AZ

Səhnədə danışan qələm...- Fuad Biləsuvarlı yazır




/Zemfira Məhərrəmlinin “Ümid işığı” tamaşası haqqında düşüncələrim.\



Əsrarəngiz qələm sahibliyinin zirvəsində dayanan dəyərli yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli, neçə-neçə oxucunun yaddaşına iz salan imzadır. Onun publisistik yazıları, hekayələri, romanları bir neçə kitabın səhifələrində zamanla yarışır. Zemfira xanım yalnız yazmır – o, yaşamı yazır. Gecəni gündüzə qataraq, qələmini susdurmadan fikirlərini kağıza köçürür. Yaşı 70-ə çatsa da, ruhunun gəncliyi, yaradıcılıq eşqi heç azalmır; əksinə, daha saf, daha dərin sözlərə çevrilir.

Bu söz axarının nəticəsi olan əsərlərdən biri də 9-10 iyul tarixlərində Dövlət Şuşa Musiqili Dram Teatrında təqdim olunan “Ümid işığı” tamaşasıdır. Zemfira xanımın eyniadlı pyesi əsasında hazırlanan bu birhissəli səhnə işi, lirik-psixoloji dram janrında tamaşaçının qəlbinə işıq saçdı. Müəllifin 70 illik yubileyinə həsr olunan tamaşa iki gün ərzində anşlaqla keçirildi, səhnə və ruh birləşərək sənət bayramına çevrildi.


Ümid işığı” yalnız bir pyes deyil, həm də bir ruhun, bir baxışın, bir dualı arzunun səhnədə canlanmasıdır. Bu yeni səhnə əsərinin əsas yaradıcı heyəti də elə bu missiyanın incəliyinə uyğun formalaşıb. Quruluşçu rejissor – Əməkdar artist Nazir Rüstəmov, quruluşçu rəssam – Valeh Məmmədov, musiqi tərtibatçısı – Azər Məmmədov tamaşaya peşəkar yanaşmaları və yaradıcı şərhləri ilə dərin qatlar bəxş ediblər.

Səhnəni canlandıran aktyor heyəti isə, sözün əsl mənasında bir sənət karvanıdır: Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov və Nazir Rüstəmov, aktyorlar Zəhra Salayeva, Sürahi Əliməmmədova, Cavidan Kəsəmənli, Emin Sevdiməliyev, Püstəxanım Zeynalova, Bahar Həmzəyeva, Mətanət Eres, Təranə Əliyeva, Dürdanə Dünyamalıyeva, Orxan Alışov, Əhliman Ərşadlı, Cavid Cavadzadə, Sahib İbrahimov və digərləri birgə olaraq səhnəni ruhlandırdılar. Onların hər biri tamaşa boyunca bir duyğunu, bir sabaha ümid işığını tamaşaçılara ötürdü.

Bu pyes Zemfira xanımın dramaturgiya sahəsində ilk addımı olsa da, bu addım kifayət qədər inamlı, dolğun və təsirli oldu. Müəllif narahat dünyamızın səssiz qışqırıqlarını eşidərək, səhnəyə daşıdığı hər hadisədə dəyər və duyğu axtarışına çıxdı. “Ümid işığı” – saf məhəbbətlə bir-birini sevən iki gəncin həyat mücadiləsi və dramıdır. Burada insan-cəmiyyət münasibətləri, ailə dəyərləri, valideyn-övlad bağı və sosial məsuliyyət kimi motivlər ön plana çıxır. Rejissorun maraqlı səhnə yozumu ilə bu mövzular bəzən gərgin, bəzən kövrək, bəzən isə ümidli epizodlarla təqdim olunaraq tamaşaçını düşündürür, duyğulandırır və silkələyir.

Tamaşanın açılışında ilk söz səhnəyə gətirilmiş obrazların arxasındakı fikri tamaşaçılarla paylaşan quruluşçu rejissor Nazir Rüstəmə verildi. O, Zemfira xanımın yaradıcılığından bəhs edərək onun yazıçı-publisist, şair və indi də dramaturq kimliyini vurğuladı: “Zemfira xanım sizi qələmin gücünə inanan bir yaradıcı kimi tanıyırdıq. Amma bu gündən sizi həm də dramaturq adlandıracağıq. ‘Ümid nəğməsi’ ilə siz bu adı halalca qazandınız. Bu tamaşa sizin zəhmətinizin və istedadınızın açıq göstəricisidir.”

Sözün növbəti sahibi isə AYB-nin sədr müavini Rəşad Məcid oldu. Rəşad müəllim Zemfira xanımı təbrik edərək ona öz ürək dolu sözlərini ünvanladı. Səhnədə deyilən sözlər, səslənən hisslər sadəcə rəsmi çıxışlar deyildi – onlar bir həyat yolunun, bir ömürlük mübarizənin və sənətə həsr edilmiş bir qəlbin layiqli cavabı idi.

