AZ

"Ailəyə yersiz müdaxilə edənlər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Son illər Azərbaycanda boşanma hallarının artması cəmiyyətin diqqət mərkəzində olan əsas sosial problemlərdən birinə çevrilib. Əvvəllər ailə quran cütlüklər münasibətlərinə zaman ayıraraq bir neçə il sonra ayrılma qərarı verirdilərsə, bu gün bəzi gənc ailələr cəmi bir neçə ay ərzində məhkəməyə boşanma üçün müraciət edirlər. Sosial şəbəkələrdə bu tendensiyaya münasibətlər birmənalı deyil. Bəziləri ailədaxili məsuliyyət bölgüsünün pozulduğunu iddia edir, digərləri isə gender balansının dəyişdiyini önə çəkir. Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə 21 min 688 boşanma qeydə alınıb. Belə ki, pozulan 5 min 814 nikah 5 ilə qədər davam edib. Həmçinin sözügedən dövrdə 5-9-il müddətinə davam edən nikahlardan 5 805-i pozulub. Bundan əlavə, 7 min 735 nikah 10-19 il sürüb. 20 ildən çox davam edən 2 min 334 nikah isə 2023-cü ildə sona çatıb.

Mövzu ilə bağlı Demokrat.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ailə daxilində yaranan münaqişələr xüsusilə gəlin-qayınana, baldız-gəlin, qayınata-kürəkən münasibətləri uzun illərdir Azərbaycan cəmiyyətində aktual problem olaraq qalır:



“Sosial şəbəkələrdə və məhkəmə statistikalarında da bu hallar öz əksini tapır. Bu tip ailədaxili müdaxilələrin qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklər edilməlidir. Düşünürəm ki, nə qədər ki, Azərbaycan cəmiyyəti var, bu cür müdaxilələr də olacaq. Amma onların qarşısını almağın yolu qanunvericilikdən keçir. Ailəyə yersiz müdaxilə edən şəxslər məsələn, qayınana, baldız və ya digər qohumlar inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Hüquqşünas əlavə edib ki, bu cəza digərlərinə də dərs olacaq:

“Ailə Məcəlləsinə dəyişiklik edilərək ailə müstəqilliyinə müdaxilə edənlərin hüquqi məsuliyyəti müəyyən olunmalı, bu hallar sübuta yetirildikdə məhkəmə tərəfindən cərimə və ya digər tədbirlər tətbiq edilməlidir. Belə müdaxilələrin hüquqi çərçivəyə salınması çətin ola bilər. Amma psixoloji və sosial dəstək mexanizmlərinin gücləndirilməsi, ailə institutunun maarifləndirilməsi bu problemlərin aradan qaldırılmasına kömək edə bilər. Son illərdə ailədaxili münaqişələr və boşanmaların əsas səbəblərindən biri kimi məhz qohumların ailəyə müdaxiləsi göstərilir”.

Psixoloq Esmira Əliyeva bildirib ki, boşanma hallarının artması təkcə ailə daxilində deyil, bütövlükdə cəmiyyətdə dərin psixoloji izlər buraxır:



“Bu tendensiyanın başlıca səbəblərindən biri emosional yetkinlik səviyyəsinin aşağı olmasıdır. Gənclər çox zaman ailə qurmağa psixoloji cəhətdən hazır olmadan addım atırlar. Bu da ilkin illərdə qarşılıqlı anlaşma çətinliyi və tezliklə məyusluqla nəticələnir. Ailə daxilində rol bölgüsünün aydın olmaması, həmçinin qadın və kişinin gözləntilərinin uyğun gəlməməsi də tez-tez konfliktlərə yol açır. Müasir dövrdə qadınlar daha müstəqil, təhsilli və özünə güvənən olduqca, ənənəvi gender modelləri ilə yeni sosial reallıqlar toqquşur”.

Psixoloq əlavə edib ki, bu dəyişikliklər bəzən kişilərdə özünü qiymətləndirmə böhranı yaradır və münasibətdə güc mübarizəsinə çevrilir:

“Bundan başqa, sosial şəbəkələrdə formalaşan mükəmməl münasibət obrazı real həyatda münasibətlərə qarşı dözümsüzlük yaradır. İnsanlar qarşılaşdıqları normal çətinlikləri nəsə düzgün deyil kimi qiymətləndirərək tezliklə ayrılmağı çıxış yolu hesab edirlər. Təəssüf ki, cütlüklərin çoxu münaqişə vəziyyətində psixoloqa müraciət etmədən boşanmanı üstün tutur. Halbuki bəzən sadə ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə münasibətlər xilas edilə bilər. Gənclərə emosional hazırlıq və ailə psixologiyası mövzusunda maarifləndirmə lazımdır. Məktəblərdə və ali təhsil müəssisələrində ailə həyatına hazırlıq modulları tətbiq edilməlidir. Cütlüklər arasında effektiv ünsiyyət və empatiya bacarıqları artırılmalıdır”.

Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqamətində hazırlanıb.
Seçilən
1
1
demokrat.az

2Mənbələr