşmanı özündə əks etdirən sözlər deyib: “Qazaxıstanla Azərbaycan arasında yaxınlıq var, ikisi də Asiyadandı. Hakim bizə forma dəyişməyə icazə vermədi. Əslində mən Sloveniyada işləyirəm, istəməzdim ki, hansısa bir asiyalı hakim bizim oyunda hakimlik etsin. İstərdim ki, hakim daha uzaq bir ölkədən olsun. Ola bilər ki, burada hansısa bir yaxınlıq münasibəti rol oynadı”.

Baş məşqçi daha sonra əlavə edir ki, o, hakimlərin Avstriyadan, yəni Avropa ölkəsindən olmasını arzulayıb.
Rieranın sözləri çox ağır ittihamdı və yüzdəyüz qalmaqaldı.

Rieranın sözləri təkcə ittiham yox, həm də region ayrı-seçkiliyi sayılır. Bu isə bütün dünyada həssas mövzudu. İnsan hüquqlarının pozulması kontekstindən yanaşsaq, burada millətçilik söhbətinin də ucu görünür. Mövzu artıq region mediasında fəal müzakirədədi. Hazırda Qazaxıstan mediası Rieranın “Avropa, Asiya” ayrı-seçkiliyi salmasını media üzərində dartışmaya çıxarıb. Çünki  VAR hakimini çıxmaq şərtilə digər 4 hakim Qazaxıstandan idi. Həmin ölkənin idman ekspertləri UEFA səviyyəsində məsələyə münasibət bildirməyin vacibliyini vurğulayır. 

Hələ 2016-cı ildə Tvitter səhifəsində elə rusca “Mən Rusiya çempionatında öz futbolumu göstərmək istəyirəm”, - yazan rusdilli ispaniyalı niyə Qazaxastanlı hakimləri bəyənməyib də “Asiya” deyərək dodağını büzür, açığı, mənə çox qəribə gəlir. Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn Riera 2010-cu ildə də mediada özünü elə belə məsuliyyətsiz apararaq “Liverpul”a “batan gəmi” demişdi. Sonra azarkeşlərlə oyunsonrası əlbəyaxa olmuşdu. Yəni, ispan ki, ispan. Rusiyaya, Avropaya doğru dartınsa da, içindəki “öküz”dən yaxasını heç çür qurtara bilmir.

Albertin xasiyyətini heç rus arvadı Yuliya Koroleva da dəyişə bilməyib deyəsən. Çünki rus gözəlinin arxasıyca düşüb Sibirə qədər gedən ispan futbolçunu “Spartak” o vaxt skandal xasiyyətinə görə istəmədi, “Qalatasaray” güc-bəla ilə canıını qurtardı, sonra da hər 6 aydan bir 5 klub dəyişdi. 

Mia.az-ın əməkdaşının sualına cavab verən Valdas hakimlərin təyinatı ilə bağlı məsələnin UEFA-nın səlahiyyətinə aid olduğunu və bu təyinatın ədalətinə şübhə etmədiyini vurğuladı. 

Bu o deməkdi ki, hakimlərin Qazaxıstandan seçilməsindən narazı qalan Rieranın fikirləri təkcə diskriminativ yanaşma yox, həmçinin UEFA qərarlarının ədalətinə şübhə etmək və mübahisəyə çıxartmaqdı.
 
Mən neçə gündü, düşünürəm, əcəba, əgər xorvatlar uduzsaydı, Riera nələr deyəcək, yaxud edəcəkdi? Onu da düşünürəm ki, belə aqressiv və diskriminativ ortama düşən “Sabah”ın ayın 17-də aqibəti necə olacaq? 
Orada bizimkiləri də təpiyinin altına salmasın bu özü ispan, bürcü qoç, klubu xorvat, arvadı rus, könlü Avstriyada qalan Riera?

Zülfiyyə Mustafayeva

MİA.AZ


 

Seçilən
29
mia.az

1Mənbələr