AZ

Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...


Azərbaycan təhsil sistemində son illər həyata keçirilən əsas islahatlardan biri olan müəllimlərin sertifikasiya prosesi pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi, keyfiyyətli kadr seçiminin təşkili və müəllim peşəsinin prestijinin artırılması məqsədi daşıyır.

Artıq neçə ildir ki, məktəblərdə çalışan müəllimlər üçün sertifikasiya imtahanı keçirilir. Bu imtahandan bir çox müəllim yüksək nəticələr əldə etsə də, bəzi müəllimlər istənilən balı toplaya bilməyib və onların əmək müqaviləsinə xitam verilib.

Elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib ki, uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir edib: “İbtidai sinif müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü tədris ilində 19 saat, 2024–2025-ci tədris ilində 20.6 saat təşkil edib. Azərbaycan dili və ədəbiyyat müəllimləri üzrə orta dərs yükü 2022–2023-cü tədris ilində 20.4 saat, 2024–2025-ci tədris ilində 21.5 saat olub. Sertifikatlaşdırma nəticəsində vakant qalan dərs saatlarının daha səmərəli bölüşdürülməsi mümkün olub”.

Nazir onu da qeyd etdi ki, sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin işdən çıxarılmasından sonra təhsil müəssisələrində pedaqoq çatışmazlığı müşahidə olunur. Bu çatışmazlıq rəsmilər və məktəb rəhbərliyi tərəfindən də etiraf edilib. Maraqlıdır, məlum problem necə həll olunmalıdır?

Elçin Əfəndi: “Hazırda yüksək nəticə göstərən, o cümlədən, öz ixtisası ilə bağlı bilik və bacarıqları yüksək olan pedaqoqlar prosesə cəlb olunduqca müəllim çatışmazlığı problemi həll olunacaq”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sertifikasiya prosesinin keçirilməsi zamanı əsas məqsəd keyfiyyətli pedaqoji heyətin formalaşmasıdır: “Məlumdur ki, saxta diplom, tanışlıq və ya müvafiq çatışmazlıq ucbatından hansısa təhsil müəssisələrində qeyri-ixtisas sahibləri məktəblərə daxil olmuşdu. Nəticə etibarı ilə savad, təhsil məktəblərdən uzaqlaşmışdı. Sertifikasiya prosesi keçirildikcə həmin müəllimlər təhsildən uzaqlaşdırılır. Hazırda yüksək nəticə göstərən, o cümlədən, öz ixtisası ilə bağlı bilik və bacarıqları yüksək olan pedaqoqlar prosesə cəlb olunduqca müəllim çatışmazlığı problemi həll olunacaq. Sertifikasiya prosesində müsabiqə şərtlərini ödəməyən şəxslərin əmək fəaliyyətinə xitam verilir. Onların yerinin doldurulması üçün müəllimlərin işə qəbulu ilə bağlı vakansiyalar yayımlanmalıdır. Müsabiqə nəticəsində keçid balını toplamayan müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək və onların yerinə MİQ-dən yüksək bal toplayan işsiz gənc müəllimlər gələcək”.

Nizami Hüseynov: “Pedaqoji prosesi, öz ixtisasını daha mükəmməl bilən şəxslər müəllim kimi qalmalı və onların əmək haqqında artım həyata keçirilməlidir”

Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, minlərlə müəllim sertifikasiyadan kəsilib: “Amma onlara nazirlik tərəfindən şans yaradıldı və 1 ildən sonra həmin şəxslər yenidən imtahan verdilər. Təbii ki, böyük hissəsi işlə təmin olundu, nəticəni yaxşılaşdıraraq məktəbdə qalmağı bacardılar. 5000-ə yaxın şəxs ikinci dəfə də uğursuz nəticə göstərərək təkrar sertifikasiyada kəsilməli oldu. Sertifikasiyanın əsas məqsədi ondan ibarətdir ki, burada layiq olan ələkdən keçirilmiş müəllimlər, tədris prosesini, pedaqoji prosesi, öz ixtisasını daha mükəmməl bilən şəxslər müəllim kimi qalmalı və onların əmək haqqında artım həyata keçirilməlidir. Bununla da ən bacarıqlı müəllimlər üçün stimullaşdırıcı addımlar atılmalıdır. Biz bundan tamamilə razıyıq. Həqiqətən də layiq olan, savadına, peşə bacarığına, yaradıcı yanaşmasına görə digərlərindən fərqlənən şəxslərin əlavə maaş alması və məktəbdə saxlanılması daha yaxşıdır”.

Günel CƏLİLOVA

Seçilən
11
baki-xeber.com

1Mənbələr