“Zirə”nin yeni transferi Sportinfo.az-a müsahibə verib.
Ötən mövsümü “Şamaxı”da keçirən Brahim Konate yeni komandasında gördükləri və avrokubok mübarizəsi ilə bağlı sualları cavablandırıb.
- “Zirə”nin formasında ilk oyuna çıxdın. Təəssüratların necədir?
- İlk növbədə burada olduğuma görə özümü xoşbəxt hiss etdiyimi deməliyəm. Bu, mənim üçün yeni çağırış, yeni mesajdır. Komandada yeni olsam da, hər ötən gün uyğunlaşma ilə bağlı irəliləyiş əldə edirəm. Artıq komanda yoldaşlarımı tanımaq prosesini geridə qoymuşam. Yaxşı oynamaq üçün bu, vacib amildir. Zamanla daha yaxşı olacağına şübhə etmirəm.
- Ötən mövsüm “Şamaxı”nın formasını geyindiyini nəzərə alsaq, başqa bir Azərbaycan klubunda nə kimi yeniliklərlə qarşılaşırsan?
- Fərqlər çoxdur. Baş məşqçilərin futbol fəlsəfəsi. Birinin süni, digərinin təbii örtükdə məşq etməsi, oynaması. Öyrənməli və öyrəşməli olduğum məqamlar çoxdur.Bu yöndə əlimdən gələni etməyə çalışıram.
- Səni “Zirə”yə nə səslədi?
- Baş məşqçi (gülür).
- Sualı başa düşmədin. Niyə məhz “Zirə”? Bildiyimə görə, başqa təkliflər də var idi.
- Komandanın gücü, avrokuboklarda mübarizə aparması, iddialı olması. Ümumi götürsək, qarşıya qoyulan hədəf və layihə.
- Konfrans Liqasındakı rəqibiniz kifayət qədər güclüdür – “Hayduk”. Azarkeşlər Xorvatiya nəhəngi ilə oyunlarda sizdən nə gözləyə bilər?
- Baxımlı futbol oynamaqla əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Gücümüzü meydanda ortaya qoymalıyıq. Yekunda hansı hesabın qeydə alınacağını görəcəyik.
- Təmsilçimizin mərhələ adlamaq şanslarını necə dəyərləndirirsən?
- Futbolda mümkünsüz heç nə yoxdur. Biz ilk növbədə öz gücümüzə inanmalıyıq. Çünki çox yaxşı komandaya sahibik. İnşallah, yaxşı nəticə qazanıb, bizə inananları sevindirərik.
HƏBİB