Bu ixtisasda qabiliyyət imtahanı ləğv olunmalıdır — AÇIQLAMA
Jurnalistika ixtisasında qabiliyyət imtahanı ya ləğv olunmalı, ya da formatı dəyişilməlidir.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, bəzi ixtisaslarda qabiliyyət imtahanı məqsədəuyğundur:
“Bizdə jurnalistika ixtisasında qabiliyyət imtahanı inşa yazmaqdan ibarətdir. Hesab edirik ki, bununla biz jurnalist olma iddiasında olan şəxslərin qabiliyyətini ölçmüş oluruq. Mən müəyyən ixtisaslarda qabiliyyət imtahanının keçirilməsinin tərəfdarıyam. Yaxud formatı dəyişmək olar, hansısa başqa format fikirləşmək olar. Amma jurnalistika ixtisasında inşa tələbi ilə qabiliyyət imtahanını mən uğurlu hesab etmirəm.
Bir şəxsin yaxşı jurnalist olub-olmayacağını inşa üzərindən qiymətləndirməyin doğru olduğunu düşünmürəm. Formatı dəyişməyin tərəfdarıyam. Hansısa müsabiqə mərhələsi ola bilər, amma bir inşa ilə insanın taleyini müəyyənləşdirmək düz deyil. Həm də jurnalistika o sahələrdəndir ki, bu sahəyə marağı olmayanın orada işi olmur. Bu ixtisasda qabiliyyət imtahanı ya ləğv olunmalı, ya da formatı dəyişməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az