Fatimə Hacıbəyli: “Bəzi “həkim”lərın özünü sosial mediada reklam etməsinin əsasında korporativ maraqlar dayanır”
Sosial şəbəkələr günümüzün ayrılmaz parçasına çevrilib. Gündəlik həyatımızın bir parçasıdır. Hər bir istifadəçi internetdən öz maraqlarına uyğun yararlanır. Bəzi şəxslər özlərini həkim kimi təqdim edərək, sosial şəbəkədə müxtəlif xəstəliklərin türkəçarə yolu ilə müalicəsinin mümkün olduğunu iddia edir. Elə xəstəliklər isə var ki, onun müalicəsi hansısa otla, qarışımla deyil, yalnız tibbi qaydada mümkündür. Son zamanlar bəzi həkimlər sonsuzluğun çarəsinin yalnız onlarda olduğunu iddia edir. Özünü busahənin mütəxəssisi kimi təqdim edən şəxslərin çıxışları geniş yayılmağa başlayıb. Bu cür paylaşımlar, xüsusilə də uzun müddət övlad həsrəti çəkən ailələr üçün ümidverici görünə bilər, lakin onların əsl məqsədi qazanc əldə etməkdir.
“…sosial şəbəkə vasitəsilə inandırmağa çalışır ki, guya onun müalicəsi sayəsində həmin şəxs qısa müddətdə övlad sahibi olacaq”
Sosioloq Fatimə Hacıbəyli bakı-xeber.com-a şərhində bildirdi ki, bu gün sosial şəbəkələrdən kim necə gəldi istifadə edir: "Təəssüf ki, bu sahəyə nəzarət olmadığı üçün hər kəs öz qazancı naminə insanların hissləri, arzuları ilə oynayır. Bu gün övlad həsrəti çəkən ailələr az deyil. O ailələr çarə axtarmaq, uşaq sahibi olmaq üçün hər deyilənə inanır, hər qapını ümid sanır. İnsanların çarəsizliyindən istifadə edən bəzi “həkimlər” sosial şəbəkə vasitəsilə onları inandırmağa çalışır ki, guya onun müalicəsi sayəsində həmin şəxs qısa müddətdə övlad sahibi olacaq. Yaxşı olar ki, aidiyyəti qurumlar bu kimi halları nəzarətə götürsün. Qeyd etdiyim kimi, sonsuzluq və bir sıra elə xəstəliklər var ki, onların çarəsi yalnız tibbi elmin əlindədir. Normal şəkildə övlad sahibi ola bilməyənlər süni mayalanma ilə bu istəklərini gerçəkləşdirə bilirlər. Bunu da hər həkim edə bilməz. Süni mayalanma elə bir tibbi prosedurdur ki, yalnız bu işin mütəxəssisləri həmin əməliyyatı icra edə bilər. Süni mayalanma tibbin ən son nailiyyətlərindən biridir və ondan qorxmaq lazım deyil. Əksinə, onu cəmiyyətin etik, milli və mənəvi dəyərlərinə uyğunlaşdırıb ailələrin dağılmasının ən böyük səbəblərindən biri olan uşaqsızlığı aradan qaldırmaq lazımdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün sosial şəbəkələr, bəzi TV verilişləri insanların beyninə asanlıqla təsir göstərir. Onun sözlərinə görə, bəzi “həkim”lərın özünü sosial mediada reklam etməsinin əsasında korporativ maraqlar dayanır: “Təəssüf ki, insanlar buna inanır və reklamlara uyurlar. Sosial şəbəkələrdə hər gün bir “həkim” reklamı qarşımıza çıxır. Reklam olunan da ona etimad edənlərin üzərində eksperiment apara-apara “həkim”ə çevrilir və olur “təbabətin ulduz”u. Bu gün kifayət qədər “təbabət ulduzları” yetişir”.
Günel CƏLİLOVA