AZ

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir

Qusar, 12 iyul, Elxan Yusifli, AZƏRTAC

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ötən ilin sentyabr ayında yaradılıb. İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm hadisədir. Ötən il bizim ittifaqda dörd ölkə təmsil olunurdu. Bu il isə üzv ölkələrin sayı beşə yüksəlib və yeni dağ kurortları ittifaqa üzv seçilib. İttifaqımızın inkişafı ilə bağlı bir sıra layihələr nəzərdə tutulub. Bu platforma ümumi problemləri birlikdə həll etməyə, yeni ideyaları birlikdə reallaşdırmağa kömək edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov “Şahdağ” Turizm Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində çıxışı zamanı söyləyib.

Baş katib İttifaqa üzv ölkələrin turizm kurortlarının birgə layihələr, qarşılıqlı tanıtım kampaniyaları və vahid turizm brendi vasitəsilə gələcəkdə qlobal turizm bazarında daha da güclənəcəyini və tanınacağını vurğulayıb. Mirvohid Azimov Türk Dövlətləri Təşkilatının bu təşəbbüsləri gələcəkdə də dəstəkləyəcəyini, platformanın daha da genişlənəcəyinə və potensialının artacağına əminliyini bildirib.

Seçilən
35
1
azertag.az

2Mənbələr