Trampın həyatına sui-qəsd cəhdində Məxfi Xidmət rəhbərliyi ciddi məsuliyyət daşımayıb.
Turkustan.az xəbər verir ki, CNN-in mənbələrə istinadla verdiyi xəbərə görə, 2024-cü ilin iyul ayında ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi zamanı onun təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmətin rəhbərliyi və agentləri həmin gün yol verdikləri ciddi səhvlərə görə əhəmiyyətli şəkildə məsuliyyətə cəlb olunmayıblar.
Məlumata görə, Pensilvaniya ştatının Butler şəhərində baş verən hadisəyə cavabın zəifliyi Məxfi Xidmət daxilində məyusluqla qarşılanıb. Həmin dövrdə xidmətin rəhbəri olmuş Kimberli Çitl qısa müddət sonra istefa versə də, hüquq-mühafizə orqanlarındakı mənbələr hesab edir ki, Trampın təhlükəsizliyinə birbaşa nəzarət edən şəxslər dərhal vəzifələrindən uzaqlaşdırılmalı idilər.
Buna baxmayaraq, sui-qəsd cəhdindən sonrakı bir il ərzində cəmi altı Məxfi Xidmət əməkdaşı məsuliyyətə cəlb olunub. Onlar yalnız müvəqqəti olaraq maaşsız işdən kənarlaşdırılıblar. CNN-in məlumatına görə, həmin əməkdaşların əksəriyyəti Pittsburq ofisində çalışırdı. Xidmət daxilində bu qərar Pittsburq ofisini günah keçisi etmək və rəhbərliyin səhvlərinə görə məsuliyyəti aşağı strukturların üzərinə yönəltmək kimi qiymətləndirilir.
Məxfi Xidmət rəisinin müavini Mett Kuinn daha əvvəl bildirib ki, Butler mitinqində Trampı qorumaqla vəzifələndirilmiş altı agentin fəaliyyəti 10 ilə 42 gün arasında dəyişən müddətlərə dayandırılıb. Onlar işə qayıtdıqdan sonra əvvəlki kimi yüksək riskli vəzifələrə deyil, daha məhdud və az məsuliyyətli tapşırıqlara cəlb olunublar.
Aytən Yaşar/ Turkustan.az