Türkiyədə korrupsiyaya qarşı kampaniya fonunda bir-birinin ardınca müxalifət partiyasının şəhər merləri həbs olunur. Yazda İstanbulun meri Əkrəm İmamoğlu həbs olunmuşdu. Tam 100 gün sonra isə Adana, Adıyaman və Antalyanın merləri Zeydan Karalar, Abdurrahman Tutdere və Mühəddin Böcək saxlanılıb. Bundan əlavə, İzmirin keçmiş meri Tunç Soyer də həbs edilənlər arasındadır.
Redaksiya xəbər verir ki, iyulun 4-də yeni həbslər dalğası başlayıb. İlk olaraq Tunç Soyer saxlanılıb, daha sonra onun 130 tərəfdarına qarşı əməliyyat keçirilib. Ardınca Adana, Adıyaman və Antalya merləri də həbs olunub. Onlara rüşvət alma, mütəşəkkil cinayət şəbəkəsinə üzvlük və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. Baş şahid kimi isə Azis İhsan Aktaş adlı iş adamı çıxış edir. İstintaqın məlumatına görə, o, cinayət şəbəkəsinə rəhbərlik edib, lakin sonradan peşman olub və ədalətin bərpasına yardım edir.
İttiham olunanların hamısı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləridir. Partiya lideri Özgür Özəl də məhkəmə qarşısına çıxacaq. 2023-cü ildə keçirilən qurultayda sədr seçilməsi zamanı səslərin saxtalaşdırılması ilə bağlı 30 iyunda dinləmə keçiriləcəkdi, lakin iclas sentyabra təxirə salınıb. Əgər Özəl uduzarsa, sədr postuna Kamal Kılıçdaroğlu qayıda bilər.
CHP nümayəndələri hesab edirlər ki, baş verənlərin səbəbi yaxınlaşan seçkilərdir. Rəsmi təqvimə görə seçkilər 2028-ci ildə olacaq, amma müxalifət düşünür ki, Ərdoğan qanundakı boşluqdan istifadə edərək növbədənkənar seçki keçirmək və yenidən namizəd olmaq niyyətindədir. Əsas rəqib İmamoğlu isə artıq prezident seçkilərində iştirak edə bilməz, çünki hökumət onun ali təhsil diplomunu ləğv edib.
CHP sədr müavini Burhanettin Bulut bildirib ki, məhkəmə sistemindən siyasi intiqam aləti kimi istifadə edənlər ədaləti deyil, öz hakimiyyətlərini qorumağı düşünürlər: “Biz xalqın iradəsinə zərbə vuran bu çirkin oyunlara boyun əyməyəcəyik”.
Bulutun sözlərinə görə, Ərdoğan müxalifətdən qorxur: “Əgər iqtidar həqiqətən birinci partiyadırsa, niyə bu qədər qəddarlıq edir? Bu, qorxunun əlamətidir. Biz isə qorxmuruq, çünki haqlıyıq. Biz həmişə kasıbların yanında olmuşuq. Mübarizəmiz davam edəcək – Əkrəm İmamoğlu prezident olana, merlərimiz vəzifələrinə qayıdana qədər”.
Ərdoğan isə cavabında Türkiyədə məhkəmə hakimiyyətinin müstəqil olduğunu xatırladıb və bildirib ki, müxalifət cinayətkarları müdafiə etməyə çalışır.
Fransa Xarici İşlər Nazirliyi həbsləri pisləyib. Ankara isə Parisin bəyanatını ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Rəsmi açıqlamada bildirilib ki, Türkiyə bütün vətəndaşlarına qanunun aliliyi prinsipinə uyğun olaraq ədalətli və qərəzsiz məhkəmə hüququnu təmin edir.
Korrupsiyaya qarşı kampaniya 2024-cü ilin oktyabrında başlayıb. Həmin vaxt İstanbulun ən böyük rayonlarından biri olan Esenyurtun CHP-li rəhbəri Əhməd Özer həbs edilmişdi. Amma ona korrupsiya yox, terror ittihamı irəli sürülmüşdü. Özəl dərhal Ərdoğanı diktator adlandırdığı üçün bir milyon lirə (təxminən iki milyon rubl) cərimələnmişdi.
Noyabrda Mardin, Batman və Halfeti şəhərlərinin merləri vəzifədən uzaqlaşdırılıb. Bu şəhərlərdə əsasən kürd əhalisi yaşayır. Onlar Kürd Xalqlarının Bərabərlik və Demokratiya Partiyasının üzvləri idi və PKK ilə əlaqədə ittiham olunublar. Martda isə İmamoğluna da eyni ittiham irəli sürülüb – əlavə olaraq korrupsiya ittihamı da daxil edilib.
Adana, Adıyaman və Antalyanın merləri də PKK ilə əlaqələndirilə bilərdi, lakin may ayında PKK özünü buraxdığını elan edib. Ərdoğanın komandası bir neçə il bu məsələdə Abdullah Öcalanla danışıqlar aparmışdı.
Sevinc Kərimova