AZ

Doğu Perinçek: PKK nın silahı yerə qoyması Türkiyə Silahlı Qüvvələrinin böyük uğurudur

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"PKK terror təşkilatının silahı yerə qoyması Türkiyə Silahlı Qüvvələrinin böyük uğurudur".

Bunu Oxu.Az-a Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek PKK-nın tərkisilah olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, PKK silahlı mübarizə sayəsində bir şey əldə edə bilməyəcəyini nəhayət anlayıb, Abdullah Öcalanın mövqeyi təşkilatın tərkisilah qərarını verməsi üçün zəmin hazırlayıb.

Perinçek hesab edir ki, PKK-nın özünü ləğv etməsi Türkiyə dövləti və milləti ilə bütövləşmə məqsədi daşıyır.

Yeni dövrün çox önəmli olduğuna diqqət çəkən partiya sədri vurğulayıb ki, başlayan bu proses regionda önəmli nəticələrə gətirib çıxaracaq.

Perinçek Türkiyə kürdlərinin vəziyyətinə də toxunub:

"Kürdlərin böyük qismi Türkiyə sərhədləri daxilində yaşayır. İraq və Suriyadakı kürdlərdən fərqli olaraq, Türkiyə kürdləri müasir, uğurlu və mütəşəkkil struktura malikdirlər. Türkiyədəki kürdlər türk inqilabından təşkilatçılıq və modernləşmə dərsləri almış modeldir. Bu model şübhəsiz ki, Suriya və İraqdakı kürdlərə də təsir göstərəcək".

İraq və Suriya kürdlərinin müstəqillik tələblərinə gəlincə, o deyib:

"İraqın şimalındakı kürdlər heç vaxt müstəqil dövlət qura bilməyəcəklər, onlar həmişə muxtar quruluşa sahib olacaqlar. Bu, Suriya üçün də keçərli ola bilər. Bərzani ailəsinin hakimiyyəti altında olan muxtar Kürdüstan bölgəsinin müstəqillik meyli yoxdur. Müstəqil kürd dövləti qurmaq xəyalları tamamilə qeyri-realdır".

O, PKK-nın daxilində fərqli meyllərin olduğunu vurğulayaraq bildirib:

"PKK-nın daxilində iki əsas qrup var: Abdullah Öcalanın tərəfdarları, yəni dövlətləşmək ilə millətlə bütövləşmə yönündə olanlar. İkinci qrup ABŞ tərəfdarlarıdır".

Perinçek PKK-nın gələcəyi məsələsinə də münasibət bildirib:

"20-30 min insan silahı yerə qoyur. Bu insanlar həyatlarını necə davam etdirəcəklər, bundan sonrakı proses necə işləyəcək? Amerika bu silahlı insanlara maaş verirdi, indi maaş ala bilməyəcəklər. Bəs dükanda satıcı, qəssab və ya müəllim olacaqlar? Yoxsa həbsə atılacaqlar?".

Onun sözlərinə görə, Türkiyə dövlətinin üzərinə böyük vəzifələr düşür:

"Vətən Partiyası olaraq dövlətlə millətin bütövləşməsinin tərəfdarıyıq. Bu yöndə bəzi hazırlıqlar gördük və ən qısa müddət ərzində ictimaiyyətlə paylaşacağıq".

Partiya sədrinin qənaətincə, amnistiya verilməlidir:

"Amnistiya həmin insanların cəmiyyətlə qaynaşması baxımından çox önəmlidir. Əlbəttə, asan proses deyil, vaxt aparacaq. Dövlətin bu insanların cəmiyyətə inteqrasiyası üçün təhsildən səhiyyəyə qədər atmalı olduğu çoxlu addımlar var".

Elçin Aslangil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
oxu.az

1Mənbələr