"Rusiya Cənubi Qafqazda sülhə mane olmağa çalışacaq və təsir vasitələrini, xüsusən də Ermənistandakı hərbi bazasını təzyiq vasitəsi kimi istifadə etməyə davam edəcək...”
Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 iyul tarixində Əbu-Dabidə keçirilmiş 5 saatlıq görüşü qiymətləndirərkən sülh prosesinin gələcəyinə dair fikirlərini bölüşüb.
Siyasətçi görüşün müsbət tərəflərini vurğulayaraq bildirib ki, “əvvəldən gözlənildiyi kimi, vasitəçi dövlətlər – Rusiya da, ABŞ da, Avropa da və daim öz maraqlarını güdərək münaqişə həllinə müdaxilə etməyə çalışıblar. Lakin münaqişə tərəfləri birbaşa görüşdə öz maraqlarını daha sərbəst şəkildə ortaya qoyaraq qarşılıqlı güzəştlər haqqında qərar verə bilərlər”.
“Azərbaycan çox güzəştlərə gedib bu məsələdə. Amma hazırkı vəziyyətdə sülhün təmin edilməsi vacibdir. Sülh sazişi olmalıdır ki, qalan proseslər də öz axarı ilə getsin və qeyri-müəyyən durum aradan qaldırılsın”, – deyə E.Məmmədov əlavə edib. O bu sahədə ən böyük problemin qarantiya məsələsi olduğunu və hansısa bir dövlətin qarantındansa, sülh müqaviləsinin beynəlxalq zəmanət altında imzalanmasının daha doğru qeyd edib.
Partiya sədri həmçinin Rusiyanın münaqişə prosesindən kənarda qalmasını arzulasa da, bunun tezliklə mümkün olacağına şübhə edir.
"Rusiya Cənubi Qafqazda sülhə mane olmağa çalışacaq və təsir vasitələrini, xüsusən də Ermənistandakı hərbi bazasını təzyiq vasitəsi kimi istifadə etməyə davam edəcək", – deyə o bildirib.
Siyasətçi Rusiyanın Ermənistan daxilindəki rusiyapərəst qüvvələr vasitəsilə Paşinyanı hakimiyyətdən devirməyə çalışacağını da əlavə edib. Partiya sədri həmçinin qeyd edib ki, sülhün əldə olunması asan olmayacaq, çünki Ermənistanın gələcəkdəki davranışları bu prosesin əsl mənada həlli üçün həlledici olacaq.
Sultan Laçın