Bu gün "Azərbaycanda Yoxsulluğun Azaldılmasına Dəstək" İctimai Birliyi (AYAK İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Mingəçevirdə, MRM-nın konfrans zalında "Vüqar İsmayılovun həyat yolu" adlı videoçarxın təqdimatını reallaşdırıb. "Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşan layihə Mingəçevir şəhidi, 44 günlük Zəfər savaşı zamanı qəhrəmancasına döyüşən və həyatını itirən Vüqar İsmayılova həsr edilib.
Tədbiri giriş sözü ilə açan videoçarxın ideya müəllifi, AYAK İB-nin təsisçisi və İH üzvü Zahir Rəhimov göstərdiyi dəstəkdən dolayı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib və bu mövzuda bir neçə layihə reallaşdırdıqlarını qeyd edib.
Sonra layihənin media tərəfdaşı, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərdiyini dedi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev isə çıxış edərək şəhər rəhbərliyinin salamlarını çatdırdı və Şəhid ailələrinin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğuladı.
Sonra Şəhid Vüqar İsmayılova həsr edilmiş videoçarxın təqdimatı keçirildi.
Tanınmış telejurnalist, aparıcı İnqilab Şirinli çıxışında bu və bu kimi videoçarxların orta məktəblərdə təqdim olunmasının vacibliyini vurğuladı.
Təqdimatdan sonra Şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov çıxış edərək göstərilən diqqətdən dolayı əziyyəti keçən hər kəsə təşəkkür etdi.
Sonda iştirakçılara videoçarxın diskləri paylanıldı.







