AZ

Günəşdən necə yararlanmalı

Bu həyat mənbəyini həm sevməli, həm də ondan qorunmalıyıq

Yay aylarında günəşin işıltısı sanki təbiəti oyadır, həyat ritmini sürətləndirir, insanları açıq havaya, dəniz kənarına, təbiət qoynuna çəkir. Gündüzlər uzanır, səhərlər daha erkən oyanırıq, havaların isinməsi ilə bərabər içimizdə də bir canlanma hiss edirik. 

Bütün bu pozitiv dəyişikliklərin mərkəzində isə görünməz bir qüvvə dayanır - ultrabənövşəyi (UV) şüalar. Günəşin bizə verdiyi enerjinin bir hissəsi olan bu şüalar bəzən dost, bəzən isə təhlükəli düşmən ola bilir. Bu səbəbdən yay aylarında UV şüalarının təsirlərini dərindən bilmək həm sağlamlığımız, həm də rifahımız üçün mühüm əhəmiyyət daşıyır.

Bir çoxları ultrabənövşəyi şüaları yalnız zərərli tərəfdən tanıyır - günəş yanıqları, dəri xərçəngi riski, erkən qocalma, piqment ləkələri və s. Bu doğrudur, lakin UV şüaları təkcə zərərli deyil, onların faydalı tərəfləri də az deyil. Məsələn, günəş işığının dəriyə düşməsi nəticəsində orqanizmdə D vitamini sintez olunur ki, bu da sümük quruluşu, diş sağlamlığı və immun sisteminin güclənməsi üçün vacibdir. Həmçinin D vitamini orqanizmdə kalsium və fosforun sovrulmasını tənzimləyərək hamilə qadınların və inkişafda olan uşaqların sağlamlığı üçün xüsusi rol oynayır.

Bundan əlavə, günəş işığı insan psixikasına da müsbət təsir göstərir. Yay aylarında insanlar özlərini daha enerjili, motivasiyalı və ruhən yüngül hiss edirlər. Bu təsir əsasən günəşin serotoninin - yəni "xoşbəxtlik hormonu"nun səviyyəsini artırması ilə əlaqədardır. Depressiya, yuxusuzluq, əsəbilik kimi halların yay aylarında nisbətən azalması da məhz günəş işığının beyinə təsiri ilə bağlıdır. Təsadüfi deyil ki, bəzi Avropa ölkələrində mövsüm depressiyasının qarşısını almaq üçün xüsusi günəş terapiyası otaqları mövcuddur.

Lakin faydalı təsirlər, sadəcə, düzgün zaman və miqdarda günəşə çıxmaqla mümkündür. Təəssüf ki, yay aylarında ultrabənövşəyi şüaların zərərli təsirləri daha çox müşahidə olunur. Xüsusilə günorta saatlarında saat 11:00-dan 16:00-a qədər  günəşin şüaları daha sərt və şiddətli olur. Bu zaman açıq havada qorunmasız qalmaq dəridə yanıqlara, piqment ləkələrinə, hətta gələcəkdə dəri xərçəngi riskinə səbəb ola bilər. Dərinin vaxtından əvvəl qırışması və elastikliyini itirməsi də ultrabənövşəyi şüaların birbaşa təsiridir.

Buna görə də mütəxəssislər günəş altında uzun müddət qalmaqdan çəkinməyi, açıq rəngli, uzunqollu köynəklər geyinməyi, geniş kənarlı papaqlardan istifadə etməyi və ən əsası - SPF 30 və ya daha yüksək qoruyucu günəş kremlərindən müntəzəm istifadə etməyi tövsiyə edirlər. Unutmaq olmaz ki, bu tədbirlər yalnız dəniz və çimərlikdə deyil, gündəlik şəhər həyatı üçün də keçərlidir. Çünki  ultrabənövşəyi şüalar buludlu havalarda da dərini zədələyə bilir.

Xüsusilə uşaqlar, hamilə qadınlar və açıq dəri tipinə malik insanlar üçün bu qoruyucu tədbirlər həyati əhəmiyyət daşıyır. Çünki onların dərisi daha həssasdır və ultrabənövşəyi şüaların təsirini daha tez və ağır formada hiss edir. Uşaqların dərisi hələ tam formalaşmadığından yanıq riski daha yüksəkdir. Hamilə qadınlarda isə hormonal dəyişikliklər dəridə piqmentasiya (qaralma, çillənmə) prosesini sürətləndirə bilər. Bu səbəbdən günəşdən qorunmaq vacibdir.

Bəzən insanlar tünd rəngdə qaralmağı sağlamlıq göstəricisi hesab edirlər. Lakin bu yanaşma tamamilə yanlışdır. Əslində, dəri qaralması bədənin özünü ultrabənövşəyi şüalardan qoruma reaksiyasıdır. Dəri rəngi dəyişdikcə, bu, artıq dəridə hüceyrə səviyyəsində dəyişikliklərin başladığını göstərə bilər. Bu səbəbdən "günəşdə yanmaq" və ya "qaralmaq" məqsədilə saatlarla günəş altında qalmaq uzunmüddətli sağlamlıq riski yarada bilər.

Bütün bu məlumatlar bir daha sübut edir ki, ultrabənövşəyi şüalarla bağlı əsas məsələ miqdar və məntiqdir. Günəşi düzgün vaxtda, lazımi qədər və qorunaraq qəbul etdikdə onun həm fiziki, həm də psixoloji baxımdan bizə verdiyi töhfələr danılmazdır. Əks halda, bu parlaq dost səssiz bir düşmənə çevrilə bilər.

Yay fəslini sağlam və təhlükəsiz yaşamaq üçün həm günəşi sevməli, həm də ondan ağılla faydalanmağı bacarmalıyıq. Günəşin işığında həyat var, amma bu həyatın keyfiyyəti bizim ondan doğru istifadə etmək bilgimizdən asılıdır.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr