AZ

Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub

Xalçaçılıq və rəssamlığın incə ahəngini yaşadan əsərlər

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 11-də Bakının mədəniyyət məkanlarından olan "Safarli Gallery"də unikal sənət layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə məhdud sayda istehsal olunmuş və Azərbaycan xalçaçılıq məktəblərinin motivlərini əks etdirən əl işi ipək kəlağayılar nümayiş etdirilib.

Layihə Azərbaycan Tekstil Assosiasiyası, "Azəripək" ASC və Azərbaycanın görkəmli rəssamı İslam Səfərlinin əməkdaşlığı ilə ərsəyə gəlib.

Təqdimat mərasimində Azərbaycanın tanınmış mədəniyyət xadimləri, iş adamları və sənətsevərlər iştirakı ediblər.

Bu nadir kolleksiya Azərbaycanın qədim və zəngin xalçaçılıq məktəblərindən ilhamlanaraq hazırlanıb. Kəlağayılar Bakı, Qarabağ, Naxçıvan, Quba, Gəncə, Şirvan, Təbriz və Qazax xalçaçılıq məktəblərinin simvollarını və estetik naxış dünyasını özündə əks etdirir.

Ənənəvi ipəkçiliyin mərkəzi sayılan Şəki şəhərində, 1931-ci ildən fəaliyyət göstərən "Azəripək" fabriki və Azərbaycan batik sənətinin banilərindən olan İslam Səfərli tərəfindən yaradılmış bu kəlağayılar sadəcə geyim aksesuarı deyil – milli sənət irsini yaşadan nümunələrdir.

“Yeddi Gözəl” adlanan kolleksiya, Azərbaycan poeziyasının zirvəsi olan Nizami Gəncəvinin şah əsəri ilə vəhdət təşkil edərək, həm mədəni, həm də estetik baxımdan xüsusi dəyərə malikdir.

Təqdimatda çıxış edən Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova layihənin ölkə üçün simvolik əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu kolleksiya Azərbaycanın zəngin irsinin, incə zövqünün və sənətkarlıq ənənələrinin vəhdətidir. Bizim məqsədimiz bu mirası gələcək nəsillərə daşımaq, həm yerli, həm də beynəlxalq auditoriyaya Azərbaycan sənətinin dəyərini nümayiş etdirməkdir. Hər kəlağayı – həm tarixi, həm də mədəni dəyər daşıyan bir sənət əsəridir”.

"Azəripək" ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov isə layihənin ipəkçilik sənayesinin müasir formada təqdimatında xüsusi rol oynadığını bildirib:

“Şəkidə bir əsrə yaxın tarixə sahib olan ipək istehsalımız bu gün də milli ruhu daşıyan yeni layihələrlə davam edir. ‘Yeddi Gözəl’ kolleksiyası həm ənənəvi sənətimizi yaşadır, həm də Azərbaycan ipəyinin incəliyini dünya auditoriyasına çatdırmaq üçün mühüm platformadır”.

"Azəripək" ASC-nin İdarə Heyəti sədrinin müşaviri Ramil Əlizadə bildirib ki, bu kolleksiyada təqdim olunan kəlağayılar qeyri-adi naxışlarla bəzədilib. 2014-cü ildə Azərbaycan kəlağayısının "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim üçün olduqca qürurverici oldu. Biz bu mili baş örtüyünün dünyada təbliği və gələcək nəsillərə çatdırılması üçün səylə çalışmalıyıq.

Əməkdar jurnalist, professor Etibar Babayev sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün kəlağayıların timsalında həm də qədim xalçaçılıq məktəblərimiz təbliğ olunur və tanınır. Kolleksiya çox unikal formada hazırlanıb. Bu, Azərbaycanın təbliği baxımından çox önəmlidir.

Qeyd edilib ki, layihə Azərbaycan Tekstil Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilir və təqdim olunan kolleksiya məhdud sayda buraxılıb – hər xalçaçılıq məktəbi üzrə yalnız 10 ədəd əl işi ipək kəlağayı istehsal olunub.

Satış yalnız “Safarli Gallery”də həyata keçirilir. Əlaqə üçün telefon: +994 50 255 05 06

Əldə etdiyiniz bu sənət əsəri ilə siz təkcə bir kəlağayıya deyil, həm də Azərbaycan mədəniyyətinə dəyərli bir qatqıya sahib olursunuz.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr