Ukraynanın “Ukrainian Defense Industry” (“Ukroboronprom”) dövlət şirkəti İtaliyanın Aviasiya, Müdafiə və Təhlükəsizlik Sənayesi Assosiasiyası (AIAD) ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
“Poliqon” “Ukroboronprom”a istinadən xəbər verir ki, sənəd Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfrans (URC 2025) çərçivəsində imzalanıb.
Bu memorandum Ukrayna və İtaliya silah istehsalçılarının qarşılıqlı əməkdaşlığını, Ukraynanın müdafiə-sənaye kompleksində aviasiya sahəsinin gücləndirilməsini və gələcək inkişafını nəzərdə tutur.
“Şirkətimiz aviasiya istehsalı və təmiri sahəsində inkişaf etmiş müəssisələr klasterinə, qabaqcıl elmi-istehsalat bazasına və yüksək ixtisaslı mütəxəssislərə malikdir. Buna görə də biz həmişə xarici tərəfdaşlarla yeni əməkdaşlıqlara, fikir və təcrübə mübadiləsinə açığıq,” – deyə “Ukroboronprom”un baş direktoru Oleq Qulyak bildirib.