AZ

Türkiyə artıq oyun pozan yox, oyun quran gücdür — AÇIQLAMA

"Türkiyə artıq qlobal güc olmaq yolundadır".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, "qlobal güc" anlayışı əsasən hərbi gücə əsaslanan anlayışdır:



“Türkiyənin helikopter istehsalı, təlim təyyarələri, hücum helikopterləri, "Altay" tankı və digər zirehli texnikalar, raket sistemləri, havadan müdafiə sistemləri hamısı onun gücünü göstərən amillərdir. 2028-ci ildən kütləvi istehsala başlanacağı ehtimal edilən "KAAN" 5-ci nəsil qırıcı təyyarələri Türkiyəni ciddi bir gücə çevirir”. 

Politoloq bildirib ki, Türkiyə təkcə hərbi gücə malik deyil, həm də qlobal siyasi arenada etibarlı ölkədir:

“Qlobal güc olmaq təkcə hərbi güc olmaq anlamına gəlmir. Bununla yanaşı, dünyada hər kəsin etimad etdiyi bir güc olmalısan ki, istənilən münaqişədə sənə rahatlıqla bir vasitəçi kimi etibar edə bilsinlər. Bu sahədə Türkiyənin ciddi addımları var. Xüsusən Ukrayna-Rusiya müharibəsi başlayandan sonra vasitəçilik missiyasında çox ciddi siyasi nəticələr əldə etdi. Əgər bəzi güc mərkəzləri buna əngəl olmasaydılar, bəlkə də 2022-ci ilin sonlarında bu müharibə bitmiş olardı. Paralel olaraq Türkiyə digər münaqişələrdə də etibarlı vasitəçiyə çevrilib.

Artıq "Terrorsuz Türkiyə" planı start götürüb. Türkiyə artıq oyun pozan yox, oyun quran bir gücə çevrilir. Türkiyə artıq NATO çətiri altında gizlənən bir güc deyil. ABŞ prezidenti Donald Tramp da etiraf etdi ki, Suriyada heç kimin bacara bilmədiyini, Türkiyə bacardı. Bu da göstərir ki, Türkiyənin regionda dominant rolu artıq qəbul edilib, bu da Türkiyənin qlobal güc olmaq yolunda olduğunu sübut edir”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr