Rizvan Hüseynov: “Azərbaycan bu məsələni nəzarətdə saxlamalıdır ki, o abidələr UNESCO-nun ilkin siyahısına qəbul olunsa da, orda bunun erməni mədəniyyətinə, irsinə aid olmadığı göstərilsin”
UNECO ənənəvi olaraq bu dəfə də heç bir araşdırma aparmadan, tarix səhifələrinə əhəmiyyət vermədən, gerçəklikləri qeyri-obyektiv yanaşmasına qurban verib ermənilərə aid olmayan tarixi irs nümunələrini “Ermənistan irsi” kimi ilkin siyahıya daxil edib. Belə ki, UNESCO-nun 47-ci sessiyasında da erməni saxtakarlığına şərait yaradılıb. “İrəvanın Urartu irsi”, Gərni Arxeoloji Kompleksi və “Daş simfoniyası” UNESCO-nun İlkin Siyahısına daxil edilib. Ermənistanın UNESCO-ya daxil etdiyi bu irs nümunələrinin ermənilərlə heç bir əlaqəsi olmadığı məlumdur.Urartu irsi də, Gərni Arxeoloji Kompleksi də, digərləri də ermənilərə aid deyil, amma UNESCO bu dəfə də erməni saxtakarlığına, erməni oğurluğuna qucaq açıb.
Yeri gəlmişkən, Gərni Arexoloji Kompleksi, Gərni məbədi Azərbaycan xalqının tarixi irsidir.
Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində yerləşən Gərni bütpərəst məbədi I-II əsrlərə aiddir. Tədqiqatçılara görə, 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında onun "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılıb, 1969-1974-cü illərdə bərpa edilib. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət göstərib. Məlumatlara görə, hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında IX-X əsrlərdə qazınmış ərəbcə yazılar da tapılıb. Məlum olduğu kimi, bütpərəst məbədi də qədim türklərə məxsusdur.
Urartu irsinin də ermənilərlə heç bir bağı olmadığını bütün dünya bilir.
“Elə edilməlidir ki, ermənilərin o irsə sahib çıxması mümkün olmasın”
Məsələ ilə bağlı Qafqaz Tarixi Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rizvan Hüseynov baki-xeber.com-a bildirdi ki, bu abidələrin UNESCO-nun ilkin siyahısına düşməsi, hələ ki, UNESCO-nun əsas irs siyahısına qəbul edilməsi demək deyil: “İlkin siyahıda həm Ermənistan, həm də başqa ölkələr onillərdir hansısa abidələrlə bağlı öz təkliflərini veriblər və qəbul olunmayıb ki, burda prosedur və yetkin qərar
olmalıdır. Yetkin qərar UNESCO-nun və üzv ölkələrin arasındakı komissiya tərəfindən verilməsə, təqdim edilən abidələr qəbul olunmayacaq. Ümid edək ki, Azərbaycan tərəfi, UNESCO-nun burdakı komissiyasının nümayəndəliyi, Mədəniyyət Nazirliyi, aidyyəti qurumlar bu məsələni bilir. Bunu bilirlərsə, yəqin ki, hansısa tədbirlər görüləcək.
Ermənistanın təqdim etdiyi bu abidələr UNESCO-nun İlkin Siyahısına qəbul olunsa da, onun “erməni abidəsi” kimi göstərilməməsinə nail olmaq lazımdır. Yəni Ermənistan ərazisində fərqli-fərqli abidələr var, olsun, amma o siyahıda mümkün deyil ki, o “erməni Urartu abidələri”, “Ermənistanın və ermənilərin Urartu dönəmi” kimi göstərilsin. Elə edilməlidir ki, ermənilərin o irsə sahib çıxması mümkün olmasın.Azərbaycan bu məsələni nəzarətdə saxlamalıdır ki, o abidələr UNESCO-nun ilkin siyahısına qəbul olunsa da, orda bunun erməni mədəniyyətinə, irsinə aid olmadığı göstərilsin. Əsas istiqamətlərdən biri bu olmalıdır.
Fikir versəniz görərsiz ki, Ermənistanın UNESCO-nun Mədəni İrs Siyahısında olan abidələri ancaq kilsələrdir - Eçmiədzin-Üç kilsə, Sənayin kilsəsi və sair. Ermənistanın kilsələrdən başqa dünyaya təqdim etmək üçün heç nəyi yoxdur.Bu da onu göstərir ki, onlar bu ərazilərdə dini icma şəklində azlıq təşkil ediblər, böyük mədəniyyətləri olmayıb, deyək ki, şəhərlər, karvansaralar, hansısa möhtəşəm tikililər, qalalar yoxdur. Ora bizim qədim ərazilərdir və biz onlara öz etiqadını yaşatmaq üçün icazə verdik, kilsələr tikdilər. Hətta dərinə getsək, kilsələrin əksəriyyətinin memarı da biz olmuşuq, bunu ermənilər özləri tikməyib. Heç onların qədim erməni memarı anlayışları yoxdur ki, bu mürəkkəb memarlıq komplekslərini inşa edə bilsinlər”.
R.Hüseynov ümid edir ki, Azərbaycanın aidiyyəti dövlət qurumları bu məsələni nəzarətdə saxlayacaq.
İradə SARIYEVA