AZ

Epşteyn sənədləri Tramp administrasiyasında silkələnmə yaratdı – istefa təhdidləri və yeni parçalanmalar

ABŞ-da milyarder Ceffri Epşteyn ətrafında illərdir davam edən qalmaqal Tramp administrasiyasının daxilində ciddi silkələnmələrə səbəb olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, Epşteynin sənədlərinin məzmunu və onların açıqlanması ilə bağlı yaşanan böhran artıq administrasiyanın yüksək vəzifəli şəxsləri arasında açıq narazılıq və istefa təhdidləri yaradıb.

Dünən Federal Təhqiqat Bürosunun direktor müavini Dən Boncino işə çıxmayıb və bəyan edib ki, əgər ABŞ-ın baş prokuroru Pem Bondi vəzifəsindən uzaqlaşdırılmasa, özü istefa verəcək.

Xatırladaq ki, Ceffri Epşteyn ABŞ-da tanınmış maliyyəçi və milyonçudur. O, uzun illər ərzində yüksək ranqlı siyasətçilər, biznes elitası və hətta kral ailələrinin üzvləri ilə yaxın münasibətlər saxlayıb. Bununla yanaşı, Epşteyn minder yaşlı qızların cinsi istismarı və insan alveri ittihamları ilə həbs olunub və 2019-cu ildə Nyu-York həbsxanasında müəmmalı şəkildə ölü tapılıb. Ölüm rəsmən intihar kimi təsdiqlənsə də, ictimaiyyət və siyasi dairələrdə onun əslində susdurulduğu, yəni qəsdən öldürüldüyü barədə çoxsaylı konspirasiya nəzəriyyələri mövcuddur. Çünki Epşteyn öz dairəsində çox sayda nüfuzlu şəxs haqqında kompromat xarakterli məlumatlara malik idi.

Epşteyn sənədləri dedikdə əsasən onun şəxsi telefon yazışmaları, əlaqə siyahıları, məhkəmə istintaq materialları və kompromat xarakterli digər məlumatlar nəzərdə tutulur. Xüsusilə Trampın tərəfdarları olan MAGA düşərgəsində aylardır bu sənədlərin açıqlanacağı və böyük ifşaların baş verəcəyi ilə bağlı gözləntilər formalaşmışdı. Baş prokuror Pem Bondi də əvvəlki çıxışlarında bu sənədlərlə bağlı “səs-küylü ifşalar” vəd etmişdi. Lakin bu həftə ictimaiyyətə təqdim olunan məlumatlar gözləntiləri tamamilə alt-üst edib. Əsasən səthi və detallardan uzaq sənədlərin yayılması MAGA elektoratında ciddi məyusluq yaradıb.

Bütün bunların fonunda Tramp administrasiyasının daxilində gərginlik daha da artıb. FBI direktor müavini Boncino-nun sərt bəyanatı və faktiki ultimatum xarakterli tələbi göstərir ki, yaxın günlərdə administrasiyada daxili parçalanmalar və istefalar dalğası yarana bilər. Bu isə ABŞ siyasi gündəmində növbəti qalmaqallı mərhələnin başlanğıcını qoyur.

Musavat.com

Seçilən
30
5
musavat.com

6Mənbələr