Xəbər verdiyimiz kimi, bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Belə ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür.
Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, şəhid olanlar arasında yüksək təhsil almış və ya ali məktəblərdə təhsilini davam etdirən hərbçilər, zabitlər də vardı. Onlardan biri də general-mayor Polad Həşimovdur.
general-mayor Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub və 1986-cı ilə qədər orada təhsil alıbdır.Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil alıbdır.Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olub. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilib və Polad Həşimov təhsilini orada davam etdirib. 1992-ci ildə oradan məzun olub.
Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq verib. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb.
polkovnik İlqar Mirzəyev 1980–1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı AliBirləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib.
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.
mayor Namiq Əhmədov 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2002-ci ildə həmin məktəbi bitirib. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirib. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirib.Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.
mayor Anar Novruzov 1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə verib, lakin sonra Bakı Neft-Energetika Kollecinə qəbul olub. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıdıb və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirib.
baş leytenant Rəşad Mahmudov orta təhsilini başa vurandan sonra 2007–2010-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub.
Rəşad Mahmudov 2014-cü ildə ali hərbi məktəbi bitirib və leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Xidmətinin ilk illərində Ağstafada, son illərində isə Tovuzda, təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
gizir İlqar Zeynalov Tovuz rayonu Cəlilli kəndində yerləşən məktəbdə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olub. Hərbi həkim işi ixtisasına yiyələndikdən sonra Beyləqanda feldşer(hərbi həkim) kimi xidmətə başlayıb. Aprel döyüşlərinin fəal iştirakçılarından olub və neçə-neçə yaralı döyüş yoldaşlarına vaxtında ilkin tibbi yardım edib.
gizir Yaşar Babayev Ağstafa rayon A. Ələkbərov adına Köçəsgər kənd 2 saylı tam orta məktəbində orta təhsil alıb.
baş çavuş Vüqar Sadıqov Ağstafa rayonu, Yuxarı Göycəli kənd ortya məktəbində orta təhsil alıb.
çavuş Elçin Mustafazadə Alı Mustafayev adına Həsənsu kənd orta məktəbində orta təhsil alıb.
çavuş Nazim İsmayılov Ağstafa rayon R. Əkbərov adına Kolxəlfəli kənd tam orta məktəbində orta təhsil alıb.
baş əsgər Elşad Məmmədov Ağdam kənd orta məktəbində orta təhsil alıb.
əsgər Xəyyam Daşdəmirov Binəqədi rayonu, 314 saylı orta məktəbində orta təhsil alıb.
Allah şəhidlərimizə rəhmət eləsin!