AZ

Baxımsız rosasea xəstəliyi qalıcı damar problemlərinə səbəb ola bilər - gizli irəliləyir

Türkiyə Dəri Xəstəlikləri Dərnəyinin sədri, professor Dr. Ertan Yılmaz bildirib ki, rozasea (rosacea) xəstəliyinin erkən diaqnostika və müalicəsi vacibdir. Günəş və istidən qorunma da bu xəstəliyin idarəsində mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dermatologiya kafedrasının müəllimi olan Yılmaz qeyd edib ki, dünyada rozasea xəstəliyinin yayılma göstəricisi təxminən 21 faizdir. Bu vəziyyət daha çox qadınlarda və açıq dərili insanlarda müşahidə olunur.

Professor Yılmaz deyib:“Xəstələr üzlərində istilik, yanma, qızartı və bəzən sızanaqlardan şikayət edirlər. Bunu çox vaxt allergiya və ya günəşə qarşı həssaslıq kimi qiymətləndirirlər. Günəş yanığı zamanı bu əlamətləri hiss etdiklərini düşünürlər. İstifadə etdikləri təmizləyici məhsulların səbəb olduğunu zənn edirlər. Bu səbəbdən diaqnoz gec qoyulur. Əgər vaxtında tədbir görülərsə, xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür”.

Yılmaz bildirib ki, xəstəlik adətən 30 yaşdan sonra başlayır, lakin son illərdə 20 yaşlarında da rast gəlinir və 40-50 yaşlarda pik nöqtəyə çatır.

Rozasea zamanı üz damarlarının genişlənməsi nəticəsində qızartı yaranır və bu, xəstələrdə ciddi narahatlıq doğurur. Bu vəziyyət əvvəlcə müvəqqəti olur, lakin zamanla qalıcı qızartıya çevrilə bilər. Yılmaz bunu belə izah edib:"Bir balonu şişirdib havasını buraxdığınızda əvvəlki halına qayıdır. Lakin uzun müddət şişmiş vəziyyətdə qalsa, forması dəyişir. Rozaseada da damarlar bu şəkildə qalıcı şəkildə genişlənə bilər. Ən böyük narahatlıq, müvəqqəti damar genişlənməsinin qalıcı hala gəlməsidir”.

Yılmaz həmçinin qeyd edib ki, xəstələr müalicəyə başlamazdan əvvəl rozasea haqqında maarifləndirilməlidir və bu məqsədlə broşürlər hazırlanaraq ictimaiyyətə təqdim edilir.

"Sadəcə lazerlə keçəcək" düşüncəsi yanlışdır"

Professor Yılmaz rozasea xəstələrinin aşağıdakılara diqqət etməsini tövsiyə edib:

Günəş şüalarından ciddi şəkildə qorunmaq

İsti buxardan, soba və qazanın istisindən uzaq durmaq

Çay, qəhvə və çox isti yeməklərdən çəkinmək

Ədviyyatlı və isti qidalardan uzaq durmaq

Alkoqoldan istifadə etməmək

O əlavə edib ki, bəzən dərman müalicəsinə baxmayaraq damar genişlənməsi davam edərsə, lazer terapiyasına ehtiyac ola bilər. Lakin bu müalicə yalnız mövcud zədələnmiş kapilyarların aradan qaldırılması üçündür və tam həll yolu deyil. Əsas məsələ qoruyucu tədbirlərə riayət etməkdir.

Yılmaz xəbərdarlıq edib:“Lazer müalicəsi olacam və hər şey bitəcək düşüncəsi səhvdir. Prosedurdan sonra da günəşdən və istidən ciddi şəkildə qorunmaq şərtdir”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
1
e-saglam.az

1Mənbələr