AZ

Azərbaycanda orqan transplantasiyasında artım - Bəs din nə deyir?

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, 2025-ci ilin ilk 6 ayında ölkədə 174 transplantasiya əməliyyatı aparılıb. Bunlardan 47-si böyrək, 30-u qaraciyər, 16-sı sümük iliyi, 81-i isə buynuz qişa transplantasiyasıdır. 21 əməliyyat uşaqlarda, 153-ü böyüklərdə həyata keçirilib. Müraciət edənlərin sayında ciddi artım müşahidə olunur. Bu kontekstdə dinimizin orqan donorluğuna və transplantasiyasına münasibəti necədir?
Moderator.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, İslam dini insan həyatını qorumağı ali məqsədlərdən biri sayır. Qurani-Kərimdə açıq şəkildə buyurulur: “...Kim bir canı dirildərsə, sanki bütün insanları diriltmiş olar...”
(əl-Maidə, 32)
İlahiyyatçı qeyd edib ki, bu ayə, bir insanın həyatını xilas etmənin nə qədər dəyərli olduğunu göstərir: “Əgər bir insan orqan bağışı vasitəsilə bir başqasının həyatını xilas edə və ya həyat keyfiyyətini yaxşılaşdıra bilirsə, bu əməl böyük savab kimi dəyərləndirilir.
Peyğəmbərimiz (s) də belə buyurmuşdur: “Allah dərd veribsə, onun dərmanını da göndərmişdir.”
(Buxari, Tibb, 1; Müslim, Salam, 69)
Bu hədislərdən çıxan nəticəyə əsasən, müalicə yolları axtarmaq, həyat xilas edən yolları tətbiq etmək şəri cəhətdən təşviq olunur. Orqan transplantasiyası da bu qəbildəndir. 
İslam alimləri bu mövzuya toxunublar: Ən-Nəvvəvi, əl-Qarafi, İbn Abidin kimi klassik fiqh alimləri, insan orqanlarının toxunulmaz olduğunu vurğulayıblar. Lakin müasir dövrdə, həyatın qorunması ilə bağlı fövqəladə ehtiyaclar ortaya çıxdıqda, bu məsələ bir çox fiqh akademiyalarında ayrıca müzakirə olunmuşdur.
Beynəlxalq Fiqh Akademiyası (İslam Konfransı Təşkilatı çərçivəsində) 1988-ci ildə Ciddədə keçirilmiş iclasda aşağıdakı nəticəyə gəlmişdir: Meyitdən və ya canlıdan alınan orqanla digər bir insanın həyatını xilas etmək mümkündürsə, tərəflərin razılığı varsa, əvəzində pul və ya mənfəət məqsədi güdülmürsə, donorun həyatı və sağlamlığı təhlükəyə atılmırsa,  belə hallarda bu əməliyyat şəriət baxımından icazəli hesab edilir. 
Əl-Əzhər Universiteti, Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti, Qətər və Türkiyə Din İşləri Ali Qurumu da orqan bağışını şəriətə uyğun, bəşəri və əxlaqi bir məsuliyyət kimi dəyərləndirmişlər.
Canlı donorun həyatı təhlükəyə girmədiyi və tam razılığı olduğu təqdirdə, məsələn, bir böyrəyin və ya sümük iliyinin verilməsi şəriət baxımından caiz sayılır. Lakin donorun sağlamlığına ciddi zərər vuracaq əməliyyatlar qadağandır”.
İlahiyyatçı onu də diqqətə çatdırıb ki, meyitdən orqan götürülməsi məsələsində də alimlər, əgər vəfat edən şəxsin özü sağlığında icazə veribsə və ya varisləri onun adından razılıq verirlərsə, bu əməliyyatı şəriət baxımından caiz sayırlar:
 “Ölünün hörmətinin pozulmaması və bədən üzvlərinin ticarət predmeti edilməməsi əsas şərtdir. Orqan ticarətinə gəldikdə İslam hüququ orqanların satılmasını, onların maddi mənfəət üçün istifadə edilməsini qəti haram sayır. Qurani-Kərim insan bədənini Allahın əmanəti hesab edir və onun alınıb-satılması insan şərəfinin alçaldılması kimi dəyərləndirilir.
Azərbaycan Respublikasında 2022-ci ildən qəbul edilmiş “Orqan və (və ya) toxumaların donorluğu və transplantasiyası haqqında” Qanun bu məsələni hüquqi çərçivəyə salmışdır. Qanuna görə: İstər sağ, istərsə də ölü donorla bağlı yazılı razılıq mütləqdir, hər cür məcbur etmə və maddi təzyiq qadağandır, əməliyyat yalnız icazəli tibbi müəssisələrdə və dövlət nəzarəti altında aparılmalıdır.
 
Bu prinsiplər də İslam hüququnun əsas dəyərlərinə uyğun gəlir”.
“Bir sözlə demək olar ki, islam dini orqan bağışını, əgər məqsəd insan həyatını xilas etməkdirsə və şəriətə uyğun şərtlərlə həyata keçirilirsə, icazəli və savab bir əməl sayır. Həmçinin, bu addım dinin "canın qorunması" prinsipinin reallaşmasına xidmət edir.
Donorluq, zorla deyil, şəxsin öz könüllü iradəsi, ailəsinin razılığı və şəri hökmlərin çərçivəsində gerçəkləşməlidir. Bu məsələ həm bəşəri, həm dini, həm də tibbi baxımdan bir vicdan və şəfqət məsələsidir”,-deyə Əkrəm Həsənov qeyd edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
4
1
moderator.az

2Mənbələr