Dolu zal, heyran baxışlar, səhnəyə çevrilmiş sözün və fikrin hərəkəti – “Ümid işığı”nın ictimai baxışı bir sənət bayramına çevrildi. Tamaşa zalında əyləşənlər arasında elə simalar vardı ki, onların varlığı bu əsərin dəyərini bir neçə incə məqamda Zemfira xanımın yanında həyat və qəlb dostu Qulu Məhərrəmli, ailə dostları – tanınmış yazıçı Elçin Şıxlı, onun həyat yoldaşı Sevinc Şıxlınskaya, rəssam Fərrux Şıxlı, alim Azər Turan, millət vəkili Elnarə Akimova, Azdramanın bədii rəhbəri – rejissor, yazıçı, telejurnalist, Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, xalqımızın sevimli sənətkarı, Xalq artisti Hacı İsmayılov, Əməkdar artist Aybəniz Haşımova, Əməkdar artist Azad Şükürov, Azdramanın direktoru İlham Əsgərov, yazıçı və ədəbiyyat fədailəri Cavid Zeynallı, Qulu Ağsəs, Bahəddin Həzi, Seyran Səxavət, İlqar Fəhmi, Əsəd Cahangir, Səlim Babullaoğlu və bir-birindən dəyərli qələm sahibləri – Xanım Aydın, Taleh Mansur, İbrahim İlyaslı, Vaqif Bəhmənli, Gülşən Behbud və nəhayət, bəndəniz mən Fuad Biləsuvarlı əyləşmişdi. Zalın susqunluğu səhnəyə ayrılan hörmətin səsi idi.

Bir sözlə, tamaşanın ictimai baxışı yalnız uğurlu deyildi – ruhlandırıcı idi. Tamaşa boyunca yaşanan hər hiss, səslənən hər monoloq zalda oturanların daxili dünyasına toxundu, onları səhnə ilə birləşdirdi.

Sonda Zemfira xanım – bu dəyərli əsərin ssenari müəllifi, səhnəyə dəvət olundu. O, səhnəyə qalxaraq gözə görünməyən, lakin hər an bu tamaşanın yükünü çəkmiş yaradıcı heyətə, aktyor truppasına, musiqi ansamblına və teatr rəhbərliyinə ürək dolu təşəkkürünü bildirdi:
“Əziyyət çəkib məni tək qoymadığınız üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu iş birliyidir, bu sevgi işidir,” – dedi.

Zemfira xanım gül-çiçək yağışına tutulmuşdu. Səhnənin üzərindəki çiçəklər, insanın zəhmətinə verilən ən təbii və gözəl təqdir idi. Fotoşəkillər çəkildi, anlar yaddaşa köçdü, tarixə yazıldı.

Əziz Zemfira xanım – sənət yolunuzda hər zaman işıqlar yansın, uğurlarınız bol olsun!


P.S. "Ümid işığı” tamaşası mənim üçün təkcə bir səhnə əsəri deyil – ruhuma toxunan, düşüncəmi oyadan, qəlbimi silkələyən bir hadisə idi. Tamaşa boyunca elə səhnələr oldu ki, onların sükutu danışdı, baxışları düşündürdü. Aktyorların ustalıqla canlandırdığı dramatik anlar, musiqinin incə fonu və rejissorun duyğu dolu kompozisiyası elə bir ahəng yaratdı ki, tamaşaçı olaraq səhnənin bir parçasına çevrildim.

Bu tamaşa bizə xatırlatdı: ailə bağları, sevgiyə olan inam, həyatın çətinlikləri qarşısında ümidə tutunmaq – hamısı bizim öz hekayəmizin bir hissəsidir. Zemfira xanım bu əsərlə yalnız bir həyat dramını təsvir etmədi, həm də insan ruhunun gücünü göstərdi. Öz həyatının, düşüncələrinin, müşahidələrinin süzgəcindən keçirib səhnəyə elə bir işıq gətirdi ki, o işıq tamaşaçının içini işıqlandırdı.

Xüsusilə yadımdan çıxmayan o səmimi səhnə: Zemfira xanım səhnəyə qalxanda və hamıya təşəkkür edəndə — “Əziyyət çəkib məni tək qoymadığınız üçün çox sağ olun” — bu sözlər sadə idi, amma içində o qədər sevgi, hörmət və minnətdarlıq vardı ki, zaldakı hər insan bunu özünə ünvanlanmış hiss etdi.

Bu tamaşa, mənə görə, yalnız Zemfira xanımın bir uğuru deyil, həm də yeni bir başlanğıcdır. Onun qələmi bundan sonra da səhnəyə yeni ruhlar gətirəcək, yeni pyeslər yazılacaq, yeni tamaşalar doğulacaq. “Ümid işığı” gənc yazarlara, yaradıcı insanlara ilham verəcək – “Mən də yazmalıyam, mən də danışmalıyam” deyəcək.

Zemfira xanım, sizin bu yolunuzda hər zaman səhnəyə günəş kimi doğmağınızı arzulayıram. Qələminizin işığı heç sönməsin!















Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı




Seçilən
2
aia.az

1Mənbələr