AZ

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

ABŞ NATO-ya silah satacaq, sonra alyans onu Ukraynaya tədarük edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.

Telekanal prezidentlə söhbətin tam yazısını dərc etməsə də, onun bir neçə sitatını açıqlayıb. Onlardan birində deyilir: "Biz NATO-ya silah göndəririk və NATO bu silahların pulunu 100 faiz ödəyir. Beləliklə, bizim göndərdiyimiz silahlar NATO-ya gedir, sonra NATO həmin silahları Ukraynaya verir və NATO  həmin silahların pulunu ödəyir".

Bu barədə razılıq Şimali Atlantika Alyansının iyunda keçirilən sammitində əldə olunub. ABŞ lideri həmçinin bildirib: "Biz "Patriot" sistemlərini NATO-ya göndərməyi planlaşdırırıq, sonra isə NATO onları paylayacaq". "Rusiyadan məyus oldum, amma yaxın bir neçə həftədə nə olacağını görəcəyik" deyən ABŞ Prezidenti, bazar ertəsi - iyulun 14-də "Rusiya ilə bağlı əsas bəyanat" verəcəyini vəd edib.

NATO və ya alyansın nümayəndələri Donald Trampın yeni sazişlə bağlı sözlərinə hələlik münasibət bildirməyiblər. Alyansın baş katibi Mark Rütte iyulun 10-da "X" sosial şəbəkəsində Trampla danışdığını bildirib və "liderləri daha da irəli getməyə çağırıb ki, Ukrayna daha çox sursat və hava hücumundan müdafiə sistemi əldə etsin". Almaniya Kansleri Fridrix Merz bildirib ki, Berlin ABŞ-dən "Patriot" sistemləri almağa və onları Ukraynaya verməyə hazırdır. Merz onu da qeyd edib ki, bu barədə Trampla artıq danışıb.

NATO-da ABŞ-dən alınan silahların pulunu kim ödəyəcək? 

Bu gün Vaşinqton Kiyevi birbaşa, yəni öz hesabına silahla təmin edir. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ABŞ Konqresi Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün təxminən 175 milyard dollar ayırıb. Bunu "Röyter" agentliyi hesablayıb.

Trampın dediklərindən silahın pulunun NATO-nun ümumi büdcəsindən, yoxsa alyansın digər ölkələrinin milli büdcələrindən ödəniləcəyi aydın deyil. NATO saytının məlumatına görə, alyansın illik büdcəsi 4,6 milyard avrodur. Bu, müttəfiqlərin Ukraynaya göstərdiyi yardımdan bir neçə dəfə azdır. Məsələn, Haaqada keçirilən NATO-nun sonuncu sammitində Rütte bildirib ki, 2025-ci ilin əvvəlindən Avropa ölkələri və Kanada Ukraynaya 35 milyard avro hərbi yardım ayırmağı planlaşdırır. 2024-cü ildə NATO-nun Vaşinqtonda keçirilən sammitində müttəfiqlər Kiyevə hər il 40 milyard avro vəd etmişdilər.

NATO-nun ümumi büdcəsindəki vəsaitin 16 faizə yaxını ABŞ-nin vəsaitidir. Almaniyanın payı təxminən o qədərdir. Bu rəqəm Böyük Britaniya və Fransanın hər birində 10,19, İtaliyada 8,53, Kanadada 6,68 faizdir. Digər 26 ölkənin hər birində isə məbləğ 5 faizdən azdır.

Almaniya və Norveç Ukrayna üçün Amerikadan alınan üç "Patriot" hava hücumundan müdafiə sisteminin pulunu ödəməyə hazırdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın paytaxtı Romada KİV nümayəndələri ilə söhbəti zamanı deyib: "Biz tərəfdaşlarımızla Avropa və ABŞ-də ilk növbədə müvafiq silahların lazımi paketlərinin alınması imkanlarını müzakirə etdik. Bu paketlə bağlı təfərrüatları dostlarımıza verdik, dəstək ümid edirik". Onun sözlərinə görə, söhbət hava hücumundan müdafiə sistemləri, o cümlədən "Patriot" və onlar üçün raketlərdən, həmçinin Ukrayna ordusunu və müdafiə üçün çox zəruri sistemləri gücləndirən artilleriya və digər növ silahlardan gedir.

"Prezident Trampla "Patriot" sistemləri ilə bağlı müsbət dialoqumuz var. Mənim xahişim 10 "Patriot" sistemi və bu sistemlər üçün raketlərin müvafiq həcmi ilə bağlıdır. Almaniya ödəməyə hazırdır, iki sistem üçün razılaşmalar var. Norveç bir sistem üçün pul ödəməyə hazırdır", - deyə V.Zelenski bildirib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr