Qazaxıstanın Uralsk şəhər prokurorluğu şəhər administrasiyasının (akimatının), dövlət gəlirləri departamentinin və polisin məsul şəxslərinin bukmeker kontorları vasitəsilə qumar oyunlarında iştirak etmələri faktlarını aşkarlayıb.
Bu barədə Avtosfer.az Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Yoxlamanın nəticələrinə əsasən prokurorluq nəzarəti aktları tətbiq edilib, həmin aktlara baxılaraq 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Onlardan 16-sı tutduğu vəzifədən azad edilib.
Belə ki, “OLIMPBET” MMT-nin (Məhdud Məsuliyyətli Tərəfdaşlıq) məlumatına görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72,5 min ABŞ dolları) vəsait köçürüb. O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1,74 milyon təngə (təxminən 3,7 min ABŞ dolları) yatırıb ki, bunun da 971 min təngəsini (təxminən 2 min ABŞ dolları) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.
Qeyd olunur ki, Uralsk prokurorluğu antikorrupsiya qanunvericiliyinə əməl olunmasına sistemli nəzarəti, o cümlədən antikorrupsiya məhdudiyyətlərinin həyata keçirilməsinə nəzarəti davam etdirəcək.