BAKI, TurkicWorld
Günəş sisteminə ulduzlararası qonaq - 3I/ATLAS kometası müşahidə edilib.
TurkicWorld xəbər verir ki, NASA tərəfindən dəstəklənən teleskoplar Günəş sisteminə daxil olan yeni ulduzlararası obyekt – 3I/ATLAS adlı kometanı müşahidə edib.
Alimlərin sözlərinə görə, bu, Yerə yaxınlaşan ulduzlararası mənşəli üçüncü göy cismidir və digər ulduz sistemlərinin sirlərini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.
Kometa Çilidə yerləşən ATLAS teleskopu vasitəsilə iyunun 14-də aşkar edilib. Təxminən 214 min km/saat sürətlə hərəkət edən obyektin trayektoriyası onun Günəş sisteminə məxsus olmadığını göstərir. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından Dr. Paul Chodas bildirib ki, 3I/ATLAS milyonlarla ildir kosmosda sərbəst şəkildə hərəkət edir və təsadüfən Günəş sisteminə daxil olub.
Hazırda kometa Yerdən 470 milyon kilometr, Günəşdən isə 416 milyon kilometr uzaqlıqdadır. Astronomlar onu onlarla teleskop vasitəsilə yaxından izləyir.
Əvvəlki ulduzlararası kometalar olan Oumuamua (2017) və 2I/Borisov (2019) kimi, 3I/ATLAS da alimlər arasında böyük marağa səbəb olub. Onun səthindən qaz və toz tökülməsi klassik kometa xüsusiyyətlərini təsdiqləyir. Diametri təxminən 20 kilometr olan bu obyekt, oktyabrın 2-də Marsın yaxınlığından, 30 milyon kilometr məsafədən keçəcək.
Elm adamları kometanı 2026-cı ilin ortalarına qədər müşahidə edə biləcəklər. Bu müddət ərzində onun Günəşə və Yerə ən yaxın nöqtələrə çatması və sonrakı trayektoriyası diqqətlə izlənəcək.
Villanova Universitetindən astronom Teddi Kareta bildirib ki, bu tip cisimlər “başqa ulduzların ətrafında yaranmış asteroidlər və kometlərdir” və belə obyektlər başqa ulduz sistemlərinin “tikinti bloklarını” təmsil edir.
Qeyd edək ki, bu növ ulduzlararası obyektlərin öyrənilməsi elm adamlarına digər planet sistemlərinin necə formalaşdığını və təkamül keçirdiyini anlamaqda kömək edir